Azərbaycanda yayılmış rəsmi xəbərə əsasən, üç cəzaçəkmə müəssisəsində 18 nəfər koronavirusa yoluxub.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib: “Koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib. Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.
O həm də, məhkumlar arasında tək-tük yoluxma halı olduğunu bildirib: “Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bu günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”, – deyə İftixar Qurbanov bildiirb.
Yoluxma qeydə alınan çəzaçəkmə müəssisələri:
12 saylı CÇM – 11
14 saylı CÇM – 5
4 saylı CÇM – 2
Rəsmi olaraq təsdiqlənməsə də, Azərbaycan həbsxanalarında koronavirusun yayılması məlumatı daha öncə də yayılmışdı.
İyulun 15-nə keçən gecə orduya dəstək yürüşündə iştirak etdiyi üçün həbs edilən Mehdi İbrahimin qardaşı onun həbsxanada koronavirusa yoluxduğunu və buna görə də, onlayn məhkəməyə qoşula bilmədiyini söyləmişdi.
Qardaşı Turan İbrahim “Facebook” hesabında Mehdi İbrahimin saxlanıldığı barədə belə yazmışdı:
“Bu gün onlayn keçirilən məhkəməyə da qatılmayıb. Ailəsi olaraq ondan narahatıq. Təcili xəbər almaq, evlə əlaqə saxlamağını istəyirik! Onun başına gələcək hər hansı şeyə görə hakimiyyət məsuliyyət daşıyır. Onun siyasətlə heç bir əlaqəsi yoxdur. Dərhal azadlığa buraxılmalıdır”.