Azərbaycanı heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər, buna heç gərək də yoxdur – prezident İlham Əliyev belə hesab edir
Adətən mətbuatla məsafəli olan prezident İlham Əliyev bir neçə hökumətyönlü media nümayəndəsinə müsahibə verib. 2019-cu ilin yekunlarına həsr olunmuş bu müsahibənin əsas tezislərini qısaca təqdim edirik.
• Azərbaycanda nə baş verir – yuxarıların inqilabı, yoxsa imic korreksiyası? Şərh.
Azərbaycanı Avropa İttifaqına qəbul etməyəcəklər, çünki müsəlman ölkəsidir
“Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox”.
Azərbaycanın Avropa İttifaqına daxil olması gərək deyil
“Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik”.
“Azərbaycan böhran yaşayan, islamı sıxışdıran, kişi və qadın qrasında fərq qoymayan Avropaya inteqrasiya edə bilməz”, – hələ noyabr ayında İlham Əliyev bu cür şokedici bəyanatla çıxış etmişdi.
Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etməyəcək, amma ondan çıxmayacaq da
“Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır”.
“Şərq tərəfdaşlığı” Avropa İttifaqının proqramıdır, keçmiş SSRİ-nin altı ölkəsi: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında inteqrasiya əlaqələrinin inkişaf etdirilməsini hədəfləyib.
Məmurlar ölkədəki problemlər haqda prezidentə məlumat vermirlər
“Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var – hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”.
Yüksək vəzifəli məmurların istefası genişmiqyaslı islahatların bir hissəsidir
“ İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm”.