Azərbaycanlılar ən məhrəm saydıqlarından söhbət açırlar
Bu gün biz o qədər də xoşa gəlməyən bir şeylə məşğul olacağıq – başqalarının pulunu sayacağıq. Görəsən, ucuzlu manat dönəmində cəmiyyətin müxtəlif təbəqələrindən olan azərbaycanlıların ailə büdcəsi hansı yöndə dəyişib.
Samir və Leyla daha restorana getmir
Samir neft şirkətində əmək mühafizəsi üzrə mütəxəssisdir. Leyla frilanser-kopirayterdir. Onların bir övladları – balaca qızları var.
Təxmini büdcə – 1500 manatdır (hardasa 875 $)
Hesabatı müntəzəm olaraq internetdə Zenmoney proqramı ilə aparırlar. Öz gəlirlərini orta qiymətləndirirlər, hərçənd ümumilikdə maliyyə vəziyyətlərindən narazıdırlar.
Samirlə Leylanın evi Dəmir Yolu İdarəsinin yaxınlığındakı kiçik bir küçədə yerləşir. Görünüşündən yenidən tikilmiş yataqxana olması açıq-açkar bəlli olan binaın üzü iki mərtəbəli maşınyuma məntəqəsinə baxır, ətrafı xırda dükanlarla doludur.
Ev sahibəsi bizə evinin pəncərəsindən əl yelləyir; lazım olan mərtəbəyə qalxırıq. Burda ümumi dəhliz, ordan da balaca və səliqəli mənzilə keçid var.
“Bəxtimiz gətirib, tanışlarımızın arasında təkcə bizim dövlət ipotekamız var, yəni borcumuz manatladır. Biz hər ay 231 manat ödəyirik. Ötən ay elektrik sərfiyyatına görə 125 manat ödəmişik, bax bu, fəlakətdir!”
“Əvvəllər, hələ uşaq doğulmamışdan öncə müxtəlif nəşrlərə məqalələr yazırdım. Qonorarım 30 manat idi. Devalvasiyayaydək bu, 40 dollar eləyirdi, indi isə 19 dollardır”, – Leyla deyir. – Aydan aya birtəhər keçinirik, amma arxaya atmaq alınmır”.
Manatın devalvasiyasından sonra çox şeydən imtina etməli olduq: “Əvvəllər onlayn alış-veriş edirdim – özümə müxtəlif əşyalar, geyim, uşağıma oyuncaqlar alırdım. Bu, indi artıq sərfəli deyil. Böhrandan öncə nahar hazırlamağa imkan tapmayanda yarımfabrikatlar – kotletlər, sosiskalar ala bilirdim. Amma indi artıq alınmır. Daha kafeyə də getmirəm. Olsa-olsa ayda bircə dəfə hansısa ticarət mərkəzində – əsasən də KFC-də yemək yeyə bilərik.
Biz sağlam həyat tərzi sürməyə çalışırıq, çovdar çörəyi, qırmızı düyü alırıq, qızıma həmişə yunan qabağı və brokkolidən yemək hazırlayıram. Bu isə o qədər də ucuz başa gəlmir, – Leyla deyir. – Amma eyni zamanda qazlı su almırıq, şirniyyatasa nadir hallarda üz tuturuq. Üstəlik ərim də iş yerinin hesabına yeyir, bu baxımdan da qənaət etmiş oluruq”.
Samirlə Leyla geyim alarkən mövsüm ucuzlaşmalarını gözləməyə çalşırlar. İri məbləğli alış-verişlər, digər xərclər planlaşdırılır və razılaşdırılır: “Ötən ay uşağa peyvənd etmişdik – 200 manata başa gəldi, gələn ay qaz kolonkasını dəyişdirməli olacağıq. Qzımıza “Leqo” dəsti alıb-almamaq məsələsi ilə, ümumiyyətlə, müzakirə olunmur”.
Ailə əvvəllər dincəlmək üçün Batumiyə gedirdi. Lakin devalvasiyadan və Gürcüstanda qiymətlərin nisbətən bahalaşmasından sonra bundan da imtina etməli olub.
Onlar kitab da almırlar – daha doğrusu, təkcə uşağa alırlar. Özlərini xırda nə iləsə sevindirirlər? “Yaxınlarda özümə 30 manatlıq kosmetika aldım. Məlum kosmetikadan uzun müddət istifadə edəcəyimi, üstəlik “İdeal” kosmetika mağazalar şəbəkəsində bir kremin 45 manatdan aşağı olmadığını nəzərə alsaq, bu o qədər də böyük xərc deyil”.
İlqar və ailəsi ət yeməkdən imtina edib
İlqar Əhmədov maşın yuyandır. Onun ailəsi dörd nəfərdən ibarətdir.
