Azərbaycanda heyvandarlıq: eşşəklər tapılsa da, problemlər qaldı
Kulinariyadan danışsaq, əksər azərbaycanlılar arasında belə bir fikir yayılıb ki, bütün yeməklər ətli olmalıdır. Əbəs yerə deyil ki, qonaqlar üçün ilk növbədə kabab, ya da ən pis halda dolma hazırlanır. Buna görə də heyvandarlıq ta qədimdən ənənəvi fəaliyyət sahəsi sayılır. Hələ tarixən köçəri olan əcdadlarımız məhz heyvandarlıqla məşğul olub.
Yerli relyef də heyvandarlığın inkişafına xidmət edir, çünki torpağın 70 faizdən çoxu ən müxtəlif səbəblərdən kənd təsərrüfatı üçün yararlı deyil: bu, dağlar, yarımsəhra zonaları, eroziyaya meylli torpaqlardır.
Nəticədə də ölkədə torpağın cəmi 1,3 milyon hektar sahəsindən normal istifadə etmək olar, bütün kənd təsərrüfatı məhsullarının 85%-i də onun payına düşür. Buna görə də hamı hesab edir ki, nə də olmasa, heyvandarlıq məsələsində bizdə hər şey qaydasındadır. Bu haqda Nazirlər Kabinetinin iclaslarında, region rəhbərlərinin yığıncaqlarında danışırlar. Hətta guya heyvandarlıq idxalın əvəzedilməsi üzrə digər sahələrdən qabaqdadır. Bəs əslində bu, belədirmi?
Rəsmi məlumatlara görə, reallıq hökumətin rəsmi bəyanatlarından fərqlənir. Cari ilin ilk yarım illiyində Azərbaycan 2,3 milyon heyvan idxal edib – toyuq, keçi, inək və hətta həşərat. Ölkədə isə həmin heyvanların sayı azalıb.
İctimaiyyət isə ilk növbədə eşşəklərin sayının azalmasına diqqət yetirdi. 2016-cı ilin statistikası açıqlanandan sonra məlum oldu ki, eşşəklərin sayı iki min baş azalıb, jurnalistlərə bu, maraqlı gəldi və sosial şəbəkələr yoxa çıxan uzunqulaqlar mövzusunda xalq folkloru nümunələri ilə doldu.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi donuzların sayının azalmasından narahatlığını ifadə etdi, halbuki donuzçuluq heç vaxt yerli heyvandarlığın vacib tərkib hissəsi olmayıb, həm ənənələr, həm də digər amillər səbəbindən. Belə bir halda Kənd Təsərrüfatı Nazirliyi donuz və eşşəklərin vəziyyəti ilə deyil, ümumilikdə heyvandarlığın vəziyyəti ilə maraqlanmalıdır.
Kənd rayonları üçün ənənəvi heyvandarlıq sahəsi olan qoyunçuluq da böhran dövrünü yaşayır. İlk dəfə 2003-cü ildə qoyunların sayı azaldı. Əvvəllər onların sayı hər il 15-70 min baş artırdısa, 2016-cı il ərzində bu say 62,2 min azaldı. Görünür, azalma rəsmi statistikanın dediyindən daha çox olub, çünki Azərbaycan 2016-cı il ərzində diri qoyunların idxalını 2,5 dəfə – 60 minə qədər artırıb. Yəni qoyunların sayının ötən il 100 min baş azalmasını demək üçün bütün əsaslar var. Bu zaman bütün postsovet dövrü ərzində donuzların sayı onsuz da durmadan azalırdısa, atların, iri buynuzlu heyvanların və qoyunların sayı daimi artıb. Amma 2016-cı ildə biz iri buynuzlu heyvanların (təxminən 10 min baş), qoyunların (62 min), atların isə (2 min) azaldığını müşahidə edirik. Bu isə artıq heyvandarlığın əsas istiqamətlərinə toxunur.
Vəziyyəti ayrıca bir rayonun nümunəsində nəzərdən keçirək. Heyvanların sayının azalmasında lider Gədəbəy rayonudur, burada iri buynuzlu heyvanların və qoyunların sayı 10% azaldı. Həmin dövr ərzində elə həmin rayonda dənli bitkilər üçün əkin yerləri 500 hektar, arpa istehsalı isə 5 dəfə artdı.
