Azad ticarət qarşısındakı maneələri necə aradan qaldırmalı – AAİİ ölkələrinin baş nazirləri Yerevanda müzakirə edib
2019-cu ildə Avrasiya İqtisadi İttifaqında sədrlik Ermənistana keçib. AAİİ Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün təşkilatın bütün üzv ölkələrinin hökumət başçıları Yerevana gəlib. İttifaqa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.
Avrasiya İqtisadi İttifaqı Rusiyanın himayəsi altında fəaliyyət göstərən iqtisadi inteqrasiya üzrə beynəlxalq təşkilatdır. Təşkilat öz üzvlərini işçi qüvvəsinin, malın, xidmətin və kapitalın hərəkət azadlığını təmin edir.
Ötən gün baş nazir Nikol Paşinyan qeyri-formal şəraitdə rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb.
Rəsmi hissə
AAİİ Hökumətlərarası Şurasının iclasının gündəmi yetəri qədər zəngin olub və ilk iki saat ərzində qapalı rejimdə keçib. Mediada yayılan məlumata görə, iclasda 13 məsələ müzakirə olunub. Bu məsələlər ittifaqın daxili bazarı, inteqrasiya proseslərinin inkişafı, sənaye kooperasiyası, ticarəti, gömrük əməkdaşlığı və iqtisadiyyatı qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı olub.
İclas iştirakçıları AAİİ-nin rəqəmsal gündəminə xüsusi diqqət yetiriblər. İnternet-ticarətin inkişafı və “vahid pəncərə” modelinin xarici iqtisadi fəaliyyət nizamlaması sistemində perspektivləri müzakirə olunub.
Paşinyan nə haqda danışıb?
Açıq rejimdə keçən geniş iclas zamanı Ermənistanın baş naziri bir neçə bəyanat səsləndirib. Bu bəyanatlar ölkədə praktiki olaraq bütün sahələrdə – korrupsiyaya qarşı mübarizə, müstəqil məhkəmə sisteminin möhkəmlənməsi və hazırkı hökumətin məqsədlərində baş verən dəyişimlərlə əlaqədar olub. Paşinyanın sözlərinə görə, əsas məqsəd rəqabətə davamlı və texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatın yaradılmasıdır:
“Biz süni monopoliyaların və oliqopoliyaların fəaliyyətini minimuma endirməyə nail olmuşuq. Bu gün Ermənistanda heç kim öz siyasi nüfuzu və təsir rıçaqı ilə iqtisadi məqsədlərə çatmaq üçün manipulyasiya edə bilmir. Bu, öz növbəsində ölkədə iqtisadi və siyasi mühiti, hətta deməkdən çəkinməyəcəm, ümumilikdə cəmiyyətdə mənəvi iqlimi sağlamlaşdırıb”.
Nikol Paşinyan Ermənistanı siyasi stabillik və asan proqnozlaşdırılması ilə xarakterizə olunan, dinamik inkişaf edən ölkə kimi səciyyələndirib.
“Bizim hökumətimiz bu gün yüksək səviyyədə legitimliyə və ictimai etimadın misilsiz səviyyəsinə sahibdir, bu, üzərimizə böyük öhdəlik qoyur, amma eyni zamanda da xalqımız və ölkəmiz naminə cəsarətli addımlara və fədakar fəaliyyətə sövq edir”.
Medvedyev nə haqda danışıb?
Rusiya hökumətinin başçısı Dmitri Medvedyev AAİİ ölkələri üçün azad ticarət qarşısındakı maneələrin aradan qaldırılmasının vacibliyi haqda danışıb.
Bu məsələdə əsas suallardan biri gömrük rüsumları ilə əlaqədardır. Amma Dmitri Medvedyevin sözlərinə görə, daxil olan gömrük rüsumları ilə bağlı konkret qərar qəbul elmək mümkün olmayıb. O, həmçinin bəyan edib ki, Rusiya AAİİ daxilində sanksiyalardan qaçmağa çalışacaq. Bu, əsasən süd məhsullarına aiddir:
“Biz hələlik Rusiya bazarlarında öz məhsullarını sata bilməyən bütün müəssissələr üzrə südlə bağlı olan bütün suallarımıza müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı razılıq əldə etdik”.
Ötən günkü qalstuksuz görüş
Ermənistanda hakimiyyət dəyişəndən sonra Rusiya hökumət başçısının ölkəyə ilk səfəridir. Aydın məsələdir ki, Medvedyev və Paşinyan arasındakı ikitərəfli formatda keçən görüşdə Ermənistan və Rusiya üçün önəmli məsələlər müzakirə olunub.
Rusiya baş naziri ölkəyə gələndən dərhal sonra Nikol Paşinyan xanımı Anna Hakopyanla birlikdə onu yaşadıqları hökumət mülkündə qəbul ediblər. Ermənistan baş naziri Medvedyevə deyib ki, Ermənistanda “ən əziz qonaqları öz evlərində qarşılamaq” adətdir:
“Düşünürəm ki, indi bizim münasibətlərimizdə çox vacib məqamdır. Əminəm ki, pessimistlərə rəğmən, bizim münasibətlərimiz yeni mərhələyə yüksələcək. Və əlbəttə ki, biz bunun üçün hər şeyi edəcəyik”.
Rusiyanın hökumət sədri onu qeyri-formal şəraitdə ünsiyyətdə olmaq üçün öz iqamətgahlarında qəbul etdiklərinə görə Ermənistanın baş nazirinə təşəkkür bildirib:
“Bu, həmişə çox dəyərlidir, bir-birimizi daha yaxşı tanımaq, qeyri-formal şəraitdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri haqda danışmaq imkanıdır… Bu görüş bizim ikitərəfli münasibətlərimizi…, vacib, o cümlədən də çox mürəkkəb məsələləri müzakirə etmək imkanıdır”.
Baş nazirlərin ikitərəfli görüşlərinin təfərrüatları haqda məlumat verilməyib.