“Azərbaycanın şərtləri beynəlxalq hüquqa əsaslanır”. Bakıdan baxış
Avropa Parlamentinin qətnaməsinə Bakıdan reaksiya
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa və Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb. Siyasi icmalçı Hacı Namazovun fikrincə, qətnamənin bəndləri “heç bir tənqidə tab gətirmir”. “Azərbaycanın şərtləri beynəlxalq hüquqa əsaslanır”, – deyə politoloq Fərhad Məmmədov bildirib.
- “Pərdəarxası danışıqlar dayanmayıb”. Zərdüşt Əlizadə Qarabağdakı vəziyyət haqda
- Almaniyadan deportasiya edilən daha bir müxalifətçi Azərbaycanda mühakimə olunub
- Yerevan və Bakı razılılaşmadan uzaqdır: Paşinyan və Əliyevin son bəyanatları
Bu gün Avropa Parlamenti Azərbaycanın Ermənistana qarşı “sentyabr təcavüzü”nü və Laçın dəhlizinin “qanunsuz blokadasını” pisləyən qətnamə qəbul edib. Avropa Parlamentinin deputatları Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar və rəsmi Bakını qoşunları çıxarmağa və hərbi əsirləri azad etməyə çağırıblar.
Avropa Parlamenti həmçinin Azərbaycan hakimiyyətindən “Laçın dəhlizi boyunca sərbəst hərəkəti dərhal bərpa etməyi” tələb edib.
Sənəddə qeyd olunur ki, “Laçın dəhlizinin bağlanması ciddi humanitar böhrana səbəb olub. Baş verənlər həm də Ermənistanla Azərbaycan arasında sülh prosesini ləngidir və beynəlxalq etimadı sarsıdır”.
Avropa Parlamenti Azərbaycanı
• 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata hörmət etməyə və yerinə yetirməyə, dərhal Laçın dəhlizini açmağa çağırıb və Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etməli olan hərtərəfli sülh sazişinin zəruriliyini vurğulayıb;
• həmçinin yerdə humanitar vəziyyəti qiymətləndirmək üçün BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasını Laçın dəhlizinə göndərməyə dəvət edib.
“Qətnamələrin bəndləri heç bir tənqidə tab gətirmir”
JAMnews siyasi icmalçı Hacı Namazovdan bu qətnaməyə münasibət bildirməyi xahiş edib. Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi rəsmi Bakının dəfələrlə və müxtəlif səviyyələrdə səsləndirdiyi məlum faktlara ziddir:
“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin haradan keçdiyini heç kim dəqiq bilmir. İndiyə qədər bu xətt praktikada mövcud olan heç bir metodologiya ilə delimitasiya edilməyib.
Qətnamənin bəndləri heç bir tənqidə tab gətirmir. Bunun da bir neçə səbəbi var:
• Azərbaycan ərazisinin işğalı zamanı təbii ki, Azərbaycanın sərhədləri 30 il ərzində pozulub. Bu dövrdə evlər, yollar inşa edilib, sərhəd kəndləri məskunlaşdırılıb. Ermənistanın cənubundakı yol ilə bağlı yalnız bir vəziyyəti xatırlatmaq yerinə düşər ki, onun bir hissəsi tamamilə qanuni əsaslarla Azərbaycanın nəzarətinə keçib. Yəni delimitasiyadan əvvəl hər hansı sərhəd pozuntusundan danışmaq məntiqsizdir. Olmayan bir şeyi pozmaq mümkün deyil.
• Hərbi əsirlərlə bağlı da Azərbaycan öz mövqeyini dəfələrlə səsləndirib. Azərbaycanın bütün hərbi əsirlərin qaytarılması öhdəliyini üzərinə götürdüyü sonuncu sənəd 2020-ci il noyabrın 10-da imzalanıb. Həmin günə qədər tutulanların hamısı geri qaytarılıb. Bu tarixdən sonra Qarabağda saxlanılanlar isə hərbi əsir sayılmır. Onlar sıravi sərhəd pozucuları, hətta silahlı şəxslərdir və Azərbaycan qanunlarına uyğun olaraq cəzalarını çəkirlər”.
“Azərbaycanın şərtləri beynəlxalq hüquqa əsaslanır”
Politoloq Fərhad Məmmədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində “Avropa vasitəçiliyi üçün tabutun qapağıdır”:
“Avropa Parlamentindən balanslı nəsə gözləməyə dəyməz. Bu, Avropa institutlarında ən anti-Azərbaycan qurumdur. Avropa Parlamentinin qətnamələrinin Azərbaycanın fəaliyyətinə təsiri sıfırdır.
