Azərbaycanda məişət zorakılığı: xilas yolu haradadır?
Məişət zorakılığı Azərbaycanda mütəmadi gündəmə gələn və müzakirə olunan mövzudur. Bəzi ailələrdə bu hal hətta norma kimi qəbul edilir. Bu yaxınlarda sosial şəbəkələrdə yayılmış video bütün ölkə əhalisini hiddətləndirsə də, məntiqi nəticəsi olmadı. Bəs məişət zorakılığının qarşısını almaq mümkündürmü?
- “Elə olur ki, ər döyür”. Çeçenistan rəhbəri 23 yaşlı qızın ölümündə şübhəli bilinənləri müdafiə edib
- “Qayınanam komandirlik edir, ona cavab qaytarmaq olmaz”. Gürcüstanın Marneuli şəhərindən altı qadının hekayəsi
- “O çıxacaq, yenə bıçağa əl atacaq”, – qurbanın ailəsi Azərbaycan məhkəməsinin onu qoruyacağına inanmır
Müzakirələrə səbəb olmuş video
Bir müddət öncə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş vermiş hadisə Azərbaycanda əsas müzakirə mövzularından birinə çevrilmişdi. Qayınananın gəlinini döyməsinin əks olunduğu video sosial şəbəkələrdə paylaşılmış və hiddətlə qarşılanmışdı.
Sonradan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi faktla bağlı araşdırmanın başlandığını və hüquq-mühafizə orqanlarının məsələni nəzarətdə saxladığını bildirmişdi.
Lakin bir neçə gündən sonra 75 yaşlı qayınana Girdənaz Qurbanova və 31 yaşlı gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığını dedilər. Bundan sonra həmin ailə haqqında xəbərlər yayılmadı və hüquq-mühafizə orqanlarının araşdırmasının nə ilə nəticələndiyi məlum olmadı.
Statistika – aysberqin görünən hissəsi
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə ölkədə 1260 məişət zorakılığı hadisəsi qeydə alınıb. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,7 faiz azdır. Məişət zorakılığı zəminində zərər çəkənlərin sayı da əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Lakin əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (41-i qadın) təşkil edib.
Ekspertlərin israrla bildirdiyinə görə, məişət zorakılığı ilə bağlı rəsmi statistika aysberqin ancaq görünən hissəsidir. Reallıqda isə bu halların sayı qat-qat çoxdur, çünki əksər hallarda cəmiyyətdə mövcud stereotiplər üzündən qurbanlar kömək üçün heç bir instansiyaya müraciət etmirlər.
“Ən böyük problem qurbanların susqunluğudur”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da hesab edir ki, məişət zorakılığı probleminin ən pis tərəfi qurbanların çox vaxt məruz qadıqları zorakılıqla bağlı susqun qalmalarıdır.
“Məişət zorakılığı ilə mübarizə üçün maarifləndirmə, xidmət və cəzalandırma həyata keçirilməlidir. Bunun üçün alətlər də var. Məsələn, 102 xidməti var, 860 nömrəli qaynar xətt var, zəng vurub məlumat verə, ilkin məsləhət və yardım ala bilərlər. Ailə, Uşaq və Qadın problemləri Komitəsinin 11 rayonda ailə, uşaq mərkəzləri var. Demək olar ki 10 sığınacaq var. İcra hakimiyyətlərinin nəzdində monitorinq komissiyaları var ki, onlar evlərə gedib vəziyyəti qiymətləndirə bilirlər. Əgər vaxtında müraciət olunarsa, bir çox hallarda ilkin mərhələdə zorakılığın qarşısını almaq mümkündür”, – hüquq müdafiəçisi yerli telekanallardan birinə müsahibəsində bildirib.
Mehriban Zeynalovanın sözlərinə görə, son illərdə məişət zorakılığı ilə mübarizə imkanları çoxalıb. Amma zorakılıq qurbanları hələ də bir çox hallarda səslərini çıxarmırlar.
“Bunu nəzərə alaraq, kənar şəxslərin də şahid olduğu zorakılıq halları ilə bağlı məlumat vermək imkanı var, bu cür siqnallara mütləq reaksiya verilir”, – o deyib.
2010-cu ildə Azərbaycanda “Məişət zorakılığı haqda” qanun qəbul edilib. İlk illərdə bu qanunun işləkliyi çox zəif olsa da, 2016-cı ildən Nazirlər Kabineti qanunun həyata keçirilməsi üçün bir sıra tədbirlərin görülməsinə başlayıb. 2020-ci ilin noyabrında isə ölkə prezidenti “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləyib.
- İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
- Azərbaycanda azyaşlıların evliliyə məcbur edilməsi daha ciddi cəzalandırılmalıdır – məmurlar belə hesab edir
“İnsanlardan sevgi, qayğı gözləyib zərbələr almışam”
JAMnews-un müsahibi G.A. uşaq yaşlarından həm psixoloji, həm də fiziki zorakılığa məruz qaldığını deyir:
“Ögey övladam deyə, heç vaxt qayğı görməmişəm. Evdə davalarımız çox olurdu. valideynlərim nəyəsə əsəbiləşən kimi hirslərini məndən çıxarırdılar. Öz anam ögey anamın doğma bacısı qızıdır. Başqa sözlə, məni ana kimi böyüdən qadın əslində bioloji anamın xalasıdır. Ögey anamın uşağı olmayıb və boşamasınlar deyə, məni ona veriblər.
Öz anamın da yanına gedəndə, öpmək istəyəndə məni itələyirdi. Sevgiyə ac olduğum üçün həyatda həmişə səhv insanlardan sevgi, qayğı gözləyib, zərbələr almışam”.
“Dostlarımın yanında telefonu aça bilmirdim”
Həmsöhbətimiz söyləyir ki, abituriyent vaxtlarında hazırlıqdan yorğun gəlib yatarkən, anasının onu səslədiyini eşitmədiyinə görə döyülüb.
“O vaxt şüşə krem qabları var idi. Onu başıma çırparaq yuxudan oyatdı. Oyandığım zaman nə olduğunu anlamadım. Saçımdan tutaraq məni dəfələrlə qaldırıb yerə çırpdı. Başımdan qan axmağa başladı.
Atama zəng edib dedi ki, gəl bu murdarı apar, başı partlayıb. Atam məni xəstəxanaya aparanda dedi ki, heç kimə demə, anan edib, polis aparar səni. Qorxduğum üçün susmuşdum”.
Düşünür ki, onu bu qədər sıxışdırmaları onu qorumaq istəyilə bağlı olmayıb, sadəcə “qohumlar nə deyər” qorxusu ilə hərəkət ediblər: “Dostlarımın yanında ailəmdən gələn zənglərə cavab verə bilmirdim. Söyüş söyür, təhqir edirdilər, utanırdım”.
“Evdə qorunan uşaq çöldə özünü qoruma bacarığını qazanır”
Psixoloq Cəmilə Rəhimli bildirir ki, ailədə zorakılıq görən uşaqlar gələcəkdə də zorakılıq qurbanı və ya zorakılıq subyekti ola bilir:
“Psixi sağlamlığı (bəzən fiziki sağlamlığı da) üçün uşağı döymək olmaz!” mərhələsini keçə bilsək, psixoloji zorakılıq haqqında danışmağa keçə bilərdik.
Psixoloji zorakılıq bir davranışdır və əlbəttə, təkcə valideynlər tərəfindən edilmir, ancaq ən yaralayıcı olanı yəqin ki valideyn tərəfindən ediləndir”, – deyə psixoloq Facebook səhifəsində yazıb.
Başqa bir paylaşımında isə psixoloq qeyd edir ki, “Uşaq üçün təhlükə həmişə çöldən gəlmir. Evdə zorakı bacı qardaş, nənə baba, xala dayıdan qorunmayan uşağı çöldə qorumaq mənasızdır artıq. Evdə qorunan uşaq çöldə özünü qoruma bacarığını qazanmış olar”.
- Azərbaycanda qızlar arasında intihar dalğası: səbəb nədir?
- Gürcüstanda seks ticarəti? Qazaxıstanlı qadın hansı şəraitdə ölüb?
Türkiyəyə qaçış
G.A. deyir ki, həyatının müəyyən bir dövründə intihar etməyi də düşünüb: “Rəfiqələrim çox narahat idi, hər gün məni axtarırdılar ki, yaşayıram, ya yox. İntiharda qərarlı idim”.
Lakin gözlənilməz təklif onu bu fikrindən daşındırıb:
“Sevdiyim oğlan təklif etdi ki, Türkiyəyə onun yanına gedim. Onunla Bakıda tanış olmuşdum, lakin Türkiyədə işləyirdi. Bilet aldı və bütün cəsarətimi toplayaraq Türkiyəyə getməyə qərar verdim Əslində qaçmağıma səbəb sevgi deyildi, xilas olmaq arzusu idi”.
Tənha ana
“Özümü orada xoşbəxt hiss edirdim. Ta ki evdə anası ilə davalar başlayana qədər. Anası məni istəmirdi. Sonra isə sevgilimi küçə davasına görə İnterpolla axtarışa verdilər. Biz də məcbur Bakıya qayıtmalı olduq ki, onu Türkiyədə həbs etməsinlər”, – həmsöhbətimiz davam edir.
Lakin sevgilisini Azərbaycana qayıdarkən sərhəddə saxlayıb, daha sonra 5 il həbs cəzası veriblər.
Bakıya – ailəsinin yanına qayıtdıqdan sonra hamilə olduğunu öyrənən qadın körpəsini təkbaşına böyütmək məcburiyyətində qalıb. Nə valideynləri, nə də həyat yoldaşının ailəsi ona kömək etmir.
Hazırda G.A. Bakıdakı şirkətlərdən birində mühasib köməkçisi işləyir və həyata tutunmağa çalışır.