Azərbaycanda yenilik axtarışında olan gənc qızın hekayəsi
Pəri Abbaslı maraqlı, lakin yaşadığı ölkədə onu kifayət qədər qane etməyən sahələrdə özünü inkişaf etdirməyi qarşısına məqsəd qoyub. JAMnews-un bugünkü həmsöhbəti Azərbaycanda yenilik axtarışında olan gənc qızdır.
- Azərbaycanlı kospleyerlər: Onlar kimdir və nə istəyirlər?
- Azərbaycanda feminizm olduğu kimi
- “Qayınanam komandirlik edir, ona cavab qaytarmaq olmaz”
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsinin hobbiləri mütaliə, filmlər və podkast dinləməkdir. O düşünür ki, hər gün yeni bir şey öyrənərək, özünə olan mənəvi borcunu ödəyir.
“İnsan qarşısına nə qədər çətin görünən məqsəd qoysa, o qədər uğurlu olar. Hər kəs hansısa yolu keçir, amma sən həmin yolda fərqli bir şey etməyə çalışmalısan. Bu, məndə yeniyetməlik dövründən qalmış kompleksdir ki, hamıdan fərqli olmalıyam. Buna görə də, özümü hər yerdə sınamağa çalışıram. Təbii ki, çox vaxt uğursuz alınır. Amma bilirəm ki, ən azı gərəkli arxivim var”, – Pəri deyir.
Pəri həvəskar fotoqraf kimi
Pərinin fotoqrafiyaya olan həvəsi 13 yaşından başlayıb.
“Deyə bilmərəm ki, çox möhtəşəm kadrlar çəkmişəm. Lakin peşman deyiləm, əsas odur ki, öz üzərimdə çalışıram”, – həmsöhbətimiz söyləyir.
O, fotoları olduğu kimi yox, müxtəlif qəliz proqramlarda ələkdən keçirərək paylaşır. InDesign, Adobe Photoshop, Lightroom, AfterEffect, Premiere kimi proqramlarda rahat işləməyi bacarır. O, bunların hər birini özü təkbaşına öyrənib.
“2014-cü ildə Wattpad-də yazılar yazırdım. Orada yazanlara təklif etdim ki, kitablar yazırıq, lakin daha estetik olsun deyə, kitablarımıza üz qabığı düzəldə bilərik. Elə bu fikirlə proqramları internetdən öyrənməyə başladım. Müəlliflərə də bunu təmənnasız edirdim. Daha sonra müxtəlif təlimlərdə, təcrübə proqramlarında özümü inkişaf etdirmişəm. Ən yaxşısı olmasam da, düzəltdiyim işlər ürəyimə yatır”, – Pəri bildirir.
O, çəkdiyi fotoları @perileoid “Instagram” hesabı üzərindən izləyiciləri ilə paylaşır.
Könüllülük, təcrübə proqramları
Pərinin könüllü olduğu yerlər, əsasən, incəsənətlə bağlı olub. O, “DokuBaku” film festivalında könüllü kimi iştirak edib:
“İrəli radio”da və Amerikada təhsil almış azərbaycanlıların ictimai birliyində təcrübəçi kimi fəaliyyət göstərmişəm. Radioda veriliş aparırdım, digərində isə tədbirlər təşkil edirdik. Normalda heç xəbərim olmayan tədbirləri təşkil edənlərdən biri idim”.
“Atəşçalan Prometey”
Pərinin ən böyük hobbilərindən biri podkastlardır. O, ilk dəfə 1-ci kursda oxuyan zaman “Buqələmunizm” adlı podkast yaradıb. Uğurlu olmasa da, bu yolda ilk addımı olub. İndi isə qrup yoldaşı Çiçək Məmmədova ilə “Atəşçalan Prometey” adlı podkastın həmmüəllifidir.
“Biz bu podkastda XIX və XX əsr mətbuat nümayəndələrinin məqalələrini oxuyub təhlil edirik. Fərqli rubrikalar əlavə etmişik ki, jurnalistika ilə maraqlanmayan insanlar da bizə qulaq asıb, zövq ala bilsinlər. Özümüz də bu müddət ərzində zövq alırıq”, – Pəri deyir.
Həmsöhbətimiz deyir ki, 2-3 dinləyici də olsa, bu, onlar üçün dünyaya bərabərdir: “Azərbaycan dilində podkast düzəltmək, hələ ki, mətbuat haqqında… Siz də başa düşərsiniz ki, böyük gözləntimiz ola bilməz. Biz bunu hələlik əyləncə üçün edirik. Gözləntimiz olmamağı bizi sevindirir. Qəlbimiz qırılmır, motivasiyamız da düşmür”.
Qeyd edək ki, bu podkast Spotify, Youtube, SoundCloud, Google Podcasts kimi bir çox yerdə paylaşılır. Hər uyğun yerdə paylaşmaq səbəbləri isə həmin şəbəkələrdə Azərbaycan dilində kontent yaratmaqdır.
The Abbaslı Effect
Pəri Abbaslı 16 yaşından bəri şəxsi bloqunu yaradıb. Bloqda müxtəlif məqalələr, tərcümələr, müsahibələr var.
“Məni türkiyəli dostlarım bloq açmağa həvəsləndirdilər və özümü sınamaq qərarına gəldim. Əvvəllər xüsusi mövzum yox idi, marağımı çəkən hər şeydən yazırdım. Daha sonra “Dadaizm” haqqında araşdırma məqaləsi yazdım. Gözləmədiyim qədər marağa səbəb oldu. Bir çox rəy gəldi, insanlar fikir bildirməyə başladılar. Bundan sonra qərar verdim ki, incəsənət sahəsində Azərbaycan dilində baza yaradım. İnsanlar bu dildə də bir çox mövzularla bağlı məlumat tapa bilsinlər”.
Pərinin ən böyük motivasiyası budur ki, indi olmasa da, nə vaxtsa insanlara araşdırmaları, məqalələri lazım olacaq.
“Üçüncü mərtəbə”
Pəri Abbaslı BDU-nun radiosunda bir müddət “Üçüncü mərtəbə” adlı radioverilişin aparıcısı olub. Verilişin adı isə jurnalistika fakültəsinin 3-cü mərtəbədə yerləşməsi ilə bağlıdır:
“Verilişin məqsədi gənclərə maraqlı bir şey təqdim etmək idi. Bunu da məhz jurnalistika fakültəsi etməli idi deyə düşünürdüm. Həm də BDU TV və radioda digər fakültə tələbələrinin daha aktiv olması məni qıcıqlandırırdı. Düzü, onları günahlandırmıram, lakin fakültəmizin tənbəllik etməsini düzgün qəbul etmirdim deyə, mən də onları iki mərtəbə yuxarı qaldırmağa qərar verdim, lakin qonaq kimi. Verilişdə qonaqlarım fakültənin maraqlı tələbələri idi”.
Azərbaycanda yenilik axtarışında olan gənc qızın tövsiyəsi
Pəri gənclərə çox mütaliə etməyi məsləhət görür, xüsusilə də, XX əsrin yazıçılarının əsərlərini. “Ən yaxşı sənədli materiallar o əsərlərdədir. İlyas Əfəndiyevə, Mehdi Hüseynə, “Üçatılan”, “Kin” kimi dəyərli əsərlərə mütləq baxmaq lazımdır”, – qəhrəmanımız deyir.
Son olaraq, Pəridən bir neçə maraqlı podkast tövsiyəsi: “Utopia FM”, “Bun Ga Ku”, “Philosophize this”, “The two princes”.