Bununla yanaşı, Aİ-nin Ermənistanda Azərbaycanla razılaşmamış missiyası Aİ-ni “vicdanlı vasitəçi” rolundan daha da uzaqlaşdırır. Ermənistan Aİ-nin bu missiyasının mövcudluğundan təhlükəsizlik sisteminin bir hissəsi kimi, belə demək mümkünsə, ərazi bütövlüyünün təminatı kimi istifadə edir. Aİ belə zəmanətlər səsləndirmir, lakin Ermənistan hökuməti Aİ missiyasını bu cür interpretasiya edir. Əvvəlki illərin praktikasından göründüyü kimi, bu, Ermənistanın konstruktivliyinə gətirib çıxarmır, əksinə, bu dövlətin aqressivliyini stimullaşdırır.
Təsadüfi deyil ki, məhz Ermənistan rəhbərliyi missiyanın uzadılacağına dair təminat aldıqdan sonra Paşinyan və Mirzoyanın diskursunda Qarabağ mövzusu “etnik təmizləmə” və “soyqırım” kontekstində aktivləşib.
Bu gün Aİ-nin mövqeyi zərərlidir və o, vasitəçilik prosesindən uzaqlaşdırılır. Brüssel öz rolunu bərpa etmək üçün yenidən səylər göstərməli olacaq. Bu səylərin gedişində yalnız ərazi bütövlüyü prinsipinə birmənalı dəstək ola bilər.
Axı məhz bu prinsip Brüsselin təklif etdiyi kommunikasiyalar üzərində ölkələrin suverenliyi prinsipinin əsasını təşkil edir. Azərbaycanın Laçın yolundakı fəaliyyəti də bu prinsipə uyğundur.
Fransa və Aİ Ermənistanda ərazilərinin təhlükəsizliyi hissi yaratdıqdan sonra Ermənistanın Qarabağ istiqamətində aktivləşməsi təhdidinə Azərbaycan sadəcə reaksiya verir. Digər tərəfdən, Aİ azərbaycanlı ekoloji fəallara minnətdar olmalıdır, çünki bu aksiya və şərti sərhəddə keçid məntəqəsinin labüdlüyü ölkələrin suverenliyi əsasında yolların açılmasının həyata keçirilməsinə şərait yaradır”.
“Azərbaycan prezidenti açıq şəkildə bildirdi ki, Bakı Ermənistandan təhlükə hiss edərsə, dayanmayacaq və Ermənistan ərazisinə növbəti qabaqlayıcı zərbə endirəcək. Heç bir bayraqlı AB missiyası da maneə olmayacaq. Dövlət və vətəndaşların təhlükəsizliyinə təhdid yaranarsa, Aİ-nin rəyi Bakı üçün ikinci dərəcəlidir”, – Məmmədov əlavə edib.
Onun fikrincə, ABŞ və Aİ “Laçın yolu ilə bağlı aksiyaya dəstək verməlidirlər, çünki məhz bu aksiya Rusiyanın rolunun azalmasına gətirib çıxarıb və “Vardanyan layihəsi”nin icrasını zəiflədir”. Rusiyaya münasibətdə daxili erməni diskursunu yaradır və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası üçün qaçılmazlıq elementi yaradır”.
Azərbaycan və Aİ münasibətləri necə olacaq?
Fərhad Məmmədov əmindir ki, Aİ ilə ortamüddətli perspektivdə belə sazişlər imzalamaq mümkün olmayacaq:
“Aİ rəhbərliyi bununla razılaşmayacaq və əgər onu imzalasa, bütün üzv ölkələrin parlamentlərində ratifikasiya illər çəkəcək. Lüksemburq filan poza alacaq və proses dayanacaq.
Bununla belə, razılaşmanın olmaması Aİ ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa mane olmayacaq. Odur ki, biz bərabərhüquqlu şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan təklifə “yox” demək şərti ilə davam edəcəyik”.
“Gəlin görək, ABŞ hansı gündəmlə və kiminlə aktivləşir. Blinkenin artıq Paşinyanla söhbəti olub, biz Azərbaycan prezidenti ilə söhbəti gözləyirik. Azərbaycanın şərtləri qəbul olunarsa və bu şərtlər beynəlxalq hüquqa əsaslanarsa, proses irəli gedə bilər, əks halda diplomatiyada güzgü prinsipini heç kim ləğv etməyib. Ermənistan rəhbərliyi Qarabağ məsələsində nə qədər çox şey danışacaq və edəcəksə, Azərbaycan da “Qərbi Azərbaycan” mövzusunda o qədər çox şey danışacaq və ən əsası da edəcək. Bu isə sülh müqaviləsini uzaqlaşdırır, yaxınlaşdırmır”, – deyə politoloq əlavə edib.