Azərbaycandakı gürcülər: özünəməxsusluq və yadlıq arasında
Nika Musavi, Bəşir Kitaçayev, Bakı
Əlibəyli Qax rayonunun əsasən etnik gürcülər yaşayan kəndlərindən biridir. Vikipediyada Əlibəyli sakinləri “ingiloylar” adlandırılır, amma onlar özləri bununla razılaşmır və özlərini əsl gürcü hesab edirlər. Həqiqətən də onlarda hər şey eynilə gürcülərdə olduğu kimidir – bayramlar, məclislər, dil, kilsə, hətta çaxırı da kveri adlanan küplərdə, gürcü şərabçılığının bütün qaydalarına uyğun hazırlayırlar. Doğma kəndlərini də Alibeqlo adlandırırlar.
İki ölkə arasındakı kənddə insanların həyatı necə keçir?
P
ayız olsa da günorta hava isti, ətraf sakitlikdir. Əlibəylidə fındıq yığımının qızğın vaxtıdır, demək olar ki, kəndin bütün əli iş tutatn camaatı fındıqlıqlara gedib. Ancaq motosiklet motorunun boğuq “nəriltisi” və onların dalınca hürüşən itlərin səsi eşidilir. Kəndin girişində Mədəniyyət Evinin həyətində köhnə pyedestalın ətrafında, otun içində toyuqlar özlərinə yem axtarır. Pyedestalın üzərində isə İosif Stalinin heykəli ucalır. Deyilənlərə görə, ötən əsrin 50-ci illərində heykəli sökmək istəyiblər, amma yerli sakinlər imkan verməyib. Sonra isə bu heykəl tamam yaddan çıxıb və zamanla Əlibəylinin az qala əsas rəmzlərindən birinə çevrilib.
İngiloylar kimdir?
2009-cu ildə həyata keçirilən son əhalinin siyahıya alınmasına əsasən, Azərbaycanda 10 min nəfərə yaxın gürcü (Azərbaycan vətəndaşı olaraq) yaşayır. Bu, ümumi ölkə əhalisinin təxminən 0,1 faizini təşkil edir. Gürcülərin əksəriyyəti ölkənin şimal-qərbində Qax və Zaqatala rayonlarda məskunlaşıb.
“Gürcüstanda bizi əsl gürcü hesab etmirlər. Amma insanlar bizə qonaq gələndə, necə yaşadığımızı, necə toy elədiyimizi, hansı yeməkləri bişirdiyimizi görürlər və əmin olurlar ki, biz də onlarla eyniyik”, – Qax şəhərində yaşayan 63 yaşlı Vasili Tartaraşvili deyir.
Anası rus olan Vasili Tartaraşvili rus məktəbində oxuyub və onun bütün dostları ruslar və azərbaycanlılar olub.
Vasili təhsilini davam etdirmək üçün Bakıya gedib, bir müddət paytaxtda yaşayıb, sonra isə yenidən Qaxa qayıdıb. Həmişə özünü “natamam gürcü” kimi hiss etdiyi üçün şüurlu şəkildə gürcü qadınla evlənib ki, onunla əsl gürcü ailəsi qura bilsin.
O zamandan bəri iyirmi ildən çox zaman keçib. Vasili Viktoroviçin qızı Tbilisidə ərə gedib, oğlu Viktor isə Gürcüstanda təhsil alandan sonra ata evinə qayıdıb və Əlibəylidən olan qızla – Nana ilə evlənib. Viktor və Nana 2011-ci ildə “səhvən” tanış olublar. Oğlan qohumlarından kiməsə zəng vururmuş, amma nömrəni səhv salıb və zəngə Nana cavab verib. İndi onlar Qaxda yaşayırlar və ilk övladlarını gözləyirlər.
“İngiloylar” anlayışına gəlincə, yerli sakinlər deyirlər ki, onları yox, neçə əsr əvvəl xristianlıqdan müsəlmanlığa keçən gürcüləri belə adlandırmaq lazımdır. İndi onlar əsasən, Qaxla qonşuluqda, Zaqatala rayonunda yaşayırlar.
