“Meydan TV işi” üzrə doqquzuncu həbs
Azərbaycanda həbslər – Nurlan Libre
“Meydan TV işi” üzrə daha bir jurnalist həbs edilib. Nurlan Qəhrəmanlı (Libre) bu iş üzrə həbs edilən doqquzuncu nəfərdir.

Fevralın 21-də Bakı şəhəri Xətai rayon Məhkəməsi ötən gün saxlanılan “Portağal Media”nın təsisçisi, jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və “qaçaqmalçılıq”da ittiham olunduğu bildirilir.
Yaxınlarının məlumatına görə, məhkəmə jurnalistin vəkilinin iştirakı olmadan keçirilib.
“Müstəntiq öz vəkilinə zəng vurub ki, məhkəmə prosesi keçirilir. Vəkil isə gözləmələrini istəyib. Müstəntiq gözləyəcəklərini bildirsə də, gözləməyiblər və məhkəmə prosesi öz vəkili olmadan, böyük ehtimal dövlətin təyin etdiyi vəkillə keçirilib. Öz vəkili niyə gözləmədiklərini soruşduqda, bunu hava şəraiti ilə əlaqələndiriblər”, – jurnalistin yaxını “Amerikanın səsi”nə bildirib.
Nurlan Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.
Yaxınlarının yaydığı məlumata görə, fevralın 20-də jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və orada axtarış keçirilib.
Nurlan Qəhrəmanlı daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzası alıb və təzyiqlərə məruz qaldığını bildirib. Ən son o, 2023-cü il sentyabrın 21-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham edilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə yeddi nəfər – media orqanının 5 əməkdaşı Aynur Elgünəş (Qəmbərova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Aytac Tapdıq (Əhmədova), müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıblar. İki gün sonra onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il fevralın 6-da eyni iş üzrə eyni ittihamla Arqument.az saytının rəhbəri Şəmşad Ağayev ilkin istintaq dövründə 2 ay 1 gün müddətinə həbs edilib.
Hazırda “Abzas Media”, “Toplum TV” və “Meydan TV” işləri üzrə 25 nəfərdən çox media təmsilçisi həbsdədir.