Azərbaycanda ictimai nəqliyyat problemi: metro nə vaxt açılacaq?
2020-ci ilin oktyabr ayından Bakıda metro sərnişinlərin üzünə bağlıdır. Səbəb koronavirus pandemiyasıdır. Bu azmış kimi, həftəsonları və bayram günləri avtobuslar da işləmir. Bəs vəziyyət nə qədər belə davam edəcək? Nəqliyyat sahəsinin işçiləri bu barədə nə düşünürlər? Onlar başqa hansı problemlərlə üzləşiblər?
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
- “Turistik ofşor”: ərəb turistlərə Azərbaycanda ova kim icazə verib?
- Azərbaycanda ailənin xərclərinin yarısı qidalanmaya sərf olunur: bu yaxşıdır, ya pis?
Metroda çalışanların əməkhaqqı problemi
JAMnews-un əməkdaşı ilə həmsöhbət olan metro maşinisti Hikmət deyir ki, ötən ilin oktyabr ayından əməkhaqqını tam şəkildə ala bilmir.
“Maaşımız 30 faiz kəsilib. Əgər əməkhaqqı kimi normal vaxtlarda 1000 manat alırdımsa, indi ayda təxminən 700 manat alıram”, – maşinist bildirib.
Onun sözlərinə görə, buna səbəb gecə saatlarının “yazılmaması”dır: “Gecə saatlarında və bayram günlərində işə görə bizə ikiqat əməkhaqqı yazılır. Karantinə görə metro işləmədiyi üçün, təbii ki, həmin əlavələr olunmur”.
“Necə istəyirsən, elə də gəl”
Bir müddətdir ki, Bakı metropolitenində infrastrukturun monitorinqi adı altında sınaq işləri aparılır. Metro rəhbərliyinin bildirdiyinə görə, məqsəd avadanlıqların saz vəziyyətdə saxlanılması və sərnişinlərə xidmətə tam hazırlıq vəziyyətinin qorunmasıdır.
Həmsöhbətimizin bildirdiyinə görə, həmin proses də maşinistlər üçün əlavə problemlər yaradır:
“Sınaq işləri nəyə görəsə həftənin şənbə və bazar günləri aparılır. Bildiyiniz kimi, karantinə görə həftəsonları avtobuslar da işləmir. Başqa sözlə, bizə deyirlər ki, necə istəyirsən gəl, amma işdə ol”.
Bu işlərin nəyə görə aparıldığından danışan Hikmət söyləyir: “Qatarlar işləmədiyindən relslər paslana bilər. Metroda belə bir məsələ var ki, qatarlar siqnalı birbaşa relslərdən alır. Yəni avtomatik əyləc sisteminə lazım olan siqnalın işləməsi üçün relslər saz vəziyyətdə olmalıdır. Bu siqnal çox əhəmiyyətlidir. Belə ki, misal üçün, maşinist qatara nəzarəti itirsə belə, həmin siqnala görə işıqforun qırmızı işığında qatar avtomatik dayanacaq və mümkün qəzanın qarşısı alınacaq”.
Bəs metro nə vaxt işləyəcək?
Bu sualın cavabını metropoliten işçilərinin özləri də bilmir. Hikmətin sözlərinə görə, onlar da həmin günü səbirsizliklə gözləyirlər:
“Hazırda karantin rejimi iyun ayına qədər uzadılıb. Güman edirik ki, o vaxta qədər metro işləməyəcək. Əlbəttə ki, hamı kimi biz də həmin günü gözləyirik. Əməkhaqqından 30 faiz itirmək asan deyil”.
Avtobus sürücülərinin bənzər problemləri
Həsən “BakuBus”da avtobus sürücüsüdür. Bakıda fəaliyyət göstərən bu avtobuslarda ödəniş nağd olmasa da, sürücülər əmək haqlarını tam şəkildə ala bilmirlər.
“Bizə hər gün marşruta çıxmaq üçün yol vərəqəsi verilir. Əməkhaqqı da həmin vərəqələr üzrə hesablanır. Yəni mən həftədə iki gün işləmirəmsə, iki gün yol vərəqəsi almıram və bu, əməkhaqqına təsir edir. Şənbə və bazar günləri işləmədiyimizdən, aylıq maaşım 25-30 faiz azalıb”.
Azərbaycanda Novruz bayramı günlərində, yəni martın 20-dən 29-na qədər ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Başqa sözlə, bu ay sürücülər həmin 10 günün də maaşını ala bilməyəcəklər.
JAMnews-un əməkdaşı ilə söhbətində Həsən bu vəziyyətin nə vaxta kimi davam edəcəyindən xəbərsiz olduğunu deyib: “Biz də sizin kimi rəsmi xəbərləri izləyirik. Görək karantin nə vaxt qurtaracaq ki, normal işimizə qayıda bilək”.
Şərhlər
Bayram günlərində ictimai nəqliyyatın işləməməsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb:
“Bu da bizim sosial dövlət. Kimin taksiyə pulu varsa, gəzə bilər, bayramını istədiyi kimi keçirə bilər. Kimin pulu yoxdursa, 10 gün oturmalıdır evdə”.
“Maraqlıdır, kafelər və restoranlar işləyir, avtobuslar isə işləmir. Bu qərarda hansısa məntiqi görə bilirsiniz?”
“Bayram günlərində işə getmək məcburiyyətindəyəm. Nə avtobus var, nə də metro. Maaşımın yarısını taksilərə xərcləməliyəm ki, evə bir tikə çörək ala bilim?”