Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən iqtisadçı Fərid Mehralızadənin avtomobilinin həbsindən verilən şikayətə baxılıb. Bu haqda onun vəkili Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, şikayət təmin olunmayıb və məhkəmə Mehralızadənin şəxsi avtomobilinə həbs qoyulması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İttiham tərəfi bildirir ki, o, avtomobili “cinayət yolu ilə” əldə etdiyi vəsaitlə alıb.
Mehralızadə bu iddianı rədd edir.
Müdafiə tərəfi sənədlər təqdim edib ki, Mehralızadə kommersiya bankında şöbə müdiri olarkən 3 il ərzində hər il 50 min manat gəlir əldə edib, gömrük rəsmiləşdirilməsi ilə maşının qiyməti isə 20 min manatdan çox olmayıb.
İqtisadçının xanımı Nərgiz Muxtarova da apellyasiya verərək bildirib ki, avtomobil birgə nikah zamanı alınıb və onun şəxsi gəlirləri buna imkan verib.
Mehralızadə iyunun 1-də “Abzas Media işi” üzrə həbs edilib. O da bu işlə bağlı digər həbs olunanlar kimi qaçaqmalçılıqda ittiham olunub. Avqust ayında “Abzas Media işi”ndə təqsirləndirilənlərə, o cümlədən Fərid Mehralızadəyə qarşı iqtisadi cinayət üzrə əlavə 7 daha ağır maddə ilə ittiham irəli sürülüb. İndi onları 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Abzas Media”nın müvəqqəti rəhbərliyi Mehralızadənin nəşrə heç bir aidiyyatı olmadığı barədə açıqlama yayıb. İqtisadçı özü də “Abzas Media” ilə əməkdaşlıq etmədiyini bildirib.
Sentyabrın 6-da Mehralızadənin həbs müddəti dekabrın 19-dək uzadılıb.
O, bütün ittihamları rədd edir və onları uydurma hesab edir. Hüquq müdafiəçiləri iqtisadçını siyasi məhbus kimi tanıyıblar.
Bu günlərdə məlum olub ki, Fərid Mehralızadə “Azadlıq Radiosu”nun Azərbaycan bürosunun əməkdaşı olub. “Azadlıq Radiosu”nun prezidenti Stiven Kapus Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb.
“Bu gün (30 oktyabr) “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı ekspert Fərid Mehralızadənin həbsindən 5 ay ötür. Biz onun qondarma ittihamlarla həbs olunmasından çox narahatıq. Mehralızadənin dərhal azadlığa buraxılmasına çağırırıq ki, o, öz evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanlna qayıda bilsin”, – deyə Kapus bildirib.