Azərbaycanlılar daha maşın almağa Gürcüstana getmirlər
Şənbə günüdür. Ucu-bucağı görünməyən sıralarda minlərlə avtomobil var. Onların parıldayan kuzovlarında mart günəşinin şüaları əks olunur.
Maşın çoxluğuna baxmayaraq, burada adət edilməmiş sakitlik hökm sürür – yalnız bir neçə nəfər gəzişərək zaman-zaman müxtəlif avtomobillərin önündə dayanıb, onları nəzərdən keçirirlər. Bura Rustavinin maşın bazarıdır. Cənubi Qafqazda ən böyük maşın bazarı. Bir müddət öncə burada alma atsan, yerə düşməzdi, indi isə hər şey dəyişib.
“Satılır. Qiymət 7 900. 577… nömrəsinə zəng edin
“Motor 2,5. Qiyməti razılaşma yolu ilə. 571… nömrəsi ilə əlaqə saxlayın
Dima pulverizatorla qara “Tayota Pradoya maye fısqırdır və onu əskiylə tərtəmiz qurulayır.
Avtomobil par-par parıldayır.
“Nəinki alıcıların, heç satıcıların da burda dayanmağa həvəsi yoxdur, burda vəziyyət belədir – o deyir. – Bu maşına baxın, əla maşındır, amma bir ilə yaxındır ki, onu heç cür sata bilmirəm.
Dima və onun həmkarları larinin dəyərdən düşməsi ilə yanaşı ticarətin azalmasının əsas səbəbi kimi gürcü avtomobil bazarına azərbaycanlı müştərilərin ayağının kəsilməsini görürlər.
2014-cü ildən Azərbaycan avtomobilin zərərli tullantılarının azaldılması məqsədi ilə Avro-4 ekoloji standartına keçdi, bu standart 10 ildən çox yaşı olan avtomobillərin idxalını qadağan edir.
Avtomobil biznesi gürcü ixracının ilk üçlüyünə daxildir. İndiyə qədər avtomobillərin Gürcüstandan təkrar ixracının böyük hissəsi Azərbaycanın payına düşürdü. Gürcüstanın Milli statistika xidmətinin son məlumatına görə avtomobillərin təkrar ixracı kəskin azalıb: 2016-cı ilin yanvarında Gürcüstandan Azərbaycana sadəcə 24 minik avtomobili təkrar ixrac olunub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvarında Gürcüstandan Azərbaycana 671 avtomobil təkrar ixrac olunub. 2015-ci ilin yanvarında Gürcüstanın Azərbaycana təkrar ixrac etdiyi avtomobillərdən əldə etdiyi gəlir 13,7 milyon dollar təşkil edib. 2016-cı ilin yanvarında Gürcüstanın Azərbaycana təkrar ixrac etdiyi avtomobillərdən əldə etdiyi gəlir 577 min dollara qədər azalıb.
“Azərbaycandan müştərilər demək olar ki, gəlmir. Biz əsas onlarla işləyirdik. Heç bir həftə çəkmirdi ki, maşın satılırdı. Azərbaycanlılar indi də avtomobil alırlar, amma daha təzə və daha bahalı. Mənim də bahalı avtomobillərlə iş qurmaq üçün kifayət qədər vəsaitim yoxdur, – avtodiler Elquca deyir.
Mütəxəssislər hesab edirlər ki, ən gəlirli biznes sahələrindən biri təhlükə altındadır.
“Adıçəkilən biznesin inkişafının şərtlərindən biri də Gürcüstanın əlverişli geosiyasi mövqeyidir: qərbdən gələn avtomobillər qonşu ölkələrə göndərilirdi – mən Azərbaycanı, Ermənistanı və Orta Asiya ölkələrini nəzərdə tuturam. Təkrar ixracın dayandırılması Gürcüstandan asılı olmayan səbəblərlə bağlıdır.
Nə “Milli Hərəkat, nə də indiki hakimiyyət bu məsələdə günahkar deyil. Təkrar ixracın dayanması, qonşu ölkələrdə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Hər şey Qazaxıstandan başladı, 2011-ci ilə qədər Gürcüstandan ora təxminən 25 min ədəd avtonəqliyyat vasitəsi gətirilirdi. Qazaxıstan Vahid Gömrük İttifaqına daxil olduqdan sonra biz o ölkənin bazarını itirdik, – Gürcüstan Milli Avtomobil Federasiyasının sədri Şalva Oqbaidze bildirib.
Qonşu ölkələrdə baş verən dəyişikliklər, Gürcüstanda avtomobil biznesi ilə məşğul olan insanlara böyük problemlər yaradır. Gürcüstanda da qanunvericiliyin dəyişdirilməsi işi bir az da çətinləşdirir. 2017-ci ildən etibarən ölkədə sağ sükanlı avtomobillərin qeydiyyatına qadağa qoyulacaq (məhdudiyyət artıq ölkəyə gətirilmiş avtomobillərə şamil olunmur).Bundan əlavə, müəyyən kateqoriyadan olan avtomobillərin tənzimlənməsi sərtləşdirilir və gömrük qeydiyyatının qiyməti artır.
Bütün bu nüansları nəzərə alsaq bu sahədə çalışan xırda sahibkarlar böyük problemlərlə qarşılaşacaqlar.
23 yaşlı Nika adətən şənbə və bazar günləri evdən səhər saat 6-da çıxır. O avtomobili işə salır, motoru qızdıraraq, Rustavidəki avtomobil bazarına getməyə hazırlaşır. Onun avtomobili yuyulub və təmizlənib, tər-təmizdir başqa cür ola da bilməz.
3 il öncə Nika artıq özünün də pul qazanmaq vaxtı çatdığını düşünür. Dostundan borc alaraq ölkəyə ucuz avtomobillər gətirməyə başlayır. Əvvəl işlər yaxşı gedirdi, amma indi o borc içindədir.
“Alıcıların yarısını azərbaycanlılar təşkil edirdi, özü də onlar yaxşı pul verirdilər. Amma bizim camaatda pul yoxdur. İnsanlar ehtiyac içindədir. Buna əlavə, sağ sükanlı avtomobillərə qadağa qoyacaqlar. Mən isə elə sağ sükanlı avtomobil gətirmişəm və indi də onu satmağa çalışıram, camaat heç ona baxmaq belə istəmir. Gömrük qeydiyyatının vaxtı bitdiyindən mən onu yenidən qeydiyyata salmaq məcburiyyətində qaldım. Bir sözlə, ziyandayam.
Nəşr 11.03. 2016