Uçurulmuş evlər, dağıdılmış məzarlıq – 32 il sonra Qaradağlıda
Azərbaycanlıların Qarabağa qayıdışı
2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan ikinci Qarabağ müharibəsi və 2023-cü ildə Azərbaycan ordusunun başlatdığı “antiterror əməmliyyatları” nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf yeddi rayonun 30 ildən çoxdur Ermənistanın nəzarətində qalan ərəziləri Azərbaycana qaytarıldı.
Bundan sonra bu ərazilərdən olan məcburi köçkünlər Azərbaycan hökumətinin təyin etdiyi marşrutlarla yenidən öz kəndlərini, ev-eşiklərini ziyarət etməyə fürsət tapdılar.
Bəs, onların qoyub gəldikləri yerlərdə indi vəziyyət necədir? Onlar doğma yerlərə qayıtdıqları zaman el-obalarını hansı güzəranda gördülər?
Bu suallara cavab tapan ailələrdən biri də Şirinovlardır.
Beş uşaqlı (üç bacı, iki qardaş) ailə əslən Füzuli rayonunun Qaradağlı kəndindəndir. Həmin kəndin sakinləri 1991-ci ildə – Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə oradan köçməyə məcbur olurlar.
Şirinovların evi elə kənd yolunun kənarında yerləşirdi. Böyük eyvanlı həyət evinin qonaq-qarası heç vaxt əskik olmazdı. Samovar həyətin ortasında həmişə qaynar olar, təndirdən çıxan təzə çörəklər gəlib-gedən kənd adamları üçün süfrəyə qoyulardı.
“Bir də görürdün səhərdən qonaq gələn yoxdur. Onda nənəm gileylənirdi ki, buna bax e, gör neçə saatdır heç bir nəfər keçir bu yoldan?”, – ailənin böyük qızı Sülhiyyə Şirinova danışır.
O, digər bacı-qardaşlarından böyük olduğu üçün kəndlərilə bağlı xatirələri daha canlıdır. Deyir, kəndlərindəki Cəfər qayası xatirindədir. Yaşıdları ilə o sıldırım qayanın ən başına çıxar, oradan düz yamaca qədər təngnəfəs qaçarmışlar.
Amma onlar üçün uşaqlığın gətirdiyi qayğısızlığın ömrü qısa çəkir.
1991-ci il Qaradağlı kəndi üçün kabus kimi keçir. Müharibə artıq onların evlərinin yaxınlığında idi.
Şirinovlar ailəsi hər an kənddən köçməyə hazır dayanmışdı. Atışma səsləri başlayan kimi ata Tiflis Şirinov ailə üzvlərini maşınla qonşu kəndlərdən birinə aparır, onları geri qaytarmaq üçün vəziyyətin sakitləşməsini gözləyir.
Ailənin ilk itkisi
Həmin ilin aprelində kəndin yaxınlığında yenidən güllə səsləri eşidilməyə başlayır. Həmin vaxt ana Rahilə İsgəndərova xəstəxanada müalicə alırdı. Ona görə ata nənələri uşaqları geyindirib hazır gözləyir ki, oğlu Tiflis gəlib onları təhlükəsiz yerə aparsın.
Amma Tiflis gəlmir.
“Sonuncu dəfə iki güllə səsi eşitdik. Dedilər, ermənilər gəlir. Nənəm əsəbiləşirdi ki, atam harada qaldı, niyə gəlib çıxmır? Birdən kəndə hücum eləsələr, biz nə edəcəyik?
Bir neçə saat sonra atamın ölüm xəbəri gəldi. Dedilər ki, Tiflis müəllimi vurublar”, – Sülhiyyə danışır.
