Azərbaycanlılar ərzaqların “sürünən” bahalaşmasından şikayətçidir
Bakı mağazalarında ərzaqların qiyməti alıcıların əksəriyyətinin diqqətini çəkmədən yüksəlir. “Hər həftə müxtəlif ərzaqların qiymətini 3-5 qəpik artırırlar (2-3 ABŞ senti). Aztəminatlı ailələr üçün ayın sonuna əməlli məbləğ yığılır”, – Bakıxanov qəsəbəsinin 54 yaşlı sakini Asya İsmayılzadə şikayətlənir.
“Məsələn, broyler yumurtaları bir ay əvvəl 11 qəpiyə idi, bu gün isə 15-ə qalxıb. Kənd yumurtası adı ilə satılanlar isə 24 qəpiyədir”.
Quşçuluq cəmiyyətinin sədri Aydın Vəliyev istehsalçıların qiymət artımı ilə əlaqəsini inkar edir.
“Məndə olan məlumata görə, istehsalçı 360 yumurtanı 42 manata satır, biri təxminən 11 qəpiyə (6,9 sent). Qiymət artımının günahı alverçilərdədir. Mal əldən ələ keçir, günahı isə istehsalçının boynuna qoyurlar. Halbuki, istehsalçı piştaxtanı görmür. Əksinə, biz daxili tələbatı tam ödəyirik və yumurta ixracının yollarını axtarırıq”, – APA agentliyi Vəliyevə istinadən yazır.
Təxminən iki ay əvvəl Azərbaycan mediası və ictimaiyyəti yağın qiymətinin kəskin artmasından narahat idi, məlum olmuşdu ki, bir il ərzində yağ iki dəfə bahalaşaraq, bahalaşan bütün digər ərzaqları geridə qoyub. Rəsmi şəxslər bunun səbəbini bütün dünyada yağın qiymətinin artması ilə izah etdilər. Daha ətraflı JAMnews-un materialında:
https://jam-news.net/?p=68678&lang=az-AZ
Azərbaycan hakimiyyəti noyabrın əvvəlində kərə yağının idxal rüsumunun üç dəfə azaldılması haqda qərar verdi. Amma bu qərar hələ dekabrın 7-də qüvvəyə minəcək. Odur ki, yağın qiyməti nəinki olduğu səviyyədə qalır, hələ üstəlik hər həftə bir neçə faiz bahalaşır da.
“Vətəndaşların əksəriyyəti artıq Almaniyanın və ya Yeni Zelandiyanın bahalı kərə yağını ala bilmir, Ukrayna istehsalı olan yağa üstünlük verirlər”, – “Yeni Müsavat” qəzeti yazır.
Bakı sakini olan digər alıcı Mübariz Rəhimov bahalaşma səbəbinin yaxınlaşmaqda olan Yeni illə bağlı olduğunu düşünür,
“Hər il Novruz və Yeni ildə satıcılar fürsətdən istifadə edib, qiymətləri ceyran belinə mindirirlər”.
İqtisadçı ekspert Pərviz Heydərov bahalaşmanın qarşıdan gələn bayramla əlaqəsinin olmadığını bildirir.
“Bahalaşma ümumdünya tendensiyasıdır. Amma Azərbaycana digər subyektiv amillər də təsir edir. Məsələn, yüksək gömrük rüsumları, inhisarçılıq, daxili inflyasiya və sair. Bayramın məsələyə dəxli yoxdur”, – modern.az Heydərova istinadən yazır.
Problemə Milli Məclisin üzvləri, o cümlədən də hakimiyyətyönlü deputatlar da laqeyd qalmayıb. Azərbaycanın 2018-ci il büdcə layihəsinin müzakirəsində iştirak edən deputat Yevda Abramov bildirib ki, İqtisadiyyat Nazirliyi qiymət artımının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.
“Ölkəmizdə problem var: əgər qiymətlər yüksəlirsə, sonradan bir daha enmir”, – deputat deyib.
Altı il əvvəl yumurtanın qiymətinin qəfil artımı respublika prezidentini məsələyə qarışmağa məcbur etmişdi. İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirmişdi: “Yumurta yerli istehsal məhsuludur, belə isə niyə bir neçə dəfə bahalaşmalıdır? Bu məsələnin araşdırılmasını tapşırmışam. Burada inhisarçılıq əlaməti var, dünyada bunu “kartel işbirliyi” adlandırırlar. Yumurtanın qiymətini qaldıranlar cinayət məsuliyyətinə cəlb olunacaq, cəzalanacaqlar”.
O zaman qiymətlər tədricən əvvəlki səviyyəyə düşmüşdü.