Azərbaycanda zəlzələnin nəticələri: 30 nəfər zərərçəkən və çatlayan rəsədxana
Paylaşmaq
Paylaşmaq
Foto: Azertag
İki sınıq, bir zədə, beyinə qansızma və çoxlu sarsıntı – bunlar fevralın 5-də gecə Azərbaycanda baş verən zəlzələnin nəticələridir. Həlak olan yoxdur.
Ümumilikdə tibbi yardım üçün 30 nəfər müraciət edib. Onlardan üçü xəsarət alıb, birinin beyninə qan sızıb, qalanlar isə əsasən sarsıntı üzündən təzyiqlərinin yüksəldiyindən şikayətləniblər.
Zəlzələ nəticəsində yaşayış evlərinə də ziyan dəyib, beş məktəb binasında çat əmələ gəlib, Şamaxı rəsədxanası da cüzi zədələnib.
Fevralın 7-də prezident İlham Əliyev hadisə yerini nəzərdən keçirmək və əhali ilə ünsiyyətdə olmaq üçün Şamaxıya yollanıb.
Zəlzələnin episentri Şamaxı-İsmayıllı zonasında olub. 4-5 bal gücündə iki güclü və bir neçə zəif təkan qeydə alınıb. Ən çox Şamaxı şəhəri ziyan çəkib.
Bakıya qədər yalnız zəlzələnin zəif dalğası gəlib çatıb. Şəhərin bəzi rayonlarının sakinləri təkanları hiss etsələr də, digərləri heç nə hiss etməyib.
Zəlzələ sosial şəbəkələrdə fəal müzakirə olunub. İnsanlar təəssüratlarını bölüşüb. “Əvvəlcədən xəbərdarlıq etmədikləri üçün” məmurları tənqid edənlər də tapılıb (onlar zəlzələnin əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmdığına inanmırlar).
Şamaxı Azərbaycanın ən seysmik zonasıdır. Burada ən güclü və dağıdıcı zəlzələlər 1859-cu və 1902-ci illərdə baş verib. Bakıda zəlzələ nadir hallarda qeydə alınır. Ən yadda qalan zəlzələ 2000-ci ildə baş verib – ciddi dağıntılar olmasa da, bir nəfər şokdan həyatını itirib, 31 nəfər yaralanıb.