Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Azərbaycanda prezident seçkiləri
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə yanvarın 7-də səhər saat 8:00-da başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.
Prezident seçkiləri həm də ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək. Azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.
Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədə səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.
Səsvermə saat 19:00-da başa çatacaq.
Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirəcək.
Prezident seçkilərində 7 namizəd iştirak edir:
– Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
– Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
– Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
– Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərlə bağlı məlumatlar MSK-nın internet səhifəsində yerləşdiriləcək, ilkin nəticələrin isə saat 21:00-da elan olunması gözlənilir.
“Seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra artıq ilkin mənzərə aydınlaşacaq”, – deyə Pənahov əlavə edib.
Əliyev və ailəsi Xankəndidə səs verib
Azərbaycanın Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Bu barədə “president.az” məlumat yayıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a olan məlumata görə, Xankəndidə 2361 nəfər səs verib, seçki fəallığı 30,25 faiz təşkil edib.
Həmin vaxta qədər respublika üzrə seçki fəallığı 19,44 faiz təşkil edib.
MSK sədri jurnalistlərə müraciət edib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb:
“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”.
“Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq. Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq. Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq. Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır”, – deyə Pənahov əlavə edib.
MSK sədri onu da əlavə edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər:
“Heç kim seçicinin iradəsinə təsir göstərə bilməz. Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır. Bizim qurumun da işi seçicinin konstitusion hüququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə, seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar”.
Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı rəylərini sabah açıqlayacaqlar
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər nəticələrlə bağlı rəylərini fevralın 8-də açıqlayacaqlar. Konfrans jurnalistlər üçün açıq olacaq. Onlar tədbirə canlı və ya “Zoom” vasitəsilə qoşula biləcəklər.
Konfransda Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri Artur Gerasimov, ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela De Ridder, DTİHB seçki müşahidə missiyasının rəhbəri Eoghan Murphy çıxış edəcək.