COP29-da Azərbaycanda insan haqlarına dair müzakirə
Azərbaycanda insan haqlarının vəziyyəti
Beynəlxalq təşkilatların nümayəndələri COP29-da Azərbaycanda insan haqlarına dair debat təşkil ediblər. Çıxışların əsas leytmotivi vətəndaş cəmiyyəti üçün məkanın məhdud olduğu bir şəraitdə iqlim dəyişikliyi ilə bağlı sərbəst müzakirələrin mümkünsüzlüyündən ibarət olub.
Bu arada Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flyer Azərbaycan prezidenti İlham Əliyevi siyasi məhbusları həbsdən azad etməyə çağırıb.
- Tbilisidə keçirilən aksiyanı dağıtmaq üçün polis güc tətbiq edib. 16 nəfər saxlanılıb
- “Cənubi Qafqazda əməkdaşlığa dəstək” – Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono JAMnews-a müsahibəsində
- Etnik təmizləmə nədir və Qarabağda kimlər tərəfindən həyata keçirilib? Bakıdan baxış
“İqlim ədaləti azad vətəndaş məkanı olmadan mümkün deyil”
Noyabrın 19-da COP29 çərçivəsində “İqlim ədaləti azad vətəndaş məkanı və əhəmiyyətli iştirak olmadan mümkün deyil” mövzusunda debat keçirilib.
Tədbir Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq- müdafiə təşkilatlarıs tərəfindən təşkil olunub.
Görüş iştirakçısı, “Demokratik monitor” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov “Turan”a bildirib ki, çıxışların leytmotivi vətəndaş cəmiyyəti üçün məkanın məhdudlaşdırılması şəraitində iqlim dəyişikliyi problemilə bağlı sərbəst müzakirələrin aparılmasının mümkünsüzlüyündən ibarət olub.
Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub.
Bildirilib ki, ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər, ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər. Xaricdən gələn istənilən maliyyə yardımı qaçaqmalçılıq kimi qiymətləndirilir.
Müzakirəyə Almaniyadan onlayn qoşulan “Abzas Media” nəşrinin müvəqqəti redaktoru Leyla Mustafayeva öz həmkarlarından, bu nəşrin məhz qaçaqmalçılıq ittihamı ilə həbs olunan jurnalistlərindən danışıb.
Görüş zamanı Azərbaycanda siyasi məhbuslar probleminin olduğu da qeyd edilib. Yerli hüquq müdafiəçilərinin boldirdiyinə görə, onların sayı 300-ü ötür.
Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.
AŞ komissarı Bakını siyasi məhbusları azad etməyə çağırıb
Bir gün öncə Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan prezidenti İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb.
Avropa Şurasının mətbuat xidməti müraciətin mətnini dərc edib. Məktubda komissar “hakimiyyətdən öz qanuni fəaliyyətinə, fikir ayrılığına və ya tənqidi fikirlərini ifadə etdiyinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onların barəsində cinayət ittihamlarını, o cümlədən sərhədi keçməyə qadağa daxil olmaqla, bütün məhdudiyyətlərlə bağlı tədbirləri ləğv etməyi xahiş edir”.
Əsasən O’Flaerti qaçaqmalçılıqda ittiham olunan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həmtəsisçisi Akif Qurbanov, Toplum TV müstəqil onlayn televiziyasının təsisçisi Ələsgər Məmmədli, parlamentin fəaliyyətini monitorinq edən meclis.info platformasının təsisçisi İmran Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin həbsindən narahatlığını bildirib.
Üç KİV-in (“Abzas Media”, “Kanal 13” və “Toplum” TV) ondan çox əməkdaşı və jurnalisti analoji ittihamlarla həbs edilib.
“Mən hüquq müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı cinayət işlərinin onların öz qanuni fəaliyyətini həyata keçirməsi ilə əlaqədar başlanması barədə xəbərlərdən narahatam”, – məktubda deyilir.
Komissar “hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə edilməklə və qanunun aliliyi pozulmaqla özbaşına həbs edilməsi və saxlanılması ilə bağlı narahatedici tendensiyasını” qeyd edir.
O, həmçinin Azərbaycan hakimiyyətindən “polisdə saxlanıldığı zaman bir neçə hüquq müdafiəçisi, jurnalist və fəal ilə amansız rəftar barədə məlumatların effektiv araşdırılmasını, həmçinin vəkillə görüşmək və adekvat tibbi yardımın göstərilməsi imkanlarının təmin edilməsini” xahiş edir.
O’Flaerti təkidlə Azərbaycan hakimiyyətini “birləşmə, dinc toplaşma və ifadə azadlığı, habelə hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının insan hüquqları sahəsində standartlarına uyğun olmasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam yerinə yetirilməsi yoluyla təmin edilməsinə” çağırır.
“Mən Azərbaycan hakimiyyətilə dialoqun və əməkdaşlığın, o cümlədən ölkəyə səfər kontekstində, davam etdirilməsini səbirsizliklə gözləyirəm”, – deyə O’Flaerti fikrini yekunlaşdırıb.