Azərbaycanda yanıq xəsarətləri alanlar harada və necə müalicə olunur?
Azərbaycanda yanıq müalicəsi
“Dekabrın 13-ü idi. Qardaşımgilə getmişdik. Qızım Mədinə məktəbdən yeni gəlmişdi. Yemək üçün mətbəxə keçdi. Qaynar sulu yeməyi boşqaba töküb süfrəyə qoymaq istəyəndə qəfil ayağa qalxdı. Toqquşduq və əlimdəki yemək üzündən aşağı boynuna, boğazına töküldü”.
33 yaşlı iki uşaq anası Həvva Salman deyir ki, başlarına bu hadisə gələnə qədər yanıq xəsarəti alanların tibbi yardım almaqla bağlı ciddi problem yaşadıqları haqda xəbərsiz olub.
“Elə o andaca paltarını soyundurmağa çalışdıq. İlkin müdaxilə olaraq diş pastası vurduq, yaxşı təsir etdiyini eşitmişdik. Sonradan həkimdən öyrəndik ki, onu da etmək olmazmış. Biz xəstəxanaya çatanadək, uşaq dəridən çıxdı”.
Ailə qərar verir ki, uşağı 1 saylı Kliniki Tibbi Mərkəzə aparsınlar. Həvva Salmanın sözlərinə görə orada balaca Mədinəyə tibbi yardım göstərməyiblər.
“Dedilər biz yanıq qəbul etmirik, yanıq şöbəsi 5 nömrəli xəstəxanadadır. Onu da 6 nömrəliyə köçürüblər deyəsən. Getdik 6 nömrəliyə. Heç qucağımızdakı uşağa baxan olmadı. Dedilər şəhərdə heç bir xəstəxanada yanıq mərkəzi yoxdur. Hamısını Buzovnaya köçürüblər.
Buz kimi havada, yağış da yağır, çılpaq uşaqla qalmışıq və bizi qəbul edən heç bir xəstəxana yoxdur. Buzovna isə olduğumuz yerdən tıxac olmadığı halda 1 saat uzaqlıqda yerləşir.
Yolumuzun üstü olduğuna görə bir ümid Baku Medical Plazaya da getdik. Məlum oldu ki, orada da yanıq şöbəsi yox imiş. Çar-naçar Buzovna yolunu tutduq”.
“Xəstəxanada həkimlər yaxşıdır, şərait isə yoxdur”
Uşağı, nəhayət, Buzovnada yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırırlar. Beləcə 3-cü dərəcəli yanıq xəsarətləri alan azyaşlıya hadisədən 5 saat sonra tibbi müdaxilə olunur.
“Xəstəxanaya çatandan sonra sağ olsunlar həkimlər tez müdaxilə etdilər. Uşağın yaralarını təmizləyərkən onun ağrılarını nəzərə alaraq nazını çəkirdilər. Bu da işin önəmli bir tərəfidir azyaşlı xəstə üçün.
Xəstəxananın şəraiti ilə bağlı isə eyni sözü deyə bilməcəyəm təəssüf ki. Kimsəsiz tənha bir yerdə yerləşir, qapısını güclə tapdıq. Girişində xəstəxananın adı belə yazılmayıb. Şöbənin adı isə qapıya A4 kağızında yazılıb, o da hərf səhvi ilə – “Yanığ Şöbəsi”.
Mətbəx boyda balaca bir otaqda müdaxilə etdilər uşağa. Elektrik plitəsilə qızdırılan otaq soyuq idi. Uşaq titrəyirdi. Ədyal istədik üstünü örtməyə, dedilər yoxdur.
Bizdən sonra təcili yardım maşınıyla başqa xəstə uşaq gətiriləndə öyrəndik ki, şöbə elə həmin bir otaqdan ibarət imiş. O uşaq da yanıq xəsarətilə bütün şəhəri gəzib sonra gəlmişdi”.
Həvva Salman deyir ki, həmin gün yolda TƏBİB-lə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) əlaqə saxlayıb, kömək istəyiblər. Amma onun sözlərinə görə, qurumdan da yanıq şöbəsinin ancaq Buzovnadakı 14 saylı xəstəxanada olduğu bildirilib.
