Azərbaycanda fındıq yetişdirmək üçün meşələri qırırlar. Eko-fəallar həyəcan təbili çalır
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın şimalında yüzlərlə hektar kolluq və meşə qırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ərazini özəl firmaya fındıq yetişdirilməsi üçün icarəyə verib. İcarə müddəti 49 ildir. Eko-fəallar həyəcan təbili çalır və meşə qırğınını dayandırmağa çağırır.
“Ecofront” ekoloji təşkilatı baş verənlərə ictimaiyyətin diqqətini çəkməyə çalışır. Eko-fəalların fikrincə bu, prezidentin meşə fonduna daxil olan ərazilərin icarə qaydaları haqda sərəncamınaziddir.
“Biz ağacların qırılmasını müvəqqəti dayandırmağa, bu məsələnin ictimai müzakirələrini təşkil etməyə və lazımi hüquqi prosedurları həyata keçirməyə çağırırıq. Amma bu çağırışların cavabında işlərin tempi daha da sürətlənir”, – “Ecofront” Facebook səhifəsində yazıb.
Fəallar mümkün iqtisadi ziyanı da xatırladıblar. Azərbaycan fəal şəkildə fındıq ixrac edir və “Ecofront” hesab edir ki, əgər Azərbaycanda qoz-fındıq meşələrin qırılması hesabına yetişdiriləcəksə, bu, ölkənin imicinə xələl gətirəcək və dünyada bizim məhsula olan tələbat azalacaq.
Yerli sakinlər: “Bizi dolanışıqdan məhrum edirlər”
Şəki rayonunun Bideyiz kənd sakinləri də meşələrin məhv edilməsindən narazıdır. Bu kəndin ətrafında 300 hektardan çox ərazidə kolluq və meşəlik kürünüb.
“Bizdən biri öz ehtiyacı üçün meşədə bir ağac qırsa, bizə nə boyda cərimə yazırlar. Burda isə hansısa dəllallar hektarlarla meşəni qırırlar, heç kim də narahat olmur”, – pensiyaçı Şaban Osmanov deyir.
“Bir tərəfdən televizorda bütün günü yaşıllaşdırmadan danışırlar, o biri tərəfdən də bizim gözəl qədim meşələri qırırlar. Üstəlik də bu torpaqlarda bizim mal-qaramız otlayır. Bizim üçün isə maldarlıq əsas dolanışıq vasitəsidir”, – həmin kəndin başqa sakini Cavid İsmayılov əlavə edir.
Nazirlik: “Hər şey insanların rifahı üçündür”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Ağaqardaş Qaraşov bildiribki, ağacların qırılması yalnız xoş niyyətlə həyata keçirilir:
“Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib. Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır”.
Bundan başqa, onun sözlərinə görə, “nazirlik meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”.