Gürcü həyat tərzi
Qaxdan təxminən 25 kilometrlik məsafədə yerləşən Əlibəyli/Alibeqlo kifayət qədər abad və rifahı yerində bir kənddir: burada məktəb, uşaq bağçası, xəstəxana və hətta teatr da var.
Əsas biznes sahəsi fındıqdır. Adambaşına bir hektar torpaq sahəsi düşür – bu, orta hesabla Azərbaycan üzrə ən çox pay torpaqdır.
Əlibəylidə heç kim hakimiyyətdən şikayətçi deyil – kənddə qaz var, elektrik var, qalan problemləri sakinlər müstəqil şəkildə həll edirlər.
İngiloyların fəxr etdiyi “əsl gürcü” həyat tərzi hər şeydən əvvəl məclis ənənəsidir. Kabab donuz ətindən çəkilir və kveri adlanan yerə basdırılmış gil küpdə hazırlanan ev çaxırı ilə nuş edilir.
Başqa ənənələr də var – məsələn, dinlə bağlı məsələlər – uşaqların xaç suyuna salınması, Müqəddər Georgi bayramı. Ölənlərə yas saxlayarkən “sakmel edirlər” – bir küncdə buxur yandırır, mərhumun vaxtilə sevdiyi yeməkləri hazırlayırlar.
Ali təhsil üçün yalnız Tbilisiyə
Əlibəyli kəndində yenicə təmirdən çıxan bir məktəb var, orada tədris gürcü dilində aparılır. Yerli sakinlərdən Azərbaycan dilində demək olar ki heç kim danışmır – bu dil onlara çox lazım da olmur.
Məktəb 216 şagird üçün nəzərdə tutulub, amma indi orada 161 uşaq təhsiil alır. Onlara demək olar ki, hamısı yerlilərdən ibarət olan 35 müəllim dərs deyir.
Məktəb direktoru Arno Sanaşvili danışır ki, dərsliklər ya Gürcüstandan gətirilir, ya da Azərbaycanın rusdilli məktəblərində istifasdə olunan dərslikləri gürcü dilinə tərcümə edirlər.
“Yalnız tarix dərslikləri ilə bağlı problem var. Çünki tarix hər halda siyasi məqamdır”, – Sanaşvili deyir.
İş orasındadır ki, Gürcüstan və Azərbaycanda bəzi tarixi hadisələrlə bağlı versiyalar fərqlənir. “Özlərinə qarşı çıxmamaq üçün” burada Azərbaycan dərsliklərindən istifadə etmək olmaz, hökumətə qarşı çıxmamaq üçün isə Gürcüstan dərsliklərindən yararlanmaq mümkün deyil.
Arno Sanaşvili Əlibəylidə doğulub və bütün həyatını burada yaşayıb. Onun iki qızı Tbilisidə ərdədir, oğlu isə kənddə qalıb. Təxminən bütün ailələrdə eyni vəziyyətdir – məktəbi bitirən kimi bütün gənclər kənddən gedir. Yalnız gürcü dilini bildikləri üçün onlar ali təhsili yalnız Gürcüstanda ala bilirlər.
“Amma yaşlandıqca yenə də doğma kənd onları geri çəkir”, – Arno Sanaşvili deyir.
Rəsmi məlumata əsasən, Əlibəylidə iki min sakin var. Yerlilər deyirlər ki, əslində onların sayı daha azdır. Statistikanın bütün qüsurlarına baxmayaraq, bir şey aydındır – kənd əhalisi son 10 il ərzində əhəmiyyətli dərəcədə nə artmayıb, nə də azalmayıb. Gürcüstana gedənlərin sayəsində sakinlərin sayı çoxalmır, qayıdıb gələnlər sayəsində də azalmır.
Gürcü azlığın etnik kimliyini qoruması – nailiyyət, yoxsa problem?
