Azərbaycanda həyat neçəyədir?
Həyat sığortasını bir çox şirkətlər təklif etsə də, Azərbaycanda bu haqda məlumatı olan çox azdır. Həmin sığorta məhsulundan istifadə edənlər isə yox dərəcəsindədir. Ekspertlərin fikrincə, bunun səbəbi əhalinin məlumatsızlığı və kifayət qədər maddi imkana malik olmamasıdır.
- “Anam məni danlayırdı: kitablar nəyinə lazımdır! Ondansa ərə get” – Gürcüstanda tənha qocalıq haqda
- Həyat əvəzinə həyat: müharibədə həlak olan erməni əsgərlərinin valideynləri üçün övlad sahibi olmaq imkanı
- Azərbaycanda yenilik axtarışında olan gənc qızın hekayəsi
Həyat sığortası Azərbaycanda, demək olar ki, bütün sığorta şirkətləri tərəfindən təklif edilən məhsuldur.
Sığorta broker şirkətindən JAMnews-a verilən məlumata görə, həyatı sığortalamaq üçün ilk növbədə tibbi anket doldurmaq lazımdır. Bundan sonra sığorta agenti anketi qiymətləndirərək, ödəniş və sığorta məbləğini hesablayır.
Misal üçün, 50 yaşlı praktiki sağlam kişinin həyatı 15 min manat dəyərində sığortalanır. Bunun üçün o, hər il təxminən 450 manat ödəniş etməlidir. Ödəniş birdəfəlik, yaxud hissələrlə edilir.
“18 ay məcburi olaraq ödədik…”
Bəzi hallarda əslində könüllü olan bu sığorta növü Azərbaycanda məcburi şəkildə həyata keçirilir.
JAMnews-a bu barədə danışan Mədinə adlı Bakı sakini deyir ki, ipoteka krediti aldıqdan sonra ondan həyat sığortasının ödənişi də tələb olunub.
“25 il müddətinə ipoteka ilə mənzil almışdım. Düz 18 ay bütün ipoteka alanları məcbur etdilər ki, ayda 40 manat həyat sığortası ödənişi etsinlər. Sonradan məlum oldu ki, bu sığorta növü məcburi ola bilməz, ödənişlər dayandırıldı. Amma 18 ay ərzində ödədiklərimizi geri ala bilmədik”, – Mədinə bildirib.
Qanun nə deyir?
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanununa əsasən, həyat sığortası bir neçə növdə mövcuddur və müxtəlif hallarda ödənilir.
Bunlara ölüm halından sığorta, müəyyən yaşa çatdıqda ödənişi edilən yaşam sığortası, əmək qabiliyyətinin itirilməsi halında pensiya şəklində ödənilən annuitet sığortası və sağalmaz xəstəliklərdən sığorta.
Sığorta şirkətlərindən aldığımız məlumata görə, həyat sığortasının məqsədi istənilən səbəbdən vəfat halında sığorta olunandan maddi asılı olan ailə üzvlərinin və ya onun yaxınlarının maddi çətinliklərdən azad olunmasıdır. Hadisə baş verdiyi halda sığortalanmış şəxs tam sığorta məbləğini birdəfəlik alır.
Əlavə olunur ki, sığorta məbləği istənilən səbəbdən ölüm halında ödənilir.
İcbari həyat sığortası?
Azərbaycanda bundan başqa “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun da mövcuddur.
Həmin qanuna əsasən, işəgötürən öz işçilərini məcburi qaydada sığorta edir. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm, yaxud da əmək qabiliyyətinin daimi və ya tam itirilməsi olarsa, sığorta şirkəti həmin işçiyə və ya onun ailəsinə ödəniş etməlidir.
Peşə risk dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq sığorta tarifi aşağıdakı kimidir:
– qulluqçular üçün (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) illik əməkhaqqı fondunun 0,2-0,5 %-i;
– fəhlələr üçün illik əməkhaqqı fondunun 0,4-2,0 %-i.
Qanunda bu sığorta növündən istifadə etməyən işəgötürənlərin cəzalandırılacağı da göstərilib.
İntihar edənə və müharibədə həlak olana sığorta ödənişi edilmir
Bir sıra hallarda həyat sığortası ödənişi edilmir. Bu hallara sığorta müqaviləsinin bağlanmasından sonra iki il ərzində intihar halları, hərbi əməliyyatlarda, terror aktı və hərbi çevrilişlərdə iştirak zamanı ölüm aiddir.
Maraqlıdır ki, ionlaşdırılmış radiasiyaya yaxud radioaktiv şüalanmaya, zəhərlənməyə, elan edilmiş epidemiyalara məruz qalma da sığorta halı hesab olunmur.
Eyni zamanda, şəxsi təyyarənin idarə edildiyi zaman qəzaya uğraması, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, təcridxanada və həbsxanada ölüm sığorta ödənişinin verilməməsinə səbəb kimi göstərilir.
Bəzi peşə sahibərinə isə həyat sığortası müqaviləsinin bağlanmasına imtina oluna bilər. Bunlar xüsusilə riskli peşə sahibləri və bəzi idmançılardır. Avto-moto idman, paraşütlə tullanma, əlbəyaxa döyüş, alpinizm, dağ və su turizmi, sualtı üzgüçülük, dalğıclıq, atçılıq və s. riskli idman növləri kimi göstərilir.
Lakin qeyd olunan halların göstərilməsi şərtilə xüsusi həyat sığortası müqaviləsinin bağlanması mümkündür.
Ekspert rəyi
Sığorta bazarı üzrə ekspert Maqsud İsmayılovun sözlərinə görə, Azərbaycanda sığorta şirkətlərinin sayı çox olsa da, bu bazar inkişaf etməyib.
“İnsanların böyük əksəriyyətinin həyat sığortası anlayışından belə xəbərləri yoxdur. Halbuki, bu, bir çox inkişaf etmiş ölkələrdə xeyli populyar sığorta növüdür.
İnsanları dindirsəniz, əmin olacaqsınız ki, həyat sığortasından Azərbaycanda istifadə olunmamasının birinci səbəbi məlumatsızlıqdır.
Daha bir səbəb isə sığorta şirkətlərinə inamsızlıqdır. Avropada, Amerikada yüzillərlə fəaliyyət göstərən kifayət qədər etibarlı sığortaçılar var və insanlar onlara etibar edir. Azərbaycanda bankların və sığorta şirkətlərinin uzunömürlülüyü sual altındadır və heç kim əmin ola bilməz ki, indi müqavilə bağlasa və 50 ildən sonra vəfat etsə, o vaxta kimi həmin sığorta şirkəti fəaliyyət göstərəcək”, – M.İsmayılov JAMnews-a bildirib.
Onun fikrincə, səbəblərdən daha biri insanların maddi təminatının yetərincə olmamasıdır: “Ailəsinin gündəlik ərzaq təminatını zorla çatdıran biri üçün sığorta ödənişləri gərəksiz görünür”.