Azərbaycanlılar veteran babaları haqda
Mayın 9-nu Azərbaycanda faşizm üzərində Qələbə Günü kimi qeyd edirlər. Bu əlbəttə ki, həm də bu bayramın nə qədər “bizimki olması və onu necə qəbul etməli olduğumuzla bağlı mübahisələr günüdür. Kimin üçünsə bu, respublikanın bizə sırınmış müharibəyə verdiyi qurbanları anma günü, kimin üçünsə xeyrin şər üzərində zəfəri bayramıdır. Amma istənilən halda hər bir azərbaycanlı ailəsinin İkinci Dünya Müharibəsi ilə bağlı öz tarixçəsi var. Və bu tarixçə xoşbəxt sonluqla nəticələnib və əsgər evə qayıdıbsa, nəvələri onun hekayələrini öz uşaqlarına ötürmək üçün qoruyub saxlayırlar
Natalya
Natalya və babası, 1924-cü il təvəllüdlü Leonid Abdullayev
Babam 16 yaşında cəbhəyə qaçıb gedib. Bunu gizlin etməli olub, çünki yetkinlik yaşına çatmayanları götürmürdülər.
Onun müharibə haqqında ilk təəssüratları – tank və maşın kolonnası, onun ağır hərəkəti və bütün yol boyu güclə sezilən arası kəsilməyən xırtıltı idi. “Əvvəlcə bu səsin torpaqdan gəldiyini düşünürdüm, – babam danışır, – amma sonra maşınların cəsədlərin üstündən keçib getdiyini gördüm. Təkərlərin altında sümüklər, sifətlər qırılıb, xırtıldayırdı, yerə düşən kimi də çəkmələrin qandan qıpqırmızı və yapışqan olurdu. “Qorxurdun?! – dəhşət içində xəbər aldım. “Əvvəl hə, amma sonra elə tez alışırsan ki bunlara, heç fikir də vermirsən. Onda mən anladım ki, müharibəyə alışırsan.
Artilleriyaya keçənə qədər babamı cərimə batalyonuna komandir təyin etdilər. Onun “komandası iki qrupa bölünürdü: jarqonla danışan qatı cinayətkarlar və Plinidən sitat gətirən sürgün olunmuş siyasi məhbuslar.
Aydın məsələdir ki, burada vəziyyət gərgin idi. Amma o vaxt on yeddi yaşı olan babamı hər iki qrup nümayəndələri sevir, “oğul deyə müraciət edir və himayə edirdilər. Bir müddət sonra o, başının üstündə partlayan mərmidən yaralandı və kontuziya aldı. Onu hospitala aparmaq təhlükəli idi, yollar atəşə tutulurdu. Bu zaman cərimə batalyonu bildirir ki, özü ona qulluq edəcək və heç yerə buraxmayacaq.
Babam xəstə olduğu müddətdə batalyonda davalar olmurdu.
O, Vyana və Budapeştin alınmasında iştirak edib, heç vaxt döyüşlər haqqında danışmayıb, ancaq Vyananın necə gözəl şəhər olduğunu və onu gördüyünə görə necə xoşbəxt olduğunu deyib. O vaxtlar artıq yaxşı yeməyi olan əsgərlərin öz paylarını kənd və şəhər ətrafı qəsəbələrdə ac qalan qadınlara və uşaqlara verdiklərini danışırdı.
Onun demək olar ki, bütün alay yoldaşları Avropadan vətənlərinə böyük miqdarda qızılla qayıtdılar. Şəhərlər alınandan sonra bombalanmış zərgər dükanları qapısı açıq qalmışdı və əsgərlər də bundan istifadə etdilər. Nənəmin gözləntilərinə rəğmən, o müharibədən növbəti 40 il ərzində üzünü qırxdığı polad ülgüc və bombalanmış mağazadan götürdüyü məktub yazmaq üçün nəzərdə tutulan venzelli çox nazik çəhrayı vərəqlər və zərflərdən başqa heç nə gətirmədi. Niyə – sualının cavabında o – axı gözəldirlər – dedi.
“Mənim bircə bayramım var, o da 9 maydır, – babam adətən belə deyərdi. Bu, mənim ad günüm, Yeni ilim, bütün başqa bayramlarımdır.
Babam mənə velosiped sürməyi öyrədirdi, oturacaqdan tutaraq, sürətlə yanımda qaçırdı. Biz onunla futbol, voleybol, sevdiyim bütün oğlan oyunlarını oynayırdıq. O, mənə həm də tozsoran təmir etməyi öyrətdi.