Büdcə qeyri-stabildir – 150-200 (88-117 $) manat da ola bilər, bəxti gətirdiyi aylarda 400-500 manat da (230-290 $).
İlqar hər səhər oyanan kimi pəncərədən çölə boylanır – görəsən, yağış yağmır ki? Əgər hava yağışlıdırsa, evdə qalmalı olacaq, bu isə ailə büdcəsinin itkisi deməkdir.
İlqar indi maşın yusa da, əvvəllər çəkməçi olub, yerli sexlərin birində ayaqqabı tikib. Yaxşı, keyfiyyətli ayaqqabı tikib, pis də qazanmayıb. Lakin Çindən ucuz və keyfiyyətsiz ayaqqıblar gətirilməyə başlayandan sonra yerli sexlər bağlanmaq məcburiyyətində qaldı.
Ayda 200 manat Nərimanov metro stansiyası yaxınlığındakı “xruşovka” layihəli beş mərtəbəli evdə bir otaqlı mənzilin kirayəsinə gedir.
Mənzil köhnə olsa da, həyat üçün ən zəruri şeylərlə təmin olunub. “İllərdir bir evdən digərinə köçdüyümüzdən, arvadımın cehizi, o cümlədən mebel xarab oldu”, – İlqar deyir. Paltaryuyan maşınımız yoxdur.
Yağışlı havada maşınları yumurlar. Bəzən günlərlə müştəri üzünə həsrət qalırlar. Bəxtləri gətirəndə, yəni “tam dəst” – bayırdan və içəridən – və beş-altı müştəri olanda, evə 40-50 manat gətirə bilir. Gəliri qeyri-sabit olduğundan, ailə “uğurlu” aylarda da əlavə heç nəyə pul xərcləmir. İlk növbədə mənzil kirəsini və kommunal xidmətləri ödəyirlər, artıq qalan pulusa “qara gün”ə saxlayırlar.
Bu cür şərtlər altında büdcəni planlaşdırmaq qeyri-mümkündür. Təkcə ən ucuz yeməyə və təsərrüfat mallarına pul çatır. “Elə olur ki, iki-üç ay ət yemirik, – İlqar deyir, – sağ olsun qohumlar, bəzən onların hesabına dilimizə ət dəyir”. Geyim xərcindən söhbət belə gedə bilməz. Məktəbdə oxuyan övladlarına zəruri geyimi, o cümlədən forma və çantanı yenə də qohumları alır. Öz pulları təkcə dəftərxana ləvazimatlarına – dəftərlərə, qələmlərə, kitablara çatır. Uşaqların ad günün həmçinin qohumlar qeyd edirlər – öz övladları ilə birgə əyləncə mərkəzlərinə, kafelərə aparırlar.
Xəstəlik ailə üçün faciədir. Həkimə getmək üçün borcun altına girməli olurlar.
Devalvasiya bu ailəyə də zərbə vurubmu? “Bizim kredit borcumuz yoxdur, bahalı heç nə almırıq, pulumuz təkcə ərzağa çıxır, – ailə başçısı deyir, – amma əgər əvvəllər 50 manata iyirmi günlük azuqə ala bilirdimsə, indi bu məğbləğ təkcə on günə çatır. Yaxşı ki, yay mövsümündə meyvə-tərəvəz ətdən ucuz olur, elə onlarla da qarnımızı doydururuq”.
İlqar özünü kasıb sayır. Vaxtının böyük bir hissəsini işdə keçirdiyindən, papağını qarşısına qoyub gələcəyini düşünmək imkanı yoxdur. Onun gələcəyi yağışsız ötüşəcək səhərki gündür.
Səbinə Avropa səfərlərinə qənaət edir
Səbinə beynəlxalq şirkətin filialında maliyyə direktorudur. Maaşı – 3500 manatdır (təxminən 2000 $). O öz gəlirini bur cür qiymətləndirir: “Orta gəlirin ən yüksəyi”. Ailə üç nəfərdən ibarətdir.
Xərclərinin hesabatını səliqəli və son dərəcə dəqiq cədvəllə aparır – bu heç də qənaət etmək istəyindən irəli gəlmir, sadəcə peşəkar vərdişdir.
Səbinəni onun işlədiyi biznes-mərkəzdə gözləyirəm. Mənimlə yüngül geyinmiş halda görüşür. “Bəs çantanız hanı?” – marağıma üstün gələ bilmirəm. “Mən indi burda, yaxınlıqda yaşayıram”. – o, sözün hərfi mənasında yolun o tayındakı köhnə binanı göstərir.
Biz “sadə”, amma zövlə bəzədilmiş kafeyə daxil oluruq: bar piştaxtası sadə olsa da, gözəl üslübdadır, divarlardakı panellər kərpicə bənzədilib. O, yüngül paltosunu soyunur, əynində sadə paltar var, əlavə-bəzək düzəyi, zinət əşyaları yoxdur.
