Azərbaycanda qurban bayramı necə qeyd olunub?
Bu gün Azərbaycanda Qurban Bayramı – müsəlmanların əsas bayramlarından biri qeyd olunur. Bu gün inanclı və imkanlı müsəlmanlar qoç qurban kəsməli və ətini doğmalarına, qonşularına, imkansızlara paylamalıdır.
Qurban Bayramı müsəlmanlar üçün müqəddəs olan Məkkə şəhərinə hər il keçirilən ziyarətdən sonra qeyd olunur. Bayram öz əzəlini sonradan Quranda da əks olunan Bibliya əfsanəsindən – İbrahim peyğəmbərin öz oğlunu Allaha qurban kəsməyə məcbur qaldığı zaman Allahın ona oğlunun əvəzinə qurbanlıq qoyun yetirməsi haqda hekayədən götürür.
Müasir Azərbaycanda Qurban Bayramı rəsmi bayramlar sırasındadır və kifayət qədər populyardır. Son illərdə üstəlik sosial çalar da alıb.
Birincisi, bu gün qoyunlar harda gəldi kəsilmir. Bu il Qida Təhlükəsizliyi Agentliyi əvvəlcədən heyvan satışı və kəsilməsi ilə məşğul olanlara müraciət edərək, bu işi xüsusi təşkil olunmuş yerlərdə etmələrini xahiş edib. Amma görünür ki, bu müraciətə heç də hamı məhəl qoymayıb – səhər şəhərkənarı qəsəbələrdən işə gedən insanlar yol boyu axan qan mənzərəsindən şikayətlənir.
İkincisi, etik məqamla bağlıdır: ölkə sakinlərinin bir hissəsi bayramı çox qəddar hesab edir. Onlardan daha döyüşkən ruhluları qurban kəsənləri riyakarlıqda günahlandırır, deyirlər ki, belələri ildə bir dəfə bu yolla Allaha “rüşvət verməyə” çalışır. Qurban kəsənlər isə öz növbəsində “heyvan müdafiəçilərini” riyakarlıqdan uzaq olmağa və 364 gün rahatlıqla yedikləri qoyunlara görə ildə bir dəfə qalmaqal yaratmamağa çağırırlar.
Sosial şəbəkələrdə bu mövzuda bəzi tanınmış insanlar da öz fikirlərini bildiriblər.
Müxalif siyasətçi Natiq Cəfərli:
“Belə başa düşürəm ki, bəzi dostlarım qoyunların öz əcəli ilə, qocalıqdan ölməsini, insanların isə protein çatışmazlığından əziyyət çəkməsini istəyir)) Bayramınız mübarək!”
Kinossenarist Ramiz Fətəliyev:
“Bu gün ilin məhz həmin günüdür, qoyunların qurban gətirildiyi gün. İlin qalan günlərində isə bir-birini qurban verirlər. Axı biz insanlarla pis davrananda heç ağlımıza da gəlmir ki, onları bantlar və lentlərlə, xurcun və qıvrım yunla bəzəyək. Ardıcıl deyilik nəsə. Qoyunlara yazığım gəlir. İnsanlara görə isə təəssüf edirəm”.
İqtisadçı Toğrul Maşallı isə bir qədər “qoyun” statistikası aparıb:
“2018-ci il iyulun 1-ə qədər Azərbaycanda 8649018 qoyun vardı. Ölkə əhalisinin sayı isə eyni günə olan rəsmi məlumata görə 9936134 nəfər olub. Başqa sözlə, bizdə bir adama 0,87 faiz qoyun düşür”.
Yeri gəlmişkən, bayram ərəfəsində satıcıların çoxu heyvanların qiymətini qaldırıb. Əgər adi günlərdə qoyunun qiyməti orta hesabla kilosu 8 manatdan (5 dollara yaxın) hesablanırdısa, bayram vaxtı 10 manata qədər (6 dollara yaxın) və daha artıq yüksəlib.