Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı kəskin artdığı üçün iki xəstəxana bağlanıb
Azərbaycanın Şirvan şəhərində koronavirus xəstələrinin sayı kəskin çoxaldığı üçün hakimiyyət radikal tədbirlər görməyə məcbur olub. Şəhərə xüsusi işçi qrup ezamiyə edilib, iki xəstəxanada xəstə qəbul etmək qadağan olunub.
TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) mütəxəssislərinin fikrincə, şəhərdə COVID-19 virusunun yayılma intensivliyinin artması regionun tibb müəssisələri ilə əlaqədardır. Ekspertlər yerli xəstəxanalarda ciddi çatışmazlıqlar aşkarlayıblar – qurumun məlumatında deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının baş epidemioloqunun tövsiyələrinə əsasən və son aylar ərzində toplanmış təcrübəyə istinad edərək bütün şəhərin bağlanması haqda yox, məhz yoluxma mənbələrinin – iki xəstəxananın bağlanması haqda qərar qəbul edilib.
Şirvan əhalisi artıq Mərkəzi Şəhər Xəstəxanasında və Müalicə-Diaqnostika Mərkəzində xəstələrin qəbulunun dayandırıldığı haqda məlumatlandırılıb. Bununla yanaşı artıq stasionarda olan xəstələrin müalicəsi davam etdiriləcək.
Şirvan xəstəxanaları artıq bir neçə aydır ki, regional tibb müəssisəsi funksiyasını yerinə yetirir, çünki yaxın rayonların mərkəzi xəstəxanaları koronavirus xəstələrinə uyğunlaşdırılıb.
“Şirvanda koronavirus xəstələrinin sayı digər rayonlarda xəstəxanaların bağlanması və camaatın kütləvi şəkildə məhz bu tibb müəssisəsinə müraciət etməsi hesabına artıb”, – bloger və jurnalist Emil Məmmədov Facebook səhifəsində yazıb.
Ümumilikdə Azərbaycanda 35707 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 522 nəfər ölüb, 1904 xəstənin müalicəsi davam edir.