Bakı da daxil olmaqla Azərbaycanın bir çox şəhər və rayonlarında iki gündür yağan yağış bir sıra fəsadlara səbəb olub. Yolları, tunelləri, yaşayış massivlərini su basıb, maşınlar, evlər, həyətyanı sahələr yağış sularına qərq olub, insanlar su ilə əhatələnmiş ərazilərdə çarəsiz qalıblar.
İki nəfərin suda boğularaq öldüyü bildirilir. Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədlərini suyun altından çıxarıblar.
Oktyabrın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Fövqəladə Hallar Nazirliyi (FHN), Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yağışın səbəb olduğu fəsadların aradan qaldırılmasına dair birgə məlumat yayıb.
“Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306%-i) təşkil edib.
İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.
FHN-in qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb:
“Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir”.
Bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində davam edən yağıntılı hava şəraiti bu gün günortadan etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.