Azadlığa buraxılan siyasi məhbus işdən qovulub
Abid Qafarovun işi
Ötən həftə həbsdən çıxan azərbaycanlı siyasi məhbus Abid Qafarov neft şirkətindəki işindən qovulub. Qafarov bunu yaşamaq, yemək və sağlamlıq hüququnun pozulması hesab edir. Onun fikrincə, işdən qovulmasının arxasında Azərbaycan hakimiyyəti dayanır. İş tapmaq və ailəsini dolandırmaq üçün Qafarov ölkədən getməyi düşünür.
- “Batumelebi” nəşri: Gürcüstanda əlil uşaqlar cinsi zorakılığa məruz qalıb
- Dolanışığı istixanalardan çıxan kəndlilərin ağır güzəranı
- “Sistem istəyir ki, zorakılıq adiləşsin”. Azərbaycanda uşaqlara qarşı zorakılığa necə reaksiya verirlər
İctimai fəal Abid Qafarov həbsdən çıxandan dərhal sonra xəbər tutub ki, o, BP neft şirkətindəki işindən qovulub. Keçmiş siyasi məhbus “Turan”ın müxbiri ilə söhbətində bildirib ki, 2022-ci il dekabrın 6-da barəsində Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinin “C” hissəsinə əsasən çıxarılmış hökmlə əlaqədar onunla müqaviləyə xitam verilib. Həbsdən çıxandan sonra şirkət onun işə bərpa olunmasını rədd edib.
Fəalın fikrincə, bu, onun həyat, qida və sağlamlıq hüquqlarının pozulmasıdır: “Hökumətin adambaşına müəyyən etdiyi minimum istehlak səbəti 200 manatdır [təxminən 120 dollar]. Ailəmizdə altı nəfər var, ona görə də yaşamaq üçün 1200 manat [təxminən 720 dollar] lazımdır. Ancaq indi işimi itirdiyim üçün dolanışıqsız qalmışıq”.
Qafarov əmindir ki, onun işdən çıxarılmasının və işinə bərpa olunmamasının arxasında Azərbaycan hakimiyyəti dayanır. Keçmiş siyasi məhbus iş tapmaq və ailəsini dolandırmaq üçün ölkəni tərk etməyi düşünür:
“İndi ailəmlə məsləhətləşirəm. Yəqin ki, vəziyyətdən çıxış yolunu Azərbaycanı tərk etməkdə görəcəyik”.
Qeyd olunur ki, Abid Qafarov neft sektorunda istehsalat və texnoloji proseslərin avtomatlaşdırılması üzrə mütəxəssisdir və 30 ilə yaxındır Azərbaycanın neft-qaz və energetika sahələrində çalışıb.
Qafarov nəyə görə həbs edilib?
Abid Qafarov 2022-ci il iyulun 13-də həbs edilib. Onu bir qrup Qarabağ müharibəsi veteranı məhkəməyə verib. Onlar Qafarov tərəfindən təhqir və böhtana məruz qaldıqlarını iddia ediblər.
Məhkəmənin hökmü ilə Qafarov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, hər maddəyə görə altı ay həbs cəzası alıb.
Hüquq müdafiəçilərinin fikrincə, Abid Qafarovun təqib olunmasının əsl səbəbi onun 2017-ci ildə qalmaqallı “Tərtər işi”ndə Ermənistanın xeyrinə casusluqda ittiham olunan onlarla hərbçiyə qarşı törədilən işgəncə və zorakılıqları ifşa edən video reportajları olub. O, araşdırmasını KİM.TV YouTube kanalında yayıb.
2023-cü il iyunun 1-də Qafarov vaxtından əvvəl cəzası yüngülləşdirilməklə azadlığa buraxılıb.
Şikayətçilərin öz şikayətlərindən imtinasına rəğmən
Qafarov işində şikayət ərizəsi verənlər bir neçə ikinci Qarabağ müharibəsi veteranı olub. Onların sözlərinə görə, 2022-ci il mayın 27-də keçirilən məhkəmə iclasında çıxış edən Abid Qafarov müharibə veteranlarını “itaətkar” adlandırıb ki, bu da onları təhqir edib.
Amma sonradan həmin veteranlar məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq əldə olunub və onların Qafarovdan şikayətləri yoxdur.
Rəsmi olaraq iddiaçı kimi tanınan müharibə veteranları iddianın geri götürülməsi barədə müvafiq ərizə yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov baxılması üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.