Azərbaycanda TikTok-a giriş bərpa olunub
Azərbaycanda TikTok
Bu gün Azərbaycanda TikTok sosial şəbəkəsinə giriş bərpa olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sentyabrın 19-da – rəsmi Bakı Qarabağda hərbi əməliyyata başladığı gün bu platformaya girişin məhdudlaşdırıldığını elan etmişdi. Hərçənd rəsmi olaraq səbəb göstərilməmişdi.
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
- Ermənistan hökuməti Dağlıq Qarabağdan didərgin düşənlərə yardım edir
- Azərbaycanda məhkumlar artıq məzuniyyətə buraxılırlar
Ekspert rəyi
İnformasiya texnologiyaları üzrə ekspert və bloger Fərid Pərdəşünas deyir ki, sosial şəbəkənin bloklanması əslində onun aktiv istifadəçilərinin həmin platformada fəaliyyətlərini davam etdirməsinə mane olmur.
“Ölkədə hərbi əməliyyatlar çoxdan başa çatıb, ancaq TikTok sosial şəbəkəsindən istifadə qadağası hələ də davam edir.
Bu arada Azərbaycanda VPN istifadəçilərinin sayı bir milyona yaxındır. Blok etməyin mənası nədir?
Hesab edirəm ki, platforma hərbi əməliyyatlar istisna olmaqla, həmişə maneəsiz fəaliyyət göstərməlidir”, – Pərdəşünas Facebook səhifəsində yazıb.
TikTok istifadəçilərinin özləri də hərbi əməliyyatlar getdiyi günlərində platformaya girişin bloklanmasını haqlı hesab edirlər.
“Bəzi istifadəçilər sosial şəbəkədə hərbi texnikanın hərəkəti, döyüşlər haqqında videolar yerləşdirirlər, bu da təbii ki, həm hərbi qulluqçuların həyatını, həm də ölkənin ümumi təhlükəsizliyini təhdid edir”, – anonim qalmaq istəyən aktiv TikTok istifadəçisi JAMnews-la söhbətində qeyd edib.
Bloklandığı günlərdə TikTokda müsabiqə
Lakin girişin bağlanması dövrü insidentsiz ötüşməyib. Belə ki, girişin bloklandığını elan edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özü TikTok-un bloklandığı günlərdə kampaniya elan edib.
“Hamımızın bildiyimiz kimi, TikTok “müəyyən” səbəblərə görə nazirlik tərəfindən bloklanıb, lakin elə eyni nazirliyin idarələrindən biri həmin TikTok-da kampaniya aparır.
Ümid edirəm ki, nazirlik özdə səhvlərini başa düşəcəklər. Əks halda, elan edilən müsabiqədə iştirak etmək üçün bütün startaplar VPN-dən istifadə etməli olacaqlar”, – bloqer Nicat Manafov öz səhifəsində yazıb.
Sosial şəbəkələrdəki şərhlər
Azərbaycanda sosial media istifadəçilərinin əksəriyyəti TikTok-un ölkədə bərpa olunmasından razıdır.
Bəzi tipik şərhlər:
“Nəhayət, TikTok açıqdır. VPN ilə vidalaşa bilərsiniz”.
“TikTok açıldı. Bir aydan çoxdur ki, o oğlanın Monqolustanda yeməkləri yediyinə baxa bilmirdim”.
“TikTok açıldı. Allah qoysa quru sərhədləri də açılacaq [Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlanıb – JAMnews]. Allah xatirinə deməyin ki, Dağıstan dağıdılır [Dağıstandakı antisemit iğtişaşlardan sonra bəzi azərbaycanlı sosial şəbəkə istifadəçiləri ölkənin sərhədlərinin bağlı olmasından məmnunluq ifadə etdilər. Azərbaycan Dağıstanla həmsərhəddir – JAMnews]”.