Azərbaycanda milli azlıqların problemlərini hüquq müdafiəçiləri ənənəvi olaraq milli kimliyin qorunması prizmasından nəzərdən keçirirlər – xalqlara öz ənənələrini qorumağa, doğma dilində danışmağa icazə verirlərmi? Assimilyasiya problemi, xüsusən də azsaylı gürcü xalqına münasibətdə, prinsipcə, diqqətdən kənarda qalır.
Ölkənin şimalında yaşayan minlərlə ingiloyun ölkə həyatından kənarda qalması və tədricən Gürcüstana köçməsi Azərbaycanda heç vaxt problem kimi qəbul edilməyib.
Əksinə, Əlibəyli və digər gürcü kəndlərinə tez-tez Gürcüstan məmurlarını gətirib, göstərirlər ki, orada onların dili və mədəniyyəti üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov hesab edir ki, gürcülərin Azərbaycanda məşğulluq problemi etnik mənsubiyyətləri ilə yox, sırf dil baryeri ilə bağlıdır. Misal olaraq o, hakim Rafael Qvaladzeni göstərir. Azərbaycan dilinə yaxşı hakim olan Qvaladze bu yaxınlara qədər ölkənin ən yüksək məhkəmə instansiyasında – Konstitusiya Məhkəməsində çalışıb.
“Başqa məsələdir ki, gürcü məktəblərində Azərbaycan dilinin tədrisi axsayır (elə tədrisin rus dilində olduğu məktəblərdəki kimi). Hakimiyyətin Azərbaycan dilini öyrənməyə məcbur etmək yönündə birbaşa cəhdləri nəticəsində də dil azlıqları öz dil gettosuna çəkilir, ictimai həyatdan kənarlaşır, hətta öz dil mühitinə köç edirlər. Məsələn, 1999-cu və 2009-cu illərin siyahıya alınması arasında gürcü əhalinin sayı 14900 nəfərdən 9900 nəfərə qədər azalıb, yəni bir yarım dəfə. Risk edib bunun gürcü gənclərin Gürcüstana köç etməsi və bununla əlaqədar olaraq doğum hallarının azalması ilə bağlı olduğunu ehtimal edəcəm. Ola bilər ki, bu, kiməsə sərf edir: adam yoxdur – problem yoxdur, amma bu yanaşma dəqiq avropasayağı deyil”.
Eldar Zeynalov xatırladır ki, ölkə hakimiyyəti hələ 2001-ci ildə Avropa Şurası qarşısında öhdəlik götürsə də, Azərbaycanda indiyə qədər milli azlıqlarla bağlı qanun qəbul edilməyib.
K
ənd mağazasının piştaxtasına konfet, makaron, büllur vazalar və şişirtmə fil düzülüb. Bu cür mağazalardan birinin sahibi olan yaşlı ər-arvad heç cürə adlarını demək istəmirlər, amma qürurla danışırlar ki, oğullarından biri Tbilisiyə gedib, hüquqşünas təhsili alandan sonra seçimdən keçə bilib və indi prokurorluqda işləyir. Onların ikinci oğlu isə kənddə qalıb, qapıda duranlar da onun həyat yoldaşı və uşaqlarıdır.
Amma dördyaşlı Elene çox həvəslə müsahibə verir, o, az-maz ingilis dilində danışa bilir: “Elene, jurnalistlərə müsahibə verərsən?” Qızcığaz çağırılmamış qonaqları ciddi və zəhmlə gözdən keçirib, nənəsindən gürcü dilində soruşur: “Bəs bunların mikrofonu hanı?”
Mağazanın yanından tünd narıncı furqon keçir, maşının içindən səsgücləndirici ilə anlaşılmaz nəsə qışqırırlar.
— Bu nədir?
— Tone satırlar. Gürcü çörəyinin bişirildiyi gil sobalar.
Biz çıxıb gedəndə Elene mağazanın qarşısındakı üzüm tənəyinin dolaşdığı çardağın altına çıxıb, bizə əl yelləyir və ilk dəfə gülümsəyir:
— Bye!