“Biz bu boyda şəhərdə yanıq mərkəzinin sadəcə Buzovnada olmasının çox təəccüblü olduğunu bildirəndə isə bizə verilən cavab bu oldu ki, gərək təcili yardıma zəng edib onunla aparardınız”, – Həvva Salman deyir.
Bütün ölkədə cəmi bir ixtisaslaşmış yanıq mərkəzi var?
TƏBİB-in mətbuatla əlaqələr şöbəsindən “JAMnews”a verilən açıqlamadan anlaşılan odur ki, Azərbaycanda yalnız bir ixtisaslaşmış yanıq mərkəzi mövcuddur. Bakıdan kənar, uzaq rayonlarda yaşayan vətəndaşların belə bu ünvandan başqa gedəcək bir yeri yoxdur.
“Yanıq xəsarətləri almış şəxslərin hər birinə zəruri tibbi xidməti göstərmək üçün tibb müəssisələrimizdə müvafiq şöbələr fəaliyyət göstərir. Ağırlıq dərəcəsinə uyğun olaraq daha ixtisaslı tibbi xidmət zərurəti yarandığı halda pasiyentlər Bakı şəhərinə ixtisaslaşmış mərkəzə təxliyə olunur”, – deyə TƏBİB-dən bildirilib.
“Xəstəxanaların ilk yardımdan imtina etmək hüququ yoxdur”
Professor Adil Qeybulla bildirir ki, ixtisaslaşmış yanıq mərkəzi olmasa belə, istənilən xəstəxanada xəstəyə ilkin müdaxilə edilməli idi.
“Yanıq xəsarətləri alanlar təxirəsalınmaz yardıma ehtiyacı olan xəstələrdir. Burada ən azından ilkin həkim yardımının göstərilməsi istənilən cərrahi profili olan xəsatəxanada həyata keçirilməlidir. Hətta adi xəstəxanalar da onu edə bilər. Sarğı materialları, steril avadanlıqları olan xəstəxanaların hamısı bunu həyata keçirməyi bacarmalıdır.
O ki qaldı ağır yanıq xəstələri, bunlar, əlbəttə ki, ixtisaslaşmış reanimasiyaya yerləşdirilməlidirlər. Bunun üçün əvvəllər 5 nömrəli xəstəxananın yanıq mərkəzi var idi, indi onu köçürüblər. Amma istənilən cərrahi xəstəxanada yanıq xəsarətləri müalicə oluna bilməlidir. Dünyanın hər yerində təcrübə belədir. Xəstəxanaların ilk yardımdan imtina etmək hüququ yoxdur”, – deyə həkim vurğulayır.
Adil Qeybulla əlavə edir ki, icbari tibbi sığorta sisteminə keçiddən sonra xəstəxanalar hələ yeni sistemə tam uyğunlaşmayıb deyə, belə problemlər yaranır.
“Bilirsiniz indi icbari tibbi sığorta sisteminə keçilib deyə, xəstəxanalar arasında bu assosiativ əlaqələr tam qurulmayıb. Sovet dövründə hər xəstəxananın öz təyinatı var idi. İndi bu məsələlər yenidən öz həllini tapmalıdır. Amma istənilən halda ilk yardımın zaman əhəmiyyəti var və bu xəstənin həyatını xilas edə bilər. Təxirəsalınmaz yardıma ehtiyacı olan xəstələrə istənilən xəstəxanada ilk yardım göstərilməlidir. Çünki ilk yardımın ilkin hədəfi həyatın xilas edilməsidir”.
Hadisədən artıq bir ay keçir. 9 yaşlı Mədinənin yaraları get-gedə sağalır. Ailəsi həmin günün ağrısını hələ də xatırlayır.
“Mədinə indi çox şükür ki, yaxşıdır. Əsas yaralar sağalıb, amma hələ də həkim nəzarətindədir, sarğılara davam edirik. Həkimlər yaralar dərin olduğu üçün bəzi yerlərdə ləkə qalma ehtimalı olduğunu, amma qalmaması üçün əllərindən gələni edəcəklərini deyirlər. Düşünürəm ki, bu hadisə səhiyyə sistemimizin yaralarını göstərən bir güzgüdür”.