Azərbaycanda pandemiyanın nəticəsi olaraq elm və təhsilə ayrılan vəsait azaldılıb
Azərbaycanda bu həftə baş tutacaq büdcə adaptasiyası zamanı elm və təhsil xərclərinin azaldılması nəzərdə tutulub.
4-5 avqustda Milli Məclis koronavirus epidemiyasına görə iqtisadi vəziyyətin pisləşməsi və enerji ehtiyatlarının qiymətinin düşməsi ilə əlaqədar olaraq 2020-ci il büdcəsinə dəyişikliklər etmək üçün tətilə ara verərək təcili sessiya çağırıb.
Əlavə və dəyişikliklər layihəsində bir sıra maraqlı məqamlar var.
• Əvvəlcədən büdcəyə daxil edilən neftin barelinin qiyməti birdən-birə 20 dollar azaldılır. 2019-cu ilin sonunda büdcə neftin barelinin 55 dollar olmasına istinadən tərtib edilib. Dəyişiklik edilmiş variantda isə neftin bareli 35 dollar kimi göstərilib.
• Elm və təhsil xərcləri azaldılır.
Elmə 2020-ci ilin əvvəlində nəzərdə tutulandan 6,3 milyon manat [təxminən 3 milyon 600 min dollar] daha az vəsait ayrılacaq.
Təhsil xərcləri isə 81 milyon manat [təxminən 47 milyon dollar] azalmış olacaq.
• Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəl və sonra – nə gözləməli və nədən qorxmalı?
• Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
Ümumilikdə yaranmış iqtisadi vəziyyətdən çıxış edərək dövlət büdcəsinin ümumi xərcləri və gəlirləri dəyişir.
Xərclər hissəsi 3,37 milyard manat [təxminən 2 milyard dollar] artır.
Gəlir hissəsi də artır, amma 2,7 milyard manat [təxminən 1 milyard 600 milyon dollar] həcmində.
Başqa sözlə, Azərbaycanda büdcə kəsiri təxminən yarım milyard manat [təxminən 300 milyon dollar] artacaq.
2020-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsində başqa bir mühüm məqam 2022-ci il yanvarın 1-ə qədər büdcə qaydasının ləğvi ilə bağlıdır.
Büdcə qaydası – büdcə siyasətinin məhdudlaşdırılması və tənzimlənməsi üçün xüsusi maliyyə mexanizmidir. Bir çox beynəlxalq ekspertlər büdcə qaydasını xammal ölkələri üçün büdcənin enerji daşıyıcılarının qiymətindən asılılığının azaldılması üçün səmərəli alət adlandırırlar.
Buna görə onun ləğvi haqda qərar Azərbaycan cəmiyyətində böyük müzakirələrə səbəb olub. Bəziləri hətta bildiriblər ki, növbəti iki il ərzində ölkə təsdiqlənməmiş büdcə ilə yaşayacaq.
Şərh
İqtisadi məsələlər üzrə ekspert Toğrul Maşallı JAMnews-a müsahibəsində bildirib:
“Əlbəttə, ölkə büdcəsiz qalmayacaq. Büdcə qaydası həm də büdcəyə neft fondundan nə qədər vəsait daxil olacağını nəzərdə tutur. Başqa sözlə, bu, 2017-ci ildən qüvvədə olan büdcənin tərtib edilməsi planıdır.
İndi büdcə qaydası böhrana görə müvəqqəti olaraq ləğv ediləcək, çünki büdcənin büdcə qaydası olmadan tərtib edilməsi əsas maliyyə sənədlərinin pozulması demək olardı”.