Azərbaycanda son 10 ildə diabet xəstələrinin sayı 3 dəfə artıb
Azərbaycanda diabet xəstələri
“Pulum qurtarmışdı deyə məcburən dövlət xəstəxanasına getdim. Hər getdiyimdə də peşman oluram”.
Zaur Əliyev şəkərli diabet xəstəsidir. O deyir ki, iki il əvvəl səhhətində nasazlıq hiss etdiyi zaman müayinə üçün getdiyi üç dövlət xəstəxanasında həkimlər ona dəqiq diaqnoz qoya bilməyib. Özəl klinikaların birində müayinə olunmaq məcburiyyətində qalıb və ona şəkərli diabet diaqnozu qoyulub.
- Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
- Azərbaycanda erkən nikahlar – problem dərinləşirmi?
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
Dediyinə görə, bundan sonra dövlət xəstəxanalarına olan etibarını itirib. İki ilə yaxın şəxsi vəsaiti hesabına müalicə alıb və bu müddət ərzində dövlət xəstəxanasına ayaq basmayıb. Amma 2023-cü ilin noyabr ayında yolu yenə də dövlət poliklinikasından düşüb:
“Küçənin ortasında halım birdən pisləşdi. Şəkərin qalxdığını təxmin edirdim, amma ürəyim də bir tərəfdən sancmağa başlamışdı. İki ildir öz puluma müalicə alıram, o da ki, mənə lazım olan dərmanlar aptekdə od qiymətinə. Şəkər xəstələri üçün marketdə adicə qəndin kilosu 4-5 manatdan başlayır. Qısası, pul çatdırmaq olmurdu. Mən də məcbur qalıb evimizə yaxın 16 saylı poliklinikaya getdim”
Həmin gün poliklinikaya gedəndə məlum olub ki, onun sənədlərini itiriblər:
“Eləcə dedilər “itib, yoxdur”. Sanki, sovet dövründə ilişib qalıblar. Elektron sistem mövcud deyil. Mənim sənədimi itiriblər deyə nə şəkər xəstəsi kimi qeydiyyata almadılar, nə də ki, tibbi müayinədən keçirmədilər. Gərək ya hay-həşir salasan ki, mən müəlliməm, aliməm, ya da rüşvət verəsən ondan sonra baxalar. Onu da eləməyi özümə sığışdırmadım. Axırda yenə borc-xərc özəl klinikaya gedəsi oldum”, – o deyir.
“Arada dərmanlar keyfiyyətsiz olur, yaxşı təsir eləmir”
75 yaşlı pensiyaçı müəllimə Gülgəz Həsənova isə şəkər xəstədi kimi çox rahatlıqla poliklinikada qeydiyyata düşdüyünü deyir. Hazırda o, insulindən asılı diabet xəstəsidir. Dediyinə görə, insulinlə də təmin olunur.
“Düzdür, qeydiyyata düşəndə bir az sənəd toplamaq lazım gəldi. Dispanserə getdim, orada diaqnoz qoyuldu, sənəd verildi, həmin sənəd əsasında öz poliklinikamızda qeydiyyata düşdüm. Qlükometrlə təmin olunmuşam, test çubuqları, iynə, insullin də verirlər hər ay. Amma elə olur ki, insulin ay sonuna qədər çatmır, ya da keyfiyyəti yaxşı olmur, təsiri az olur, onda özüm pulla alıram.
Əlbəttə, daha keyfiyyətli dərman versələr daha yaxşı olardı. Amma xüsusi narazılığım yoxdur”, – Gülgəz Həsənova deyir.
10 ildə şəkər xəstələrinin sayı təxminən 3 dəfə artıb
Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda hazırda qeydiyyatda olan şəkər in sayı 320 mindən çoxdur. Bu rəqəm 2010-cu ildə 120 min təşkil edib. Belə çıxır ki, son 10 ildə şəkər xəstələrinin sayı 3 dəfəyə yaxın artıb.
Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda hazırda qeydiyyatda olan şəkər in sayı 320 mindən çoxdur. Bu rəqəm 2010-cu ildə 120 min təşkil edib. Belə çıxır ki, son 10 ildə şəkər xəstələrinin sayı 3 dəfəyə yaxın artıb.
Müxtəlif araşdırmalara görə, dünya ölkələrində də şəkərli diabet xəstələrinin sayı artır, ancaq artım sürəti Azərbaycandakı qədər deyil. Dünya Diabet Federasiyasının məlumatına görə, 2011-ci ildə Gürcüstanda hər 1000 nəfərə 104 diabet xəstəsi düşürdüsə, bu rəqəm Azərbaycanda 167 idi. Amma 2021-ci ildə bu rəqəm Azərbaycanda 397.1, Gürcüstanda 190.6 təşkil edib.
Federasiyanın 2045-ci ilə olan təxminlərinə görə Azərbaycanda bu rəqəm 573-ə qalxacaq, amma Gürcüstanda 179.1 təşkil edəcək. Bunun da şəkərli diabetlə mübarizə üçün dövlətin ayırdığı maliyyənin həcmi ilə bağlı olduğu deyilir.
Dünya Diabet Federasiyasının təqdim etdiyi məlumata görə, Azərbaycan və Gürcüstanın şəkərli diabetlə mübarizə üçün xərclədiyi vəsait çox cüzi fərqlənir, baxmayaraq ki, birincinin əhalisi ikincidən təxminən 3 dəfə çoxdur. Əhalisi təxminən Azərbaycanla eyni olan İsraildə isə şəkərli diabetlə mübarizəyə ayrılan vəsait Azərbaycandan 2 dəfə çoxdur.
2024-cü ildə şəkər xəstələrinin müalicəsinə 58,3 milyon manat ayrılacaq
2024-cü ildə şəkər xəstələrinin müalicəsinə 58,3 milyon manat ayrılacaq
“Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Dövlət Proqramına əsasən, şəkərli diabet xəstələrinin illik tibbi yardım, zəruri müayinələr, insulin və digər şəkərsalıcı dərman preparatları ilə təmin edilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Buna görə də hər il dövlət büdcəsindən şəkərli diabet xəstələrinin sayına uyğun olaraq vəsait ayrılır.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il eyni məqsədlə 53 milyon manat ayrıldığını nəzərə alsaq, 5,3 milyon manat və ya 10 faiz artım deməkdir. 2018-ci ildə isə bu rəqəm 36 milyon manat olub.
Statistikadan da göründüyü kimi şəkərli diabet xəstələri üçün büdcədən ayrılan vəsaitin həcmi ildən-ilə artır. Amma Azərbaycan hələ də dünyada qəbul olunmuş standartlardan geri qalır.
Deputat: “Büdcənin artırılmasına ehtiyac var”
Deputat: “Büdcənin artırılmasına ehtiyac var”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Modern.az-a açıqlamasında şəkərli diabetin sadə xəstəlik olmadığını deyib.
“Şəkər xəstəliyinin müxləlif ağır fəsadları var ki, onlardan ən böyüyü ürək-damar, qan dövranı sistemi xəstəlikləridir və bunların başında infarktlar, sonra isə insultlar, böyrək xəstəlikləri gəlir, bu xəstəliklər bəzən ayaq amputasiyalarına qədər gedir.
Bu fəsadlarla mübarizə üçün ölkəmizdə icbari tibbi sığorta kifayət qədər vəsait xərcləyir. Bu vəsaitlər ana xəstəliklə mübarizə effektiv şəkildə aparılmadığı müddətcə daha da artacaq. Ona görə birmənalı olaraq ana xəstəliklə mübarizə, yəni şəkər xəstəliyinin qarşısının alınması və ya vaxtında müalicəsinin düzgün şəkildə aparılması üçün lazım olan proqramın maliyyə gücünün artırılması lazımdır.
Həm dünyada yeni sinif dərmanların qiymətinin əvvəlkilərdən yüksək olması, eləcə də ölkəmizdə şəkər xəstələrinin son 10 ildə dəfələrlə artması səbəbindən büdcənin artırılmasına ehtiyac var”, – deputat vurğulayıb.
“Büdcə hesablananda xəstələrin sayı nəzərə alınır, ağırlaşmalar isə yox”
“Büdcə hesablananda xəstələrin sayı nəzərə alınır, ağırlaşmalar isə yox”
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru, tibb üzrə elmlər doktoru, həkim-cərrah Adil Qeybulla da şəkərli diabet xəstələri üçün ayrılan vəsaiti yetərli hesab etmir:
“Büdcə hesablananda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayına uyğun ümumiləşdirilmiş bir rəqəm çıxarılır. Amma nəzərə alınmalıdır ki, şəkərli diabet xəstələri ağırlaşa bilirlər. Bu ağırlaşmalar əmək qabiliyyətinin itirilməsinə (əlilliyə) belə gətirib çıxarır. Bu da o deməkdir ki, xəstələrin əlavə müalicəyə və müayinəyə ehtiyacı yaranır və ayrılan vəsait bunları ödəməyə bəs etmir. Yaxşı olardı ki, bu kimi hallarda əlavə tibbi xidmətin icbari tibbi sığorta ilə başa gəlməsi təmin edilsin”,– deyə o bildirir.
Adil Qeybullanın sözlərinə görə, büdcənin yetərsizliyi özünü dərman çatışmazlığında da göstərir. Həkimin müşahidəsinə əsasən xəstələr zaman-zaman şəkər təzyiqini normada saxlamaq üçün lazımı dərman preparatlarının azlığından şikayətçi olurlar:
“Bu kimi problemlər həll olnumadıqca şəkərli diabet xəstələrinin ağırlaşmaları artır, bu isə dövlət büdcəsi üçün hər il əlavə yük deməkdir.” – deyə Adil Qeybulla bildirir.