Azərbaycanlı bloqer, Şirvan sakini Eyvaz Yəhyaoğlu 28 sutkalıq həbs edilib. Ona qarşı siyasi motivli həbslər zamanı ən çox istifadə olunan ittiham irəli sürülüb – polisə itaətsizlik. “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı həbs edilmiş bloqerin dərhal azad olunmasını tələb edib.
Azərbaycanın Şirvan şəhərində tanınmış yerli bloqer, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) üzvü Eyvaz Yəhyaoğlu 28 sutkalıq həbs edilib. Bu haqda mayın 9-da partiya rəhbəri Qələndər Muxtarlı məlumat yayıb.
“Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma, Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib”, – Muxtarlı “Turan” agentliyinə bildirib.
Partiyada hamı əmindir ki, bloqer YouTube kanalındakı çıxışlarına görə həbs edilib.
Muxtarlı bildirir ki, Yəhyaoğlu sosial şəbəkədə çıxışları zamanı Şirvanda insan haqlarının pozulması, dövlət əmlakının talan edilməsi, yerli məmurların vətəndaşların şikayətlərinə laqeyd yanaşması faktlarını ictimailəşdirib.
“Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb”, – Muxtarlı qeyd edib.
Qeyd olunur ki, həbs edilmiş bloqer birinci Qarabağ müharibəsi veteranıdır.
Yəhyaoğluna dövlət tərəfindən təyin olunan vəkil Ruslan Mirzəyev bildirib ki, müvəkkili özünü təqsirli bilməyib.
Onun sözlərinə görə, Eyvaz Yəhyaoğlunun saxlanma protokoluna əsasən, o, şəhər polis şöbəsinin qarşısına gəlib və əməkdaşların ünvanına təhqirlər qışqırmağa başlayıb. Polis onu intizama dəvət etdikdə isə o, itaətsizlik göstərib.
“Amma Eyvaz Yəhyaoğlu bu iddiaları təkzib edib. O, ilk çağırışda polis idarəsinə gəldiyini və heç kimi təhqir etmədiyini bildirib. O, ittihamın qondarma olduğunu bəyan edib”, – vəkil deyib.
Yəhyaoğlunun yaxınları bildiriblər ki, həbs haqda qərardan apellyasiya şikayəti veriləcək.
Beynəlxalq təşkilatın bəyanatı
“Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı həbs edilmiş Eyvaz Yəhyaoğlunu dərhal azad etməyə çağırıb.
Təşkilatın Twitter-dəki mikrobloqunda dərc olunan məlumatda deyilir:
“Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə “tabe olmama” ittihamı ilə 28 sutka həbs edilib.
Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. “Sərhədsiz Reportyorlar” təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”.
#Azerbaijan: After being summoned by police on May 9, blogger Eyvaz Yahyaoglu was detained for 28 days on charges of "disobedience". His YouTube channel, which covers citizens' rights violations, isn’t accessible. RSF calls for an end to the pressure & for his immediate release! pic.twitter.com/oEBbkI5eac