Koronavirusa yoluxanların sayının azalmasına görə Nazirlər Kabinetinin qərarı ilə avqustun 10-dan karantin qaydaları yumşalır, ticarət obyekləri açılır.
Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilir.
Azərbaycan Prezidentinin köməkçisi – Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib ki, növbəti həftələrdə kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilə bilər: “Açıq və qapalı sahədə restoranların açılışına gedəcəyik. Amma bu, sanitar-epidemioloji vəziyyətdən asılıdır. Əgər yoluxmaların sayı artsa, biz bağlanmağa məcbur olacağıq.”
Şahmar Mövsümov həm də metronun açılmayacağı barədə də danışıb: “Bu gün metronun açılması müzakirə olunmur. Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir. Vətəndaşlardan xahiş edirəm ki, planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. Pik saatlarını nəzərə alsınlar”.
Bəzi qaydalar isə olduğu kimi qalır. Məsələn, toy şənliklərinə icazə verilmir. Yaxın qohumunun dəfnində iştirak etmək istəyənlər isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə zəng edərək icazə almalıdırlar.
Avqustun 9-da koronavirusa yoluxanların sayı 87- nəfərdir. Bu son iki ayda ən az yoluxma göstəricisidir. Gün ərzində koronavirusdan 2 nəfər ölüb.