İki AXCP fəalı dövlət əleyhinə çağırışda ittiham olunur
Martın 7-də dövlət əleyhinə çağırışlar etməkdə ittiham edilərək saxlanılan müxalifAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları, Qaradağ rayon təşkilatının sədri Zaur Əsgərov və Binəqədi rayon təşkilatının üzvü Gündüz Mirzəyevin apellyasiya məhkəməsi keçirilib.
Onlar Cinayət Məcəlləsinin 281.2-ci (təkrar və ya bir qrup şəxs tərəfindən dövlət əleyhinə çağırışlar etmə) ilə ittiham olunurlar. Bu ittiham 5 ildən 8 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Martın 13-də Bakı Apellyasiya Məhkəməsi onların həbs qərarına baxıb. Zaur Əsgərovun vəkili Nemət Kərimli “AzadlıqRadiosu”na bildirib ki, müvəkkilinin həbsi üçün qanunla tələb olunan heç bir maddi və prosessual əsas yoxdur:
“İstintaq o, həbsdə olmasa da aparıla bilərdi. Ailə başçısıdır, uşaqları var”.
Vəkil onu da bildirdi ki, Zaur Əsgərov özünü təqsirli hesab etmir.
Apellyasiya şikayəti təmin edilməyib, Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmənin qərarına əsasən, hər iki AXCP fəalı barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçiləcək.
AXCP-dən verilən məlumata görə, hazırda 15-ə yaxın partiya üzvü həbsdədir. Onlar ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduqlarını iddia edirlər.