Azərbaycandan Avropa Məhkəməsinə edilən şikayətlər son iki ildə az qala iki dəfə artıb
Azərbaycandan AİHM-ə şikayətlər
Strasburq Məhkəməsi Azərbaycanla bağlı daha iki qərarını elan edib. Bu qərarlarla müəyyən edilib ki, kompensasiyanın məbləği hələ müəyyən edilməsə də, ərizəçilərin mülkiyyət və digər hüquqları pozulub. Ərizəçilərin özləri maddi və mənəvi zərər, həmçinin məhkəmə xərclərinin ödənilməsi üçün ümumilikdə təqribən 6 milyon avro dəyərində kompensasiya tələb edirlər. Bu arada, son iki ildə Azərbaycandan Avropa Məhkəməsinə daxil olan şikayətlərin həcmi təxminən iki dəfə artıb.
- Qusarda terrorçulara qarşı əməliyyat keçirildiyi haqda rəsmi məlumat yayılıb
- Tbilisidə minlərlə nümayişçiyə qarşı zorakılıq və həbslər. Foto və video
- Bakı Metropoliteni sərnişindaşımanın maya dəyərini şişirdib. Gediş haqqı ucuzlaşacaqmı?
Tahirə Salamova və başqaları Azərbaycana qarşı
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb. Bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
Ərizəçilər Bakının mərkəzində “Qış Parkı” salınarkən evləri söküldüyü zaman mülkiyyət hüquqlarının pozulmasını və ədalətli təzminat ödənilməməsini mübahisələndiriblər.
Bildirdiklərinə görə, onlara məxsus əmlaklar iradələrinin ziddinə olaraq söküləndən sonra müxtəlif fiziki şəxslərlə müqavilə bağlamalı olublar. Həmin müqavilərdə ərizəçilərə özgəninkiləşdirilmiş mülkiyyətin hər kvadrat metri üçün 1500 AZN ödənilməsi nəzərdə tutulub. Evlərin söküntüsü zamanı ərizəçilərin bəziləri rəsmilərin zorakılığına da məruz qalıblar.
Ərizəçilər onlara məxsus əmlakların sökülməsi, özgəninkiləşdirilməsi prosesinin qanunsuzluğunu milli məhkəmələrdə mübahisələndirsələr də, onların bu cəhdləri uğursuz olub.
Onlar həmçinin Strasburq Məhkəməsinin ədalətli məhkəmə təhqiqatı, şəxsi həyata hörmət, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq, fərdi qaydada şikayət vermək və s. hüquqlarının pozulduğunu təsdiq etməsini xahiş ediblər.
AİHM Tahirə Salamova, Tamilla Məmmədova, Nadejda Sandler, Zöhrə Hacıyeva, Reyhan Hüseynova, Zaman Mahmudov, Ağali Xudayev, Alla Fətəliyeva, İlqar Novruzov, Başxanım Abbasova, Şahbəyim Hüseynova, İkram Mirzəyev, Fira İlkanayeva və Günel İsmixanovanın mülkiyyət hüquqlarının pozulduğunu təsdiq edib.
Bununla belə, AİHM təzminat ödənilməsi haqqında qərarın hələ hazır olmadığını açıqlayıb. Azərbaycan hökumətinin üzərinə üç ay ərzində təzminatlarla bağlı təklif irəli sürmək öhdəliyi qoyulub. Buna baxmayaraq, AİHM təzminatı müəyyən etmək hüququnu özündə saxlayıb.
Ərizəçilər maddi, mənəvi zərər və məhkəmə xərclərinin qarşılanması üçün ümumilikdə 10 mln. 263 min manat və 202 min 500 avro tələb ediblər.
Azərbaycandan AİHM-ə şikayətlərin sayı artır
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
Bu statistik rəqəmlər AİHM prezidentinin 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlanıb, xəbəri aihmaz.org saytı yayıb.
AİHM Azərbaycanla bağlı qərarlarında ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Bu, 20 qərarda əksini tapıb.
Mülkiyyət hüququnun pozuntusu 8, işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 6, ifadə azadlığı hüququnun pozuntusu 5, azadlıq və toxunulmazlıq, şəxsi həyata hörmət, yaşamaq və birləşmək hüquqlarının pozuntuları 4 qərarda tanınıb.
Hazırda Azərbaycandan AİHM-ə göndərilmiş 1968 ərizə baxılmasını gözləyir. Bu göstəriciyə görə ölkə 8-ci yeri tutur.
Eyni zamanda, Azərbaycandan göndərilmiş şikayətlərin sayında artım müşahidə olunur. Azərbaycandan AİHM-ə 2022-ci ildə 389, 2023-cü ildə 438 şikayət göndərilmişdisə, 2024-cü ildə şikayətlərin sayı 600-ə çatıb.