“Azərbaycan idarəetmə sistemini Türkiyəyə uyğunlaşdırmalıdır”. Bakıdan qonşu ölkədəki seçkilərə baxış
Azərbaycanlı icmalçılar Türkiyədəki seçkilər haqda
Martın 31-də qonşu Türkiyədə yerli özünüidarə orqanlarına seçki keçirildi. Seçkilərdə 47 illik fasilədən sonra ana müxalifət – Cümhuriyyət Xalq Partiyası (CHP) qələbə qazandı. Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarda olduğu 23 il müddətində ilk dəfə sarsıdıcı məğlubiyyət yaşadı.
Türkiyə prezidenti seçkilərlə bağlı ilkin açıqlamasında demokratiyanın qalib gəldiyini bildirib və qalibləri təbrik edib.
“Seçkidə uduzmağımızın səbəblərini araşdıracağıq, haralarda səhvlərimiz olub, bunu cəsarətlə deyib, lazımı müdaxilələr edəcəyik”, – deyə Ərdoğan bildirib.
- Türkiyədə həbs olunan sosial şəbəkə fenomenlərinin işində Gürcüstan izi
- Ermənistan-Türkiyə sərhədi açılacaqmı? Ermənistanın sərhəd kəndindən reportaj
- Tarixi seçkilər ərəfəsində fəlakət: Türkiyədə nə danışırlar? İstanbuldan icmal
Türkiyənin Azərbaycana, eləcə də regiona böyük təsiri olduğu üçün orada keçirilən seçkilər Azərbaycan cəmiyyəti tərəfindən diqqətlə izlənilib, siyasətçilər, siyasi icmalçılar seçki nəticələri ilə bağlı şərhlərini paylaşıblar.
Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli hesab edir ki, Azərbaycan Türkiyəni ordu quruculuğunda nümunə hesab edirsə, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırsa, idarəetmə sistemini uyğunlaşdırmalıdır
“Türkiyədəki kimi yerli özünüidarə sisteminə keçməli, Mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək Valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq”, – deyə o bildirib.
Siyasətçi əlavə edib ki, Türkiyə bu seçkidə demokratik ölkə yolunda addımladığını göstərib və bundan sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlər tədricən həll ediləcək:
“Bu seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədin adını da açıqladı – İmamoğlu.
Əkrəm İmamoğlu Ərdoğanın siyasi karyerasını eynilə təkrarlayacaq – o da İstanbulda Mer olduqdan sonra siyasətin 1 nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı.
Azərbaycan da bunu anlamalı, dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır.
Bundan başqa, ümid edirəm ki, qardaş Türkiyənin demokratiyaya yaxınlaşması, Azərbaycanın Türkiyədən uzaqlaşmasına səbəb olmayacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim hakim partiyanı silkələməlidir, əks halda Cümhuriyyət Xalq Partiyasının 2028-ci il prezident seçkilərində də qələbə şansı artacaq.
“Ərdoğan həmin seçkidə iştirak etməyəcək, Mənsur Yavaşın Ankarada, Əkrəm İmamoğlunun İstanbulda bələdiyyə seçkisində böyük qələbəsindən sonra CHP-nin prezident seçkisində ən azı iki güclü namizədi var. Onlardan biri prezidentliyə iddialıdır.
Hakim Ədalət və İnkişaf Partiyasının növbəti prezident seçkisində Ərdoğan qədər xarizmatik lideri olmasa, qələbə şansı azalacaq”.
Natiq Cəfərli və Elxan Şahinoğlu Türkiyə prezidentinin öz partiyasının məğlubiyyətini qəbul etməsini və onun “bu seçkidə demokratiya qazandı” bəyanını hazırkı prezidentin demokratiyaya sədaqəti kimi dəyərləndiriblər. Onların fikrincə, Ərdoğanı diktator adlandırmaq ədalətsizlikdir.
“Türkiyəyə diktatura, Erdoğana diktator deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz”, – deyə Natiq Cəfərli bildirib.
Siyasi icmalçı Şahin Cəfərlinin fikrincə, Ankara və İstanbulda Yavaş və İmamoğlunun bələdiyyə başqanı seçilməsi ilə CHP böyük şəhər bələdiyyə məclislərində çoxluğu əldə etməsi ana müxalifət partiyasının ölkə idarəçiliyində mövqelərini möhkəmlədəcək:
“Ötən dövrdə çoxluq Cümhur İttifaqında idi və prezident Ərdoğan Yavaş və İmamoğlunun “topal ördək” olacaqlarını, yəni effektiv fəaliyyət göstərə bilməyəcəklərini söyləmişdi. (Belə olmadı əlbəttə.)
Bələdiyyə Məclisində çoxluğa nail olmaq üçün böyük şəhərin rayon (ilçe) bələdiyyələrinin əksəriyyətini qazanmaq şərtdir. Ankarada 25 rayon var və CHP yalnız 3 rayon bələdiyyəsinə nəzarət edirdi. Dünən daha 13 rayon bələdiyyəsini qazandı.
İstanbulun 39 rayonu var və CHP əsasən laik-sekulyar kütlənin məskunlaşdığı 14 rayona nəzarət edirdi. Dünənki seçkidə əlavə 12 bələdiyyə də qazanıldı ki, bunlar əsasən mühafizəkar rayonlar kimi tanınır.
Prezident Ərdoğanın doğulub-böyüdüyü Kasımpaşa məhəlləsinin yerləşdiyi Bəyoğlunda, onun malikanəsinin olduğu Üsküdarda da CHP-nin qalib gəlməsini maraqlı detallar kimi qeyd etmək olar.
Bələdiyyə məclislərinin qazanılması həm də o baxımdan vacibdir ki, ehtimal edilən erkən seçkidə İmamoğlu və Yavaş rahatlıqla istefa verib, prezidentliyə namizəd ola bilərlər. Bu halda İstanbul və Ankara bələdiyyə məclisləri başqa bir CHP nümayəndəsini bələdiyyə başqanı seçə biləcək”.