Azərbaycanda veqan olmaq: Ətdən imtina işin heç yarısı da deyil
Veqan olmaq yalnız heyvan mənşəli qidalardan imtina anlamına gəlmir. Veqanları vegetarianlardan fərqləndirən onların ideoloji əsaslara söykənmələridir. Veqanlar heyvanların istismarı ilə bağlı istənilən qidadan, geyimdən və məişət əşyalarından imtina edir. Yəni ət yeməmək işin heç yarısı da deyil. Həmsöhbətimiz Turananın bildirdiyinə görə, Azərbaycanda veqan olmaq elə də asan məsələ deyil.
- Psixi problemləri olan adamların yaşadığı ev
- Ərdoğan hökuməti lirə sınağı qarşısında
- Zərqavanın sirri: qəribə və xəlvət ənənəsi olan Azərbaycan kəndi
Vegetarianlıqdan veqanlığa
Turana Nuri beş ilə yaxındır ki, veqandır. O deyir ki, veqanlıq vegeterianlıqdan fərqli olaraq, qidalanma deyil, ideoloji hərəkatdır. Turananın sözlərinə görə, veqanlıq heyvan mənşəli məhsullardan həyatımızın istənilən sahəsində, həmçinin heyvanlardan istifadə də daxil olmaqla, imtina etməkdir. Veqanizm heyvan mənşəli sənayelərə, heyvan üzərində testlərə, heyvanların əyləncə, qida məqsədilə istifadəsinə qarşıdır. Həmsöhbətimiz belə deyir.
“Ekologiya ixtisasında oxuduğuma görə araşdırma apardığım vaxt qarşıma veqanizm çıxdı. Bu hərəkatın etik tərəflərini araşdırmağa başladım. Lakin əvvəl-əvvəl düşünürdüm ki, Azərbaycanda çətin olacaq. Ətrafımda da veqan tanışım yox idi.
Əvvəlcə vegetarian oldum. 8-9 ay belə davam etdim. Daha sonra veqanlığa keçid etdim. İndi ətrafımda veqan tanışlarım çoxdur.
Maddi cəhətdən çox çətinlik çəkmirəm. Lokal qidalanmağın tərəfdarıyam. Standart paxlalılar, dənlilər, uyğun qiymətə ala biləcəyim bitki mənşəli qidalarla qidalanıram. Bu vaxta kimi maddi baxımdan çətinliyi görməmişəm. Veqan olmağı təkcə qidalanmaq kimi düşünmək çətindir. Veqan pendir, veqan ət, alternativ süd axtarmaq, almaq baha başa gəlir. Lakin mənim kimi lokal qidalanmaq münasib qiymətə başa gəlir”, – Turana deyir.
Veqanlar kimdir?
Veqanlar heyvan mənşəli qidalardan, misal üçün, ətdən, süd məhsullarından, yumurtadan, balıqdan, dəniz məhsullarından imtina edir. Bununla yanaşı, onlar məişətdə bəzi məhsulların alınmamasına üstünlük verirlər:
dəridən, xəzdən yundan, ipəkdən və digər heyvan mənşəli materiallardan hazırlanan məhsullar;
bal və arıçılığın digər məhsulları;
heyvan mənşəli məhsullardan alınan komponentlərin tərkibinə daxil olduğu məhsullar (məsələn, jelatin, qliserin); tutaq ki, foto lentinin istek=hsalında jelatindən istifadə edilə bilər;
hazırlanmasında heyvan mənşəli məhsullardan istifadə edilən məhsullar; məsələn, bəzi rafinə edilmiş şəkər növlərinin istehsalında jelatindən istifadə edilir, bəzi şərabların və pivə növlərinin şəffaflaşdırılmasında da jelatin işlənir;
heyvanlar üzərində testdən keçirilmiş (kosmetikanın və tütünün bəzi növləri) məhsullar;
heyvanlardan istifadə edilən əyləncə növləri (sirk, heyvanxana, cıdır, korrida və s.).
Partnyor problemi
Turana sözlərinə davam edir: “Veqan olduğumu eşidəndə insanlar qeyri-etik zarafatlar edir. Veqanlıq, ümumiyyətlə, Azərbaycanda çox başa düşülmür. Vegeterianlıq daha çox anlaşılandır, ət yeməmək insanlara daha normal gəlir”.
Onun sözlərinə görə, Azərbaycan dilində veqanizmlə bağlı məlumatlar çox azdır: “Məcbursan ki, veqan insanlar tapıb məsləhətləşəsən. Avropada, hətta Türkiyədə belə veqan olmaq daha asandır. Orada uyğun qiymətə alternativlər çoxdur. Veqan icma yeni keçid edənlərə kömək edir, öz təcrübələrini qruplarda bölüşür”.
“Ətrafımda mənim prinsiplərimə zidd olan kifayət qədər insan var. Nəzərə alaq ki, bura Azərbaycandır. Düşmən kimi yanaşmıram. Bu mədəniyyətin içində böyüyürük, Azərbaycan mətbəxi də xüsusilə ət mərkəzlidir. Veqanizmi araşdırmaq, veqanlığa keçid asan proses deyil. Ona görə də, kimisə qınamağa ehtiyac yoxdur. Mənim də “heç vaxt veqan ola bilmərəm” dediyim vaxtlar olub.
Dostlarımın arasında qeyri-veqanlar, hətta ət yeyənlər var. Amma partnyor məsələsi qəlizdir. Bir insanla uyğun dəyərlərə sahib deyilsənsə, münasibət, eyni evdə yaşamaq çətindir. Partnyorumun mənim qeyri-etik saydığım qidalarla qidalanması mənə problem yarada bilər. Ailə üzvlərim vegetarian, ya da veqan deyil. Lakin partnyorum ən azından mənimlə eyni dəyərləri bölüşməlidir. Ola bilər ki, nə vaxtsa qeyri-veqan partnyorum olsun, amma hal-hazırda düşüncəm bu yöndə deyil”, – Turana deyir.
Veqan qida tapmaq asandırmı?
Azərbaycanda veqan qidaları marketlərdə tapmaq mümkündür. Məhsulun üstündə məhz veqan işarəsi olmalı deyil. Meyvə-tərəvəz, paxlalılar, dənlilər, çərəzlər, uyğun qiymətə təsadüfi veqan şirniyyatlar tapmaq olar. Xüsusilə, veqan alternativlərlə maraqlananlar varsa, məhz veqan mağaza var. Veqan kosmetika vasitələri də uyğun qiymətə tapılır. Azərbaycanda bu mövzu ilə bağlı 2017-ci ildən bəri inkişaf nəzərə çarpır.
Hazırda Bakıda veqan fast-food anlayışı var. Kafe və restoranlarda falafel, veqan burgerlər, dürümlər təklif olunur. Salatlar, şorbalar da tapmaq olar. Bunların arasında ən məşhuru vineqret salatıdır. Lakin dəqiqləşdirmək lazımdır ki. hansı yağla hazırlanıb, tərkibində bulyon varmı, bitki yağıdırmı, kərə yağıdırmı və s.
Qarnirlər əksərən bitki yağında hazırlanır deyə, veqan qida hesab olunur. Salatlarda pendir varsa, əvvəlcədən xəbərdar edərək, tərkibdən xaric etmək mümkündür. Turşular da var. Veqan-vegeterian restoranlar az da olsa, mövcuddur.
Həmsöhbətimiz Turana məsləhət görür ki, veqan qidalanmaya yeni keçid etmisinizsə, ən önəmli detal qida planı tutmaqdır. Bu, daha sağlam qidalanmaya səbəb olur və büdcənizə xeyli qənaət edir.