Kənd məktəbinin həm riyaziyyat, həm də hərbi təlim müəllimi Tiflis Şirinov kəndin girişində, kənd məzarlığının ayağında erməni silahlıları tərəfindən güllələnir. Ara sakitləşəndən, atışma səngiyəndən sonra onu elə həmin məzarlıqda dəfn edirlər…
Məcburi köçkünlük işğaldan əvvəl başlamışdı
Şirinovlar ailəsi bu itkidən qısa müddət sonra kənddən ayrılır. Evin böyük qızı Sülhiyyə Bakıya oxumağa gəlir və təhsil aldığı liseyin yataqxanasında yaşayır. Rahilə xanım isə digər dörd övladı – Ruhiyyə, Lamiyə, Uğur və Adillə birgə üçüncü mikrorayon dairəsində yerləşən binaların birində birotaqlı balaca mənzilə köçür. Sülhiyyənin ata nənə və babası isə Sabirabad rayonunda məskunlaşır. Digər yaxın qohumlar da ölkənin dörd bir yanına səpələnir.
Bir tərəfdən ailə başçısının yanlarında olmaması, bir tərəfdən məcburi köçkünlük həyatının çətinlikləri… Ailənin bütün yükü ananın çiyninə düşür.
Onların yaşadığı mənzil az qala zirzəmini xatırladır. Evin hamamı uçuq-sökük vəziyyətdə və ilbizlərlə dolu olur. Evin uşaqları ilbizlərlə onların üzərərinə duz səpməklə mübarizə aparırmışlar.
“Mən məktəbi bitirənə qədər liseyin yataqxanasında qaldım, ancaq həftəsonları anamgilin yanına gəlirdim. Anam o qədər qürurlu qadın idi ki. Bir gün məktəbə qayıtmağa yolpulum yox idi. Anam qonşuya keçib demişdi ki, bizdə 100 manat var, səhərin bu saatında xırdalada bilməyəcəm. Sizdə varsa, 20 qəpik verin, uşaq məktəbə getsin, qaytararam”, – Sülhiyyə anası haqda danışır.
Şirinovlar ailəsi Qaradağlıdan ayrılarkən özlərilə çox şey götürmək imkanları olmayıb. Yanlarında gətirdikləri əsasən şəkillər olub ki, onların da çoxu şəraitsizlikdən tərg olub, it-bata düşüb.
“Anam bəlkə də şəraitsizlikdən tez vəfat etdi”
İkinci Qarabağ müharibəsi davam edən ərəfədə Şirinovlar Azərbaycanın nəzarətinə keçdiyi açıqlanan ərazilərin arasında Qaradağlı kəndinin də adının çəkilməsini gözləyirdilər.
Sülhiyyə həmin xəbəri eşitdiyi anı belə xatırlayır:
“Metroya düşürdüm. Birdən telefonda gördüm ki, kimsə prezidentin tvitini paylaşıb ki, Füzulinin Qaradağlı kəndi işğaldan azad olunub. Məni ağlamaq tutmuşdu. Qarşıma çıxan ilk adam metroda işləyən polis əməkdaşı oldu. Ağlaya-ağlaya ona dedim ki, bizim kəndimiz azad olunub. O da dedi ki, onda niyə ağlayırsan? Gül də”.
Amma ailənin bütün üzvləri bu günü görə bilmir. Sülhiyyənin nənə və babası uzun müddət Sabirabadda yaşayandan sonra Bakıya nəvələrinin yanına köçürlər və çox keçmədən dünyalarını dəyişirlər. Rahilə xanım isə uzun müddət səhhətindəki problemlərlə mübarizə apardıqdan sonra 2018-ci ildə vəfat edir. Qadının uşaqlarına vəsiyyəti bu olur ki, onu nə vaxtsa həyat yoldaşı Tiflisin yanında dəfn etsinlər.
Sülhiyyə deyir ki, anası bəlkə də bu şəraitsizlikdən belə tez vəfat edib. “Əgər daha yaxşı evi, qayğıları az olsaydı, Qaradağlını yenidən görə biləcək qədər yaşaya bilərdi bəlkə də”.
