Azərbaycanda tanınmış müxalifətçi hədə-qorxu ilə pul tələb etmə ittihamıyla həbs edilib.
Dekabrın 9-da Bakı şəhər Yasamal rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqda qərar verib.
Bu barədə “Turan”a Rövşanə Rəhimli bildirib.
Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.
Vəkil qeyd edib ki, məhkəmədə Azər Qasımlı ittihamı qəbul etməyib və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Bir müddət əvvəl vəkil Aqil Layıc bildirib ki, Qasımlıdan şikayəti ondan borc almış bir şəxs verib.
“Əvvəllər borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı olmasına baxmayaraq, borclu iddia etməyə başlayıb ki, guya Qasımlı onu hədələyib və pulunu zorla qaytarmaq istəyib”.
Qasımlı dekabrın 8-də səhər saatlarında Azərbaycan Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Bu maddə ilə onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Noyabrın 22-də müxalifətçi ölkədən buraxılmayıb. Üç gün sonra o, bir neçə cinayət işi üzrə şahid qismində Bakı Baş Polis İdarəsində dindirilib.
Azər Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır.