Azərbaycanlı, erməni və gürcünün Berlin görüşü və ya “Dolma gündəlikləri” filmi
“Dolma gündəlikləri” filmi
Erməni, azərbaycanlı və gürcü Berlində bir mənzildə yaşayır – Qafqazda məşhur zarafatlardan birinin başlanğıcı kimi səslənir. “Dolma Gündəlikləri” (Dolma Diaries)yeni veb-seriyası məhz bu formada təqdim olunur.
Cənubi Qafqazdan və Almaniyadan olan bir qrup fəal və telejurnalist bölgədəki narazılıqlara və düşmən obrazına – xüsusən də Qarabağ münaqişəsi kontekstində – uydurma hekayə və yumorla qarşı çıxmaq qərarına gəliblər.
2017 və 2018-ci illərdə Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə səkkiz epizod yazılıb. 2021-ci ilin yayında ilk epizod “Friedrich Ebert Stiftung”un dəstəyi ilə Berlində lentə alınıb və 2022-ci ilin oktyabrında internetdə çox geniş yayılıb.
İlk və hələlik yeganə seriyaya buradan baxa, həmçinin aşağıda serial prodüseri Oliver Muserin JAMnews- verdiyi müsahibəni oxuya bilərsiniz.
Azərbaycan, erməni, gürcü, ingilis və rus dillərində baxmaq üçün – müvafiq parametrləri seçin
“Dolma” serialının prodüseri Oliver Müserin JAMnews-a müsahibəsi
“Dolma gündəlikləri” serialı necə yaranıb?
Cavabvermək üçün 2015-ci ilə qayıtmaq lazımdır. O zaman mən Ermənistan və Azərbaycan jurnalistlərinin iştirak etdiyi sülhməramlı layihəni koordinasiya edirdim. Biz münaqişədən sonrakı gələcəyi müzakirə edirdik və itirakçılar əsasən çox yaxşı anlaşırdı.
Layihəni tamamladıqdan cəmi bir neçə həftə sonra, 2016-cı ilin aprelində toqquşmalar qarşıdurma baş verdi. Bu toqquşmalarla yanaşı internetdə tərəflərin bir-birinə qarşı millətçi nifrət dalğası da yüksəldi.
Sonra çoxlarında, o cümlədən də məndə məyusluq hissi yarandı. Görünürdü ki, vətəndaş cəmiyyətinin yaxınlaşma üçün göstərdiyi bütün səylər bütövlükdə cəmiyyətə az təsir etmişdi. Bunun ardınca insanlara nəyin təsir edə biləcəyi barədə düşünmə prosesi başladı. Bu, Netflix dövrünün zirvəsi idi və tez bir zamanda məlum oldu ki, onlayn əyləncə serialı gənclərin qəlbinə və zehninə xitab etmək üçün şans ola bilər.
Beləliklə, düşmən obrazlarına müqavimət göstərəcək, insanları bir-birinin içində göstərəcək Ermənistan-Azərbaycan-Gürcüstan birgə komediya serialı yaratmaq ideyası yarandı. Tamaşaçılar zarafatların xətrinə baxmağa gələ, personajlara görə isə qala və baxmağa davam edə bilərdilər.
Almaniya Xarici İşlər Nazirliyi bu ideyanı bəyəndi. Biz gürcü, erməni və azərbaycanlı müəlliflər – Fazil Əliyev, Artem Petrosyan, Georgi Cavaxadze və Dito Tsintsadze ilə birgə yazdığımız ssenarinin ərsəyə gəlməsi onlar tərəfindən maliyyələşdirilib.
Bununla belə, istehsal üçün maliyyə əldə etmək demək olar ki, mümkünsüz oldu. Komediya serialı bir çox donor təşkilatlar üçün çox tanış format deyil. Düşünürəm ki, onlar bizim ssenaridə olan bəzi zarafatlardan kifayət qədər ehtiyat edirdilər və bu, onlara siyasi cəhətdən çox da düzgün görünməyə bilərdi.
Beləliklə, iki il ərzində heç bir hərəkət olmadı. “Friedrich Ebert Stiftung”un regional bölməsi mənimlə əlaqə saxlayıb pilot epizodun çəkilişinə dəstək verəcəklərini bildirəndə artıq az qala serialdan vaz keçmək üzrə idik.
Lakin sonra bütün planlara son qoyan ikinci Qarabağ müharibəsi baş verdi.
- “İnsanlar bir-birini tanımaq istəyir”: ermənilər və azərbaycanlılar nə haqda danışırlar?
- Haykanuş adlı qız və ya 10 bənzərliyi tapın
- Müharibənin sındırdığı portveyn şüşəsi
2021-ci ildə biz pilot seriyanı çəkməyə davam etmək qərarına gəldik. Amma aydın idi ki, vəziyyət tamamilə dəyişib. Beləliklə, biz ssenarini dəyişdik, çox siyasi və ya nəzakətsiz görünə biləcək hər şeyi çıxardıq. Beləliklə, yeni epizodları reklam etmək üçün yüngül yumorla bir neçə giriş səhnəsindən ibarət pilot ssenari buraxdıq.
2021-ci ilin yayında Berlində çəkiliş üçün gürcü rejissor Dito Tsintsadze ilə görüşdük. O, çəkiliş günlərində bizə öz təcrübəsi ilə bütün proses doyu öz ardınca çəkməyə nail oldu, çünki heyətin qalan hissəsi, o cümlədən də baş aktyorlar heç vaxt belə bir şey etməmişdilər.
Sonra uzun montaj prosesi oldu. Musiqisini Beka Buçukuriyə, animasiyanı isə azərbaycanlı rəssam Fidan Axundovaya həvalə etdik. Beləliklə, ilk seriyanı, nəhayət, 2022-ci ilin yazında bitirdik.
İdealda gələcəkdə daha çox epizod buraxa bilərik. Çox sayda insan hər həftə yeni seriya izləyəcək və personajların (o cümlədən də başqa ölkədən olan) həyatına getdikcə daha çox müdaxil olacaq. O ölkədən olan bir personajla empatiya qurandan, onun zarafatlarına güləndən və onun tərəfindən hekayənini daha yaxşı başa düşəndən sonra həmin ölkədə yaşayan bütöv bir xalqa nifrət etmək getdikcə çətinləşəcək.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Qafqazın indiki durumunda komediya çəkməyə dəyərmi?
Bəli, bu qədər insan üçün faciəli bir vaxtda belə yüngülvari epizodla camaatın qarşısına çıxmaq məni bir az narahat edridi.
Amma mən başa düşə bilmirəm ki, niyə problemlərin mümkün həlli kimi müharibəyə imkan verən zehniyyətə lağ edə bilmirik.
Melvin Maddok uzun müddət əvvəl müharibə və komediya haqqında yazırdı: “Əgər komediyanın məqsədi gündəlik həyatın dəliliklərini ifşa etməkdirsə, o zaman müharibə komediya aktyoru üçün ən yüksək dəlilik və ən yüksək sınaq kimi qəbul edilə bilər”.
Həmçinin, 2020-ci il müharibəsindən sonra etdiyimiz dəyişikliklərlə mən artıq “Gündəliklər” serialını komediya serialı hesab etmirəm. İndi bu, daha çox müəyyən yumorla ifadə olunmuş insan hekayəsidir. Serialı məhz indi izləməyə təqdim etməyi haqlı saymağımın əsas səbəbi də budur.
Bənzər kontekstdə çəkilmiş oxşar filmlər varmı?
Münaqişə kontekstində çəkilmiş komediya və ya əyləncə seriallarının bir neçə nümunəsi var.
Amerikanın “Common Ground” qeyri-hökumət təşkilatı bu illər ərzində bir neçə Afrika ölkəsində “Komanda” adlı uydurma personajların yer aldığı bir sıra televiziya şouları hazırlayıb. Orada keçmişində uzun zorakılıq tarixçəsi olan müxtəlif etnik mənsubiyyətli qruplara aid gənclər ortaq futbol sevgisi sayəsində dost olurlar.
Qüdsdə işləyən israilli ərəb jurnalist haqqında çox uğurlu İsrail komediya serialı olan “Ərəb əməyi” də var. Serial ərəb-İsrail stereotipləri üzərində qurulub.
Əslində komediya sərhəd tanımır. Hətta Almaniyada üç il əvvəl guya müasir Almaniyaya qayıtmış və hər cür komik hadisənin episentrinə düşən Adolf Hitler haqqında komediya filmi də çəkilmişdi (kitab əsasında).
- Qarabağ qaçqınlarının fotolarını və digər xatirələrini qoruyan avtomobil
- “Onlar bilməlidirlər ki, bizim düşmənimiz var” – uşaqlar və Qarabağ münaqişəsi
Pilot seriyaya ictimaiyyətin reaksiyası necə oldu?
Düşünürəm ki, layihədə iştirak edən hər kəs pilot seriyanın yaxşı qəbul edilməsindən heyrətlənir. Bütün müsbət və dinc şərhlərə görə hamımız çox minnətdarıq. Ümid edirdik ki, bu serialı bəyənənlər çox olacaq. Amma biz həm də çoxlu mənfi rəylərə və nifrət şərhlərinə hazırlaşırdıq. Amma biz bunları hələ görməmişik. Bu, həqiqətən gözəldir!
Təbii ki, tənqidlər də var. Xüsusən də haqsız yerə yazırlar ki, bu, Cənubi Qafqaza Qərb baxışlı Almaniya layihəsidir. Bəli, serialı alman təşkilatı maliyyələşdirib və mən özüm almanam. Amma praktiki olaraq bütün ssenari və deməli, faktiki məzmun Ermənistan, Azərbaycan və Gürcüstandan olan həmkarlar tərəfindən yazılıb. Həmçinin ssenarini bu üç ölkənin aktyorları canlandırıblar.
Bu serialda cəmi iki alman personaj var. Hər ikisi region haqqında az şey bilir və münaqişə ilə maraqlanmır, ancaq qəhrəmanların sülh və sakitlik saxlamasına çalışır. Deməli, bunları Qərbin Cənubi Qafqaz siyasətinin parodiyası kimi qəbul etmək olar.
Razı olmadığım başqa bir tənqidi şərh filmin guya qeyri-dəqiqliklər və ya yalan iddialar ehtiva etməsidir. Ancaq serialın məqsədi bu deyil. Biz nə media, nə tarixi komissiya, nə də beynəlxalq hüququn nümayəndəsi deyilik. Məqsədimiz cəmiyyətlərin yaxınlaşması prosesinə kömək etməkdir. Biz prosesə başqa tərəfdən baxırıq ki, bu da bizə sadələşdirmələr aparmağa imkan verir.
Başqa tənqidi rəylər də var və biz onları növbəti bölümlərdə mütləq nəzərə alacağıq. Təbii ki, təkmilləşdirilə bilən və edilməli olan çox şey var. Biz aşkar klişelərdən kənara çıxmaq istəyirik. Təkcə ermənilərlə azərbaycanlılar arasında deyil, həm də gürcülərlə onların qonşuları arasındakı münasibətlərin bütün mürəkkəbliyinə münasibətdə ədalətli olmağa çalışırıq.
Mən optimistəm. Nə qədər çox adam desə ki, davamını görmək istərdik, o qədər də yeni seriyaları çəkib nümayiş etdirmək şansımız olacaq.
Oliver və komanda ilə [email protected] ünvanından əlaqə saxlaya bilərsiniz