Yekaterina
Yekaterina və babası 1918-ci il təvəllüdlü Aleksandr Nikolayev
Babamı heç vaxt görməmişəm, amma anamın onun haqqında danışdıqlarını eşitmişəm, onun qulluq etdiyi yerlər haqqında məlumat toplamaq üçün xeyli səy göstərmişəm.
O, Astraxan vilayətinin Çyornıy Yar kəndindən idi. Altı uşaqlı ailələrinin ancaq bir inəyi varıydı. Amma onları “qolçomaq adlandırıb, Qazaxıstana sürgün etdilər. Bu, 1923-cü ildə olub. Babamın o vaxtlar 4 yaşında olan bacısı yolda ölür, onu elə orada, yoldaca dəfn edirlər. Qazaxıstandan sonra yenə Çyornıy Yara qayıdırlar. Elə buradan da onu, 1939-cu ildə hərbi xidmətə çağırırlar. Həmin vaxt o Fin müharibəsinə gedir, sonra da 1941-ci ildə onu cəbhəyə göndərirlər. Pulemyotçu olub, 201-ci zenit-piyada alayında xidmət edib. 1941-ci ilin iyul ayında əsirliyə düşür. Yanında bomba partlayır, kontuziya alır, heç nə görmür və eşitmir və əsir düşür.
Anama o heç vaxt nə müharibə, nə də əsirliyi barədə danışıb, amma ayrı-ayrı söhbətlərdən onun Latviyada, Salaspilsdəki həbs düşərgəsində olduğu məlum oldu. Sadəcə olmayıb, oranı tikib də. Qaz kamerasından onu polyak qadın xilas edib. Babam onun haqqında heç vaxt heç nə danışmayıb, amma fotoşəklini bütün müharibə boyu, ta ölənə qədər də qoruyub saxlayıb. Biz uzun müddət fotoda təsvir olunan şən sarı saçlı qadının adını aydınlaşdırmağa çalışdıq, amma bu, heç bir nəticə vermədi.
Bütün keçmiş hərbi əsirləri Sibir gözləyirdi, amma babamın bəxti gətirdi – onun qarşısına görünür yaxşı Xalq Daxili İşlər Komissarlığı işçisi çıxdı, çünki o nəinki babamı sürgün etmədi, hətta deyəsən bütün sənədləri də məhv etdi. Mən mümkün olan hər yerə müraciət etdim, bütün instansiyalara yazdım, hətta Rusiyanın Müdafiə Nazirliyinin arxivinə sorğu göndərdim, amma heç nə tapa bilmədim. Sanki belə bir adam heç olmamışdı da.
O, özü nə cəbhə, nə də əsirlik haqqında heç vaxt heç nə danışmayıb. Ancaq qardaşı ilə bölüşüb, hər şeyi gizli saxlamağı xahiş edib. 1962-ci ildə ölən qardaşı da ta ölənə qədər heç kimə heç nə danışmadı.
Qaib
Qaib və nənəsi 1923-cü il təvəllüdlü Tamara Voronina
O, Novosibirsk vilayətinin Tatarsk şəhərində anadan olub. Məktəbdən sonra balerina olmaq istəyirdi, amma buraxılış imtahanından bir neçə gün sonra müharibə başladı. Təbii ki, gənc Tamara hamı kimi, müharibəyə getdi.
Beləliklə, müharibə arxada qaldı. Evə qayıtmaq vaxtı gəldi. Bunun coğrafi cəhətdən necə alındığını bilmirəm, amma tranzitlə Bakı vasitəsiylə qayıtmalı oldu. Onlar daha bir qızla paytaxtımızın vağzalında qatardan düşür və səhər onları evlərinə aparacaq qatara minmək üçün gözləmə zalında yerləşirlər. Tamara Voronina gözləmə zalında yuxuya gedir, onun hansı yuxular gördüyünü bilmirəm, amma dəqiq bilirəm ki, yol yoldaşı yuxu-filan görməyib. Bunu hardan bilirəm? İş orasındadır ki, Tamara oyananda nə yol yoldaşını, nə də əşyalarını tapdı.
Oğurlanan əşyaların içində həm də sənədlər və biletlər də varıydı. Beləliklə də Tamara Voronina yad şəhərdə tək-tənha qalır. Nə etməli?
Bütün detalları bilmirəm, amma Tamara çörək pulu qazanmaq üçün müxtəlif yerlərdə işləyib. Belə yerlərdən biri onun əlillərə qulluq etdiyi “Əlillər evi olub.