“Hər həftə harasa çıxırıq, – qəhvəsindən bir qurtum alan Səbinə deyir, – “Araz”a (şəhərin mərkəzində nisbətən ucuz kafe) da gedə bilərik, orda dadlı yeməklər verirlər, daha bahalı yerlərə də – məsələn, Energy-yə (Bakıda dəbdə olan klub)”.
“Geyimi Massimo Ditti-dən, Zara-dan əldə edirəm. Belədəsə o qədər də brend dalınca qaçmıram, ümumiyyətlə, mənə firma malı almaq üçün bir neçə ay boğazlarından kəsib qənaət edən adamlar çatmır. Amma yenə də hesab edirəm ki, beş keyfiyyətsiz mal almaqdansa bir dəfə dəyərli bir mala pul xərcləmək lazımdır. Sadəcə bu cür mağazalarda üslubuma uyğun nələrsə ala bilərəm. Mən Next-ə də, Breshka-ya da girə bilərəm, amma orda özümə uyğun bir şey tapmaqda çətinlik çəkirəm”, – Səbinə deyir. Üstəlik statusum da məcbur edir: beynəlxalq şirkətə casual geyinib gəlmək olar, amma bu “kejuel” əla keyfiyyətdə olmalıdır.
“Mən özümü o qədər də varlı adam hesab etmirəm, – o deyir, – məncə, orta sinif pula qənaət etməyən, normal həyat tərzi keçirmək üçün özünə ixtiyar verən, xaricə gedə bilən, rahat yaşayan insanlardır”.
Səbinə devalvasiyadan əvvəl daha az qazansa da – 2700 manat – həmin pula daha çox şey edə bilirdi. Məsələn, Avropaya gedirdi. İndi maaşı artsa da, səfərə bir neçə ay hazırlaşmalı, büdcə turları seçməli, mehmanxana deyil, airbnb mənzili kirələməli olur.
Nəticələr
Məqalədə adı çəkilən adamlar sorğu edilənlərin təkcə bir hissəsidir, əslində onlar daha çoxdur və bu rəqəm bizə hansısa ümumiləşmələr aparmaqda yardımçı oldu.
[yes_list]
- Gəlirləri 1.000-2.000 manat (təxminən 900 $) olan adamlar özlərini orta sinif adlandırırlar, hərçənd etiraf edirlər ki, böhrandan sonra bu cür əmək haqqı ilə arxaya pul atmaq olmur. Orta sinif devalvasiyadan sonra restoranlara, mədəni tədbirlərə getmir, əlavə pul yığa, öz hesabına xaricə gedə bilmir. Bununla belə, digər əyləncələrə və övladlarının təhsillərinə mümkün qədər pul xərcləməyə çalışırlar.
- Aşağı sinif o qədər də fərq hiss etməyib: “necə kasıb yaşayırıqsa, eləcə də kasıb yaşamağa davam edirik”. Bu adamlar onsuz da ancaq ən zəruri şeylərə pul xərcləyə biliblər. Azərbaycanlı kasıblar – məcburi vegetarianlardır. Ən çox xəstəliklərdən və mənzil kirəsi kimi müntəzəm icarə haqqından qorxurlar.
- Belə qənaətə gəlmək olar ki, Azərbaycanda ən yüksək əmək haqqı 3.000-4.000 manatdır (orta hesabla 2.000 $). Ən azından, bu cür gəlirləri olan adamlar hələ ki öz pulqabılarının içindəki barədə məlumat verməyə hazırdırlar. Amma orta hesabla elə də kiçik olmayan bu əmək haqqı da böhrandan sonra sahiblərinin vərdiş etdikləri rahatlıqla yaşamalarına ürəkləri istədiyi qədər çatmır.
[/yes_list]
Statistika Komitəsinin son məlumatlarına görə, Azərbaycanda orta əmək haqqı 466 manatdır ($).
Minimal rəsmi əmək haqqı 116 manat (68$) həcmində müəyyənləşdirilib, yəni işçiyə bundan az əmək haqqı verilə bilməz
Rəsmi statistikaya görə, maksimal əmək haqqı 2.500 manatdır (təxminən 1500 $). Lakin yuxarı sinfin real gəlirləri bu məbləği ötür və kölgə iqtisadiyyatının hansısa yüksəkliklərində itib-batır.
Onu da yadda saxlamaq lazımdır ki, yerdə qalan bütün sinflərin gəlirləri həmçinin təkcə əmək haqqı ilə ölçülmür, çünki azərbaycanlıların gerçəkdən nə qədər qazandıqlarını anlamaq üçün rəsmi statistikaya əsaslanmaq olmaz.