“Onlar səmimi olmayıb”
Tam təsadüfən Gürcüstanda rastlaşdığımız gənc Əlibəyli sakini David də məktəbi bitirəndən sonra kəndi tərk edib. Onun sözlərinə görə, Azərbaycanda heç nəyə nail ola bilməyəcəyini anladığı üçün bunu etməli olub.
“Əgər Qaxdakı və Əlibəylidəki gürcülər özlərinə qarşı heç bir diskriminasiya hiss etmədiklərini deyirdilərsə, o zaman onlar səmimi olmayıb, ya da ehtiyatlı davranıblar. Əslində diskriminasiya var, açıq-aydın olmasa da, xırdalıqlarda ifadə olunsa da. Məsələn, xəstəxanada əlində talon gözləyirsən, görürsən ki, azərbaycanlıları növbəsiz buraxırlar, gürcülər isə gözləməli olur. Dilə gəlincə, mən Azərbaycan dilini bilirəm, amma yenə də anlayırdım ki, Azərbaycanda çətin karyera qura biləm”.
Gürcüstandakı ingiloylar – qayıtmaq üçün getmək
Xatiya Qoqoberidze, Tbilisi
23 yaşlı Giorgi (ad dəyişdirilib) Azərbaycandan Tbilisiyə 2012-ci ildə gəlib. O, Saingilodakı [Gürcüstanda və yerli gürcü əhalisi yaşayan kəndlərdə bölgəni belə adlandırırlar – Red.] qohumlarına görə narahat olduğu üçün adının açıqlanmasını istəmir.
O, Qaxdandır, yerli məktəbi gürcü dilində bitirib.
Gürcüstan dövləti milli dil imtahanında mininal baryeri aşa bilən Azərbaycandan olan gürcülərin ali məktəblərdə pulsuz təhsil almasını təmin edir. Beləcə Giorgi Tbilisi Dövlət Universitetinə qəbul olub, hazırda həmin ali məktəbin magistraturasında təhsil alır. Eyni zamanda restoranda ofisiant işləyir.
O deyir ki, Tbilisiyə gələndə tamam yad mühitə düşüb, ona buraya alışmaq çox çətin olub.
“Bəlkə də siz təəccüblənəcəksiz, amma mənim üçün ən qəribə hadisə birinci kursda ilk dəfə leksiyada seks sözünü eşitməyim olub”.
Onun sözlərinə görə, bu cür mövzuları ingiloylar arasında müzakirə etmək qəbuledilməz sayılır.
TDU-da təhsil aldığı müddətdə o, daha əvvəl tanış olmayan başqa şeylərlə də qarşılaşıb. Məsələn, buna qədər QİÇS və ya HİV haqda heç bir məlumatı olmayıb – universitetdə bu sözləri eşidəndən sonra “google”layaraq söhbətin nədən getdiyini anlamağa çalışıb.
“(Məktəbdə) 1995-ci ildə nəşr olunmuş kitablarla təhsil alırsansa, hansı təhsildən söhbət gedə bilər?” – Giorgi deyir.
Gürcü dilli orta təhsilinə baxmayaraq, o, Gürcüstanda dil baryeri ilə qarşılaşıb. Məlum olub ki, o, danışdığından daha yaxşı danışırmış, bəzən isə ətrafdakıların anlamadığı dialekti üzündən pis vəziyyətlərə düşüb.
Onun üçün ən böyük problem Gürcüstan vətəndaşlığının olmamasıdır. O deyir ki, Azərbaycan vətəndaşlığından imtina etməyənə qədər Gürcüstan dövləti ona vətəndaşlıq verməkdən imtina edir. Əmindir ki, Azərbaycanda böyük məbləğdə rüşvət verməsə, bu məsələni həll edə bilməz.
Giorgi vətənə qayıtmaq istəmir. O, Tbilisidə təhsilini və işini davam etdirmək niyyətindədir. O, Bakıya köçməyi alternativ kimi nəzərdən keçirmir, çünki “böyük pulları” olmadan orada özünə həyat qura biləcəyinə inanmır.
