Azərbaycanda vəkilin fəaliyyəti bərpa olunub - ABŞ dövlət katibinin tvitindən sonra
Azərbaycanın Vəkillər Kollegiyası daha əvvəl fəaliyyətlərinə xitam verilmiş üç vəkilin səlahiyyətlərinin bərpasını təsdiqləyib. Bunların arasında Şəhla Hümbətova da var. ABŞ dövlət katibi “Twitter”də Vəkillər Kollegiyasından xaric edilmiş Ş.Hümbətovanın öz iş yerinə bərpa olunmasına çağırmışdı.
Mayın 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib və bu iclasda vəkil Şəhla Hümbətovaya qarşı məhkəmədə qaldırılan iddianın geri götürülməsi haqda qərar qəbul edilib. Elə həmin gün Hümbətovaya bildirilib ki, etəsi gündən o, vəkillik fəaliyyətinə davam edə bilər.
Eyni iclasda daha iki vəkilin – İradə Cavadova və Türkel Süleymanlının vəkillik səlahiyyətlərinin bərpası haqda qərar qəbul olunub.
Şəhla Hümbətova “Amerikanın Səsi”nə bildirib ki, Vəkillər Kollegiyasının qərarına münasibəti birmənalı deyil.
“Bir tərəfdən sevinməliyəm ki, mənim fəaliyyətim bərpa olunub, işimi davam etdirəcəm. Digər tərəfdən mənim üçün sevinməli də deyil. Çünki bir daha əmin oldum ki, ölkəmin qanunlarlı deyil, beynəlxalq təşkilatların, başqa bir ölkənin hökumətinin təzyiqi altında bu, baş verir. Əlbəttə, ona görə, bu, sevindirici hal deyil,” – o qeyd edib.
Xatırladaq ki, mart ayında ABŞ Dövlət katibi Entoni Blinken vəkil Şəhla Hümdətovanın müdafiəsinə qalxıb.
“Mən 2020-ci ildə “Cəsarətli Qadınlar” beynəlxalq mükafatının Azərbaycandan olan laureatı Şəhla Hümbətovanın insan haqlarının müdafiəsi və qorunması üzrə fəaliyyətinə görə vəkillik statusundan məhrum edildiyini öyrəndiyim zaman narahat oldum.
Biz Şəhlanın tezliklə öz işində bəppa olunmasına çağırırıq və onu dəstəkləməyə davam edəcəyik”, – o bildirib.
Şəhla Hümbətova kimdir?
2020-ci ildə azərbaycanlı vəkil Şəhla Hümbətova “Cəsarətli Qadınlar” beynəlxalq mükafatına (International Women of Courage Award) 12 laureat sırasına daxil olub.
ABŞ dövlət katibinin bu mükafatı 2007-ci ildən bütün dünyadakı süh, ədalət, insan haqları, gender bərabərliyi və qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi uğrunda mübarizədə cəzarət və liderlik nümayiş etdirən qadınlara təqdim olunur.
Şəhla Hümbətova baxışlarına və ya haqq və azadlıqların təmin edilməsini tələb etdiyinə görə hakimiyyətin təqib etdiyi hüquq müdafiəçilərini, jurnalistləri, bloqerləri, aktivistləri, müxalifətçiləri və LGBT birliyi nümayəndələrini müdafiə edən azsaylı azərbaycanlı vəkillərdən biridir. Bununla belə, Hümbətova özü mütəmadi olaraq fəaliyyətinə görə təhdidlərlə və təqiblərlə üzləşib.
Vəkillikdən hansı səbəblə kənarlaşdırılıb?
Beynəlxalq mükafat alandan düz bir il sonra Şəhla Hümbətova Azərbaycanın Vəkillər Kollegiyasından kənarlaşdırılıb. Bununla da məhkəmələrdə müdafiəçi kimi çıxış etmək hüququndan məhrum olub.
Hümbətovanın kollegiyadan kənarlaşdırılması qərarı Bakı İnzibati Məhkəmə tərəfindən qəbul edilib.
Vəkilin fikrincə, həmin qərar siyasi xarakter daşıyır. Vəkillər Kollegiyası isə tanınmış vəkilin kənarlaşdırılmasını altı ay ərzində kollegiyaya üzvlük haqqını ödəməməsi ilə izah edib.
“Azərbaycanda vəkilliyin müstəqilliyindən söhbət gedə bilməz”
ABŞ dövlət katibinə və çoxsaylı beynəlxalq təşkilatlara minnətdarlıq edən vəkil ümumilikdə Azərbaycanda vəkillik sahəsindəki vəziyyətlə bağlı məyusluğunu da ifadə edib:
“Azərbaycanda vəkilliyin müstəqilliyindən söhbət gedə bilməz. Mənim vəziyyətim də ona bir misaldır. Yəni, məni necə sifarişlə Vəkillər Kollegiyasından çıxarmışdılarsa, eyni qaydada sifarişlə kollegiyaya bərpa olundum. Yəni, burada nə məhkəmə bir rol oynayır, nə də ki, bir qayda-qanun. Ona görə də vəkillər də bu prinsiplə işləməyə məcburdurlar. Ya vicdanla insan hüquqlarını, qanunları müdafiə edib özlərini riskə atırlar, vəkillikdən çıxarılma riski ilə işləyirlər. Yaxud da sakitcə heç bir riskli işlərə qoşulmayıb, siyasi səbəblərdən təqib olunan insanları müdafiə etməyib öz təhlükəsizliklərini təmin edirlər”, – Ş.Hümbətova deyib.
Son illərdə Azərbaycanda müstəqil vəkil kimi tanınan və siyasi proseslərə çıxan Namizəd Səfərov, Xalid Bağırov, Yalçın İmanov, İntiqam Əliyev, Əlaif Həsənov, Elçin Namazov, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova, Aslan İsmayılov və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində intizam tədbirləri görülüb.