Və belə bir vəziyyətdə hökumət pambıq, tütün, çay, şəkər çuğunduru kimi texniki bitkilərin istehsalının artırılması üzrə genişmiqyaslı kampaniyaya başladı. Əkinçilərə istehsalı artırmaq və yenə də idxalı əvəz etmək üçün imtiyazlar verdilər. Dənli və paxlalı bitkilərin əkin sahələri ölkədə 43 min hektar artdı, bu zaman da heyvanların hazırda onsuz da çatışmayan otlaq yerləri üçün istifadə oluna bilməyən torpaqları tutdu. Çox vaxt həm də torpaqdan səmərəsiz istifadə olunur, yəni ona kobud şəkildə desək, “dincəlmək” imkanı vermirlər ki, bu da məhsuldarlığın azalmasına gətirib çıxarır.
Belə bir sual yarandı – kartof, buğda və digər kənd təsərrüfatı bitkilərinin istehsalına zərər yetirmədən texniki bitkilərin istehsalını necə artırmaq olar. Əslində bunun üçün xarab olmuş torpaqlarda məhsuldarlığın bərpası, çirklənmiş torpaqların təmizlənməsi üzrə çoxillik proqram olmalıdır (təkcə Abşeronda 21 min hektar torpaq neft və qazla, eyni zamanda digər amillər səbəbindən tullantılarla çirklənmiş sayılır) və s. Təəssüf ki, hökumət hələ indi ayılıb və tez-tələsik nəticələr istəyir, halbuki kənd təsərrüfatı heç də nəticələrin tez əldə oluna biləcəyi sahə deyil.
Bütün bunlar elə həmin texniki bitkilərin məhsuldarlığının azalmasına (рambığın məhsuldarlığı hektardan 1,8-2-dən 1,4-1,6 tona kimi düşüb), buna paralel olaraq da bizim üçün ənənəvi olan kartof, buğda kimi bitkilərin istehsalının azalmasına gətirib çıxardı. Amma ən xoşagəlməz hal yenə də otlaqların yerində plantasiyaların yaradılması oldu ki, bu da heyvandarlığa zərər yetirdi, eşşək, donuz və qoyunların azalmasına gətirib çıxardı.
Sonra da idxalın əvəzedilməsi zərər çəkdi. Belə ki, əgər 2016-cı ildə ölkədə 523,7 min ton ət istehsal edilibsə, ətin idxalı 31 min ton təşkil edib. 5-6% idxaldan asılılıq rəqəmi öz-özlüyündə o qədər də böyük deyil, amma artım templəri dəhşətə gətirir. Belə ki, 2016-cı ildə quş ətinin idxalı 2015-ci illə müqayisədə 3,3 dəfə artıb və artmaqda davam edir. Təkcə 2017-ci ilin ilk altı ayının nəticələrinə görə, ətin idxalı 2 dəfə artıb. İri buynuzlu heyvan ətinin idxalının artımı 2016-cı ildə cəmi 3% təşkil etmişdirsə, 2017-ci ilin ilk altı ayı ərzində bu, artıq 100%-dən çox oldu.
Problemlər hətta yumurtaların istehsalı kimi ənənəvi sahədə də var. Azərbaycanda demək olar ki, bütün toyuqlar idxal olunmuş yumurtalardan çıxıb. 2016-cı ildə müxtəlif tədbirlərin sayəsində onların idxalını azaltmaq necəsə mümkün olmuşdusa (təxminən 2 dəfə, 47,5 milyondan 28,6 milyona qədər), 2017-ci ildə idxal artımı yenidən başladı və birinci yarım illikdə artıq 26,6 milyona çatdı.
Məhz bu problemlər cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyini narahat etməlidir. Hələ ki, torpaq kənd təsərrüfatı sahələri arasında düzgün paylanmır, biz pambıqlı, amma idxal olunmuş əti olan ölkəyə çevriləcəyik. Halbuki son bir neçə il ərzində məhz bu sahədə qürurla bildirirdilər ki, bizim idxaldan kiçik asılılığımız var. 2017-ci ilin nəticələrinə görə isə gözləməyə dəyər ki, ət idxalından asılılıq 10-12%-ə çatacaq, bu isə artıq böyük rəqəmdir. Bunun da toyuq və yumurtada etdikləri kimi yüksək idxal rüsumları ilə qarşısını almaq mümkün olmayacaq (nəticədə toyuq və yumurtada da alınmadı).
Məqalədə qeyd olunan bütün məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytından götürülüb.