32 ildən sonra evdə
Üç bacı – Sülhiyyə, Ruhiyyə və Lamiyə 32 ildən sonra öz doğma kəndlərini ziyarət etmək üçün yola düşür. 2023-cü ilin soyuq noyabr günü yol onları təkcə Bakıdan Füzuliyə deyil, həm də keçmiş günlərinə, xatirələrinin yarımçıq qaldığı yerlərə aparırdı.
Qızlar bir-birilə yolboyu həyacanla söhbətləşir, nəhayət, atalarının qəbrini ziyarət edə biləcəklərinə sevinirdilər. Bununla yanaşı özlərini dağıdılmış məzarlarla, divarları uçmuş evlərlə qarşılaşmağa hazırlayırdılar.
Onlar Qaradağlıya polislərin və ANAMA əməkdaşının müşayiətilə daxil olurlar.
Kənd 32 il əvvəl tərk etdikləri yerə heç bənzəmir – dağılmış evlərin əhatəsində dərin sükuta qərq olan bu pərişan düzənlik onları kədərləndirir. Bu uçuq-sökük evlərin heç biri onlara tanış gəlmir. Heç birinə baxıb “hə, bu filan qonşumuzun evidir” deyə bilmirlər. Bu mənzərədən sonra atalarının qəbrinin hansı halda olacağını təsəvvür etməkdə çətinlik çəkirlər.
Təkcə təhsil aldıqları kənd məktəbini tanıya bilirlər. Məktəb o vaxtdan bəri, deyəsən, dəyirman kimi istifadə olunub, yanındakı qoşa çinar ağacı isə olduğu kimi qalıb.
Kənd məzarlığı isə tikanlı kolların arsında itib-batıb. Qızlar ayrılaraq qəbirlərin arasında dolaşmağa başlayır, atalarının məzarını tapmağa çalışırlar.
Birdən onlardan birinin qışqırıq səsi az qala bütün kənd boyu yayılır.
“Atamın məzarıdır! 100 faiz onun məzarıdır! Bax, göy rəngdə tabut, qızıl dişini də çıxarıblar”.
Məzara yaxınlaşdıqda bir hissəsinin söküldüyünü, tabutun baş tərəfindən taxtaların çıxarılıb atalarının qızıl dişinin oğurlandığını görürlər. Onlardan biri atasının kəllə sümüyünə toxunaraaq hönkürtü ilə ağlamağa başlayır. Sülhiyyə isə xalasına zəng edərək sevincini bölüşür.
Bu qədər zamandan sonra geri qayıb, uçuq-sökük halda olsa da, atalarının məzarını tapdıqlarına sevinirlər.
Məzarlıqdan çıxdıqdan sonra tamam taqətdən düşürlər. Geri qayıdıb evlərinin olduğu yeri axtarmağa heyləri qalmır. Amma sonradan kəndə gedənlərin çəkdikləri foto və videolardan evlərinin tamamən yoxa çıxdığını görürlər. Təkcə vaxtilə həyətlərində olan armud ağacından evin təxmini yerini müəyyənləşdirirlər…
Sülhiyyə Şirinova nə vaxtsa yenə doğma kəndlərində əvvəl olduğu kimi ermənilərlə birgə yaşamaq ideyasını qəbul etmək üçün zamana ehtiyac olduğunu deyir:
“Zamanla biz iki dövlət olaraq sülh şəraitində, qonşu kimi yaşamağa məcburuq. Qonşuluq münasibətləri atalarımızın, babalarımızın zamanında olduğu kimi olacaqmı, bilmirəm. Mən atamın qətlini, məhz bu münaqişə üzündən evimin sökülməsini, atamın qəbrinin dağıdılmasını, köçkünlüyümü, yeniyetməliyimin, gəncliyimin ağrılar içində keçməsini nə vaxtsa unuda biləcəmmi, bilmirəm. Amma bölgədə sülhün, inkişafın təminatı üçün münasibətlərin normallaşması, hər iki xalqın sülh və qonşuluq şəraitində yaşaması vacibdir və mütləqdir. Yəqin ki bunu bizə zaman göstərəcək”.