Onun, belə demək mümkünsə, pasientləri arasında xüsusi qayğı ilə qulluq etdiyi bir nəfər varıydı. Bir müddət sonra Tamara hamilə olduğunu aşkar edir. Pasienti ondan boyun qaçırmır və evlənmək təklifi edir.
O, azərbaycanlı idi və yaxınları bu izdivaca qarşı çıxdılar. Amma kişi çox inadkar idi və nikah baş tutdu. Bu nikahdan iki oğlan uşağı dünyaya gəldi. Bir müddət sonra Tamara Aleksandrovnanın əri görmə qabiliyyətini itirir və o təkbaşına uşaq böyütməli və ərinə qulluq etməli olur.
Sonra əri vəfat edir. Vaxt keçir, övladları böyüyür və öz ailələrini qururlar.
Tamara Aleksandrovna həyatının qalan hissəsini bir oğlu və bir qızı olan oğlu ilə yaşayıb. Oğlu (yəni mən) babasının adını daşıyır, indi artıq Əliyeva olan Tamara Aleksandrovnanın qulluq etdiyi o əlilin adını.
O, bu yaxınlara qədər sağıydı, 90 yaşı tamam olmasına 4 ay qalırdı. O da görmə qabiliyyətini itirdi, amma bir təhər hərəkət edir, özü öz paltarlarını yuyurdu. Ancaq özünə çay süzə və boşqaba yemək qoya bilmirdi. Hər səhər özünü yatağından durmağa, yerini salmağa, yataq otağından çıxmağa məcbur edirdi.
O, deyirdi: “Əsası bir yerdə dayanmamaqdır”.
Fərhad
Fərhad və babası 1921-ci il təvəllüdlü Qədəmşah Sadıxov
Babam tibb institutunu bitirən kimi, 1941-ci ilin avqust ayında orduya yollanıb. Moskvanın müdafiəsində iştirak edib, döyüşlərdən birində o, həlak olan komandiri əvəz edərək, batalyonu hücuma aparıb. Bu zaman o, sadəcə hərbi həkim idi. Həmin günlərdə göstərdiyi təşəbbüsə və şücaətə görə onu Qırmızı bayraq Ordeni ilə təltif etdilər.
Həmin vaxt onun batalyonu Rostov yaxınlığında, Kryukov yaşayış məntəqəsində yerləşirdi. Şiddətli döyüşlər başqa bir istiqamətdə gözlənilirdi, ona görə də burada nisbi sakitik idi. Batalyon komandiri dəstə ilə birlikdə ərzaq gətirən maşınları və daha bir neçə batalyonu qarşılamağa getdilər, onlar hücuma keçmək üçün Qəfəmşahın batalyonu ilə birləşməli idilər. Amma dəstəni almanlar mühasirəyə alıb, darmadağın etdi. Sonra da Kryukova yollandılar.
Qədəmşah komandanlığı öz əlinə aldı. Amma adam çox azıydı. Kryukovda isə nəsə xalq musiqi alətləri muzeyi yerləşirdi. Almanlar yaxınlaşanda, o əsgərləri düzərək, batalyonun bir hissəsini düz almanların üstünə apardı. Onlar musiqi alətlərini götürüb, ifa etməyə və oxumağa başladılar, yəni bacardıqları qədər səs-küy yaratmağa çalışdılar. Almanlar özlərini itirdi. Axı alətlərin arasında etnik tütək də vardı və çox gur və qəribə səs çıxarırdı. Almanlar baş verənləri anlamağa çalışana qədər, dəstənin ikinci hissəsi arxadan xəlvətcə yaxınlaşaraq almanlara hücum etdi.
1943-cü ildə babam mayor rütbəsi alanda cəmi 22 yaşı vardı. Sonra kontuziya, bir ağır, bir də yüngül yara alır. Göstərdiyi şücaətə görə çoxlu sayda medalla da təltif olunub.
Özüm onu tanımamışam, babam 1966-cı ildə vəfat edib, amma atam onun haqqında danışırdi. Deyirdi ki, babam az yatır və çox mütaliə edirdi, tibb universitetində dərs deyirdi, eyni zamanda fəlsəfi kitablar və şerlər yazırdı. Deyirlər ki, o mehriban və qonaqpərvər idi.
O, az yaşayıb, cəmi 45 il və mənə babamdan qalan şerlər, qəzet məqalələri və oçerklər olub. Sonuncular 65-ci ildə, mənim dünyaya gəlməyimdən 15 il əvvəl dərc edilib.