Azərbaycanda transgenderlərə qarşı fiziki zorakılığa çağırış edildi
Azərbaycanda trans qadın yandırılaraq qətlə yetirilib. Bundan sonra transgenderlər etiraz aksiyası keçirib və buna cavab olaraq tanınmış bloqer canlı yayımda onların fiziki zorakılığa məruz qoyulmasına çağırış edib.
Baş verənlər barədə ətraflı məlumat, hüquq-mühafizə orqanlarının münasibəti, hüquqşünas və LGBTQİ+ fəalının rəyləri.
- «Boynumdan tutdu və yumruqlamağa başladı» – Azərbaycanda LGBT fərdlərinə hücumlar artır
- Bakıda LGBT cütlüyünün real həyatı – VİDEO
- Avropanın ən homofob ölkəsi, yoxsa “bizdə onlara heç kim toxunmur”? LGBT sorğusunun nəticələri
Nə baş verib?
Avqustun 22-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində transgender qadın əli-qolu bağlanmış halda yandırılaraq qətlə yetirilib. Meyit yerli sakinlər tərəfindən aşkarlanıb.
Daha sonra yandırılmış şəxsin kimliyi məlum olub. DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov dərhal cinayət işi başlanıldığını bildirib:
“Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, öldürülən şəxs Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyevdir. Onu avqustun 18-də bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini Mirşahid Mehdiyev şübhəli şəxs qismində tutulub”.
Rəsmi məlumatda adı keçən “Əhəd Nuriyev”in transgender olduğu və Nuray adı ilə tanındığı məlum olub.
Hadisədən bir müddət öncə Nuray rəfiqəsinin ad günündə gəlinlik paltarında çəkdirdiyi video ilə gündəmə gəlmişdi.
Etiraz aksiyası
Nurayın qətlə yetiriılməsi ilə bağlı məlumatların yayılmasından bir gün sonra, avqustun 24-də transgenderlər Ombudsman Aparatının önündə aksiya keçiriblər.
Onlar insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva ilə görüşmək istədiklərini bildiriblər. Lakin etiraz aksiyasının iştirakçılarını qəbul edən olmayıb.
Transgenderlərə qarşı zorakılığa çağırış
Sentyabrın 1-i axşam saatlarında homofob çıxışları ilə tanınan bloqer Sevinc Hüseynova özünün sosial şəbəkə səhifəsində canlı yayımda transgenderlərin fiziki məhvinə çağırış edib.
Adını çəkmədiyi transgenderə müraciət edərək, S.Hüseynova canlı yayımda deyib:
“Sən də o öldürülən trans kimi öləcəksən. Bu da mənim sənə ismarıcım olsun.
Ay translar, ay digər üzdəniraqlar, həddinizi bilin. Həddinizi aşmayın, mən şəxsən sizə xəbərdarlıq edirəm. Hələ ki, öz adımdan danışıram. Mənim qarşıma çıxsanız, sizi məhv etmək üçün əlimdən gələni edəcəyəm.
Mən buradan bütün kişilərimizə, qardaşlarıma, elə mənim kimi qızlara müraciət edirəm. Bunları harada gördünüz, çırpın”.
Çağırışa DİN-dən münasibət
JAMnews bloqer Sevinc Hüseynovanın transgenderlərin fiziki məhvi ilə bağlı çağırışına hüquq-mühafizə orqanlarının münasibətini öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
DİN mətbuat katibi Elşad Hacıyev bildirib ki, həmin videodan xəbəri var və məsələ ilə bağlı şikayətlər araşdırılacaq.
Qeyd edək ki, sentyabrın 2-də axşam saatlarına yaxın Sevinc Hüseynova “İnstagram”dakı səhifəsini bağlayıb.
Hüquqşünasın şərhi
Hüquqşünas Səməd Rəhimli JAMnews-a müsahibsində bildirib ki, nifrət nitqi Azərbaycanda kriminallaşