Azərbaycanda hər onkoloji xəstənin illik müalicəsinə cəmi 800 manat ayrılır
Azərbaycanda onkoloji xəstələr
Səhər saat 09:00. Milli Onkologiya Mərkəzi.
Mərkəzin giriş qapısından etibarən müxtəlif diaqnostika və klinik şöbələrə ayrılan dolanbaclı cığırlarda iki-iki, üç-üç xəstələr və yaxınları birgə hərəkət edir. Onların arasında hər yaşdan adam görmək mümkündür – uşaqlar, yeniyetmələr, yaşlı və taqətsiz qocalar.
Milli Onkologiya Mərkəzinə gələn xəstələrin yolu ilk olaraq Diaqnostika Korpusundan keçir. Burada xəstəyə ilkin diaqnoz qoyulur, köhnə xəstələr isə müalicədən sonrakı mərhələdə təkrar müayinə olunurlar.
Mən də yolumu elə buradan salıram. Binadan içəri keçən kimi az qala hər şöbənin qapısı qarşısında yaranmış xəstə izdihamı ilə qarşılaşıram. Gözləmə zalındakı oturacaqlar tutulub, ayaqüstə qalanlar isə kənarda dayanıb müayinə üçün növbəsini gözləyir, öz aralarında söhbətləşirlər.
“Bacım qızının da mədəsində vardı. Bir əməliyyatla həll olundu. Əsas əməliyyatdır, yaxşı keçsin, sonrası müalicəylə düzələsidir”, – nisbətən yaşlı qadın yanında əyləşən cavan qıza ürək-dirək verir.
Milli Onkologiya Mərkəzindəki gündəlik rutini yaxından izləyə bilmək üçün özümü buradakı xəstələrə və həkimlərə müayinəyə gəlmiş biri kimi təqdim edirəm. “Şikayətim” süd vəzimdəki ağrılardır və xərçəng ola biləcəyi ehtimalı ilə “müayinəyə gəlmişəm”. Etik səbəblərdən həmsöhbət olduğum şəxslərin adlarını da şərti qeyd edirəm.
Azərbaycanda onkoloji xəstələrin sayı ildən ilə artır. Dövlət Statistika Komitəsi və Azərbaycan Səhiyyə Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə hazırda Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı 62 min nəfərdir. Bu say 2019-cu ildə 52 min, 2016-cı ildə isə 40 min nəfər olub.
“Atam əməliyyat və müalicə xərclərimi ödəmək üçün bankdan kredit götürdü”
Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində cavan bir qadın müayinə üçün növbəsini gözləyir. Növbədə onunla yanaşı dayanmışam. Adı Nərgizdir. 34 yaşı keçən ay tamam olub. Yaşadığı evdə dərzilik edir, bununla dolanır.
Deyir ki, təxminən 7 ay öncə burada süd vəzi xərçəngindən əməliyyat olunub.
“2023-cü ilin iyun ayı idi. Birinci dəfə müayinəyə tək gəlmişdim. Süd vəzimdəki şişin növünü müəyyənləşdirmək üçün analiz götürdülər. Diaqnoz qoyuldu ki, sol döşümdə 5 santimetrlik şiş var. Dedilər, yaxşı ki, ilkin mərhələdə gəlmisən. Bundan sonra məsələni evdəkilərlə dedim. Artıq geridönülməz vəziyyətdə olsa idim, deməyəcəkdim. Düşünürdüm ki, pensiyaçı adamlardır, sağalmayacaq bir xəstəliyə görə borc-xərcə düşməsinlər”, – Nərgiz danışdıqca növbəsini ötürməmək üçün həkim otağına girib-çıxanlara baxır.
Nərgizə süd vəzisinin bir hissəsini kəsib, götürməli olduqlarını deyiblər.
“Pul məsələsini isə atamla danışdılar. Ondan əməliyyat üçün 4200 dollar (təxminən 7150 manat) pul istəyiblər. Atam da etiraz etməyib, açığı, sadəcə əməliyyatın yaxşı keçməsini istəyirdi. Pulun bir hissəsini bankdan kreditlə götürüb. Mənim bütün bunlardan yalnız əməliyyatdan sonra xəbərim olub. O vaxta qədər isə daha da gərginlik keçirməyim deyə, mənə az qala heç nə haqqında danışmırdılar”, – Nərgiz deyir.
O, cərrahiyə şöbəsindən ayrıldıqdan sonra biri 8, digəri 12 kurs (gün) davam edən kimyaterapiya müalicəsi almalı olub. Ailəsi hər kurs üçün ortalama 350-450 azn arası pul ödəyib.
Danışır ki, bu müddət ərzində burada heç bir tibbi xidmətdən pulsuz yararlanmayıb. Təkcə bir dəfə – kimyaterapiyaya başlamazdan öncə həkiminə xərclərin ailəsi üçün ağır olduğunu deyib və soruşub ki, dərmanların ona pulsuz verilməsi mümkündürmü?
“Həkim mənə dedi ki, onsuz da bacardıqları qədər mənə köməklik göstərib, qiymətlərdə endirim ediblər və əllərindən daha artıq heç nə gəlmir”.
Müalicəsi yaxşı keçən Nərgiz ildə bir-iki dəfə bu gün olduğu kimi müayinəyə gəlir.
Nərgiz onu çağıran tibb bacısı ilə getdikdən sonra mən eyni korpusda yerləşən kimyaterapiya şöbəsinə doğru gedirəm.
“Övladlarım olmasa, müalicəyə pulu necə çatdırardım, bilmirəm”
Ağır kimyaterapiya prosedurundan keçən xəstələr dəhliz boyu asta-asta yeriyirlər. Onlardan biri də 60 yaşlı Ənvər dayıdır.
O, artıq üçüncü ildir ki, burada qaraciyər xərçəngindən müalicə alır. Deyir, onkoloji xəstəliklə mübarizə aparmağın yaratdığı mənəvi yorğunluğun üzərinə, müalicə xərcləri də əlavə olunanda adam lap taqətdən düşür.
“İki qızım, bir oğlum var. Özüm bu xəstəlikdən qabaq fəhləlik eləyirdim. İndi gücüm yoxdur. Uşaqlar olmasa, müalicəyə pulu necə çatdıracaqdım, bilmirəm. O, dövlət proqramı deyirlər e, onkoloji xəstələrə yardımdır, nədir? Hə, bax, mən onun xeyrini görməmişəm. Burada ümumiyyətlə belə şey yoxdur”, – Ənvər dayı deyir.
Sonra məndən nə üçün gəldiyimi, hansı həkimin qəbuluna gedəcəyimi soruşur. “Əhvalatımı” eşidəndən sonra mənə öz həkimini məsləhət görür.
“Təəssüf ki, xəstələr müalicə xərclərini özləri ödəməli olur”
Dediyi həkim Kimyaterapiya şöbəsinin gündüz stasionarında çalışır. Tibb bacılarından birinin həkimə gözləyən “xəstə” olduğunu dedikdən sonra içəri keçirəm.
Qısaca “şikayətlərimi” sadalayıram.
“Mən müayinə və diaqnoz dəqiqləşsə müalicə prosesində maddi və mənəvi tək olacam. Bura gəlməzdən öncə eşitmişdim ki, dövlət hər il onkoloji xəstələr üçün büdcədən müəyyən vəsait ayırır. Bilmək istəyirəm ki, burada müalicə olunacağım təqdirdə tibbi xidmətlərin nə qədəri dövlət hesabına qarşılanacaq? Yoxsa, hamısını özüm ödəməliyəm”, – deyə həkimdən soruşuram.
“Bilirsiniz, bəzən həm dediyiniz dövlət vəsaiti, həm də Ümumdünya Səhiyyə Təşkilatının bizə verdiyi qrantlar hesabına xəstələr üçün müəyyən şeyləri pulsuz edə bilirik. Amma bu məbləğlər kifayət eləmir. Ona görə, təəssüf ki, xəstələr müalicə xərclərini özləri qarşılamalıdır”.
62 min xəstəyə illik 50 milyon manat
2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanununa görə hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin müayinə və müalicəsi dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir.
2007-ci ildən etibarən isə onkoloji xəstəliklərlə mübarizə üçün hər il dövlət büdcəsindən pul ayrılır. Elə həmin ildən bu məbləğin birbaşa Milli Onkologiya Mərkəzinə köçürülməsi həyata keçirilir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində açıqlayıb ki, onkoloji xidmət üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb.
Bu da o deməkdir ki, ayrılan vəsaitdən qeydiyyatda olan hər onkoloji xəstənin müalicəsinə təxminən 800 manat düşür.
“Səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir. Tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır. Bu məbləğlə ağır patalogiyaların adekvat müalicəsi mümkün deyil”, – Əmiraslanov deyib.
“Onkoloji xəstəliklərlə bağlı xidmətlər icbari tibbi sığortaya salınmalıdır”
Radioloq həkim Aydın Əliyevin sözlərinə görə, vətəndaşlar bu xəstəliklə mübarizədə faktiki olaraq tək qalır. Bunun həll yollarından biri kimi isə onkoloji xəstəliklərlə bağlı xidmətlərin icbari tibbi sığorta çərçivəsində qarşılanmasını təklif edir.
“Məsələn, bir xəstə ağrı şikayətilə yaxınlaşır özünə yaxın olan poliklinikaya, ya da TƏBİB-in nəzarətində olan başqa bir tibb müəssəsinə. Elə ki, o şəxsə xərçəng diaqnozu qoyuldu, ya da bu şübhə yarandı, vəssalam. Onu göndərirlər Milli Onkologiya Mərkəzinə. Halbuki bura qədər bütün analizləri icbari tibbi sığorta ilə qarşılamaq olar.
Bu mərhələdə faktiki olaraq pulsuz tibbi xidmət göstərilmir. Baxmayaraq ki, qanuna görə onkoloji xəstələrə tibbi xidmət pulsuz həyata keçirilməlidir. Digər tərəfdən isə onkoloji xəstələr üçün ayrılan vəsait çox azdır. Hər xəstəyə il ərzində düşən 800 manat bəzən diaqnozu dəqiqləşdirmək üçün aparılan analizlərin xərcini belə qarşılamır”, – Aydın Əliyev deyir.