Amma bəzən hətta Gürcüstan cəmiyyətində də özünü narahat hiss edir. Bəzi başqa naxoş hadisələr də olub, məsələn, bir dəfə ondan “siz tatarlar gürcü dilində necə oxuyursuz?” deyə soruşublar. Belə durumlarda o, Saingiloda gürcülərin öz dillərini və dinlərini necə qoruya bildiklərini izah etməyə çalışır.
Giorgi bir çox gürcülərin bu gün demək olar ki, Saingilo haqda heç nə bilmədiyi üçün məyus olur.
21 yaşlı Roman Nuroşvili gələcək neyrocərrahdır, Tbilisi Dövlət Universitetinin tibb fakültəsinin beşinci kursunda oxuyur. O da Qax rayonundandır, yerli gürcü məktəbində təhsil alıbonun sinif yoldaşlarından çoxu onun kimi Tbilisiyə köçüblər.
Universitet Romanın xoşuna gəlir. O deyir ki, burada oxumaq maraqlıdır və özünü rahat hiss edir.
Təhsili bitəndən sonra o da Gürcüstanda qalıb işləmək niyyətindədir.
“Əgər mən Saingiloya qayıtsam, neyrocərrah işləyə bilməyəcəm. Mən təhsil qrantı almaq və təhsilimi xaricdə davam etdirmək istəyirəm, amma vətəndaşlığıma görə bilmirəm, bu, nə dərəcədə mümkündür”, – Roma deyir.
Giorgidən fərqli olaraq, o, Gürcüstanda daimi yaşayış hüququ alıb, bu da onun təhsil almağını və işləməyini rahatlaşdırır, amma seçkilərdə iştirakına və ya Avropa İttifaqı ölkələrinə vizasız getmək imkanı vermir. Bundan başqa, banklar da ona kredit vermir.
Roma deyir ki, onun nə vətəndaşlığı, nə daimi yaşamaq hüququ olmayan dostları var, buna görə də onlar işçi ilə rəsmi müqavilə bağlanmayan işlərdə çalışmalı olurlar.
O, Saingilodakı gürcü məktəblərindəki problemlərdən də danışdı. Özü 2000-ci ildə Gürcüstanda dərc olunan dərsliklər üzrə təhsil alıb. Yuxarı siniflərdə dərslik ardınca Tbilisiyə getməli olub. Amma daha sonra Azərbaycan dövləti Gürcüstandan gətirilən dərsliklərə, əsasən də tarix və dinlə bağlı dərsliklərə məhdudiyyət qoyub. Gürcüstan tarixi və çoğrafiyası məktəbdə ümumiyyətlə tədris edilmir.
İndi Romanın kiçik bacısı məktəbdə oxuyur – artıq Azərbaycan dilindən gürcü dilinə tərcümə edilmiş dərsliklərlə. Hər bir dərslikdə Azərbaycan prezidenti İlham Əliyevin portreti və Azərbaycanın dövlət rəmzlərinin əksi var.
Onun bacısı da təhsilini Tbilisidə davam etdirməyi planlaşdırır.
“Valideynlər bilir ki, əgər övladları orada (Azərbaycanda) oxusa, onların perspektivi olmayacaq. Buna görə də, uşaqlarının Gürcüstanda təhsil almasına üstünlük verirlər. Bununla belə valideynlərin əksəriyyəti istəyir ki, övladları təhsillərini bitirəndən sonra geri qayıtsınlar. Amma bilmirlər ki, onlar nə işlə məşğul olsun. Geri qayıdanların çoxu iş tapa bilmməyib”, – Roma deyir.
O, ailəsini mümkün qədər çox ziyarət etməyə çalışır – xüsusən də Müqəddəs Georgi, Pasxa və ya Yeni İl bayramlarında.
Deyir ki, hətta iş və təhsil üçün Gürcüstana üz tutan ingiloylar da öz doğma vətənini həmişəlik tərk etmək istəmir.
“Çox nadir hallarda kimsə evini satıb, buraya köçür… Burada işləyənlərin çoxu isə yaşlandıqdan sonra yenidən öz evlərinə qayıdırlar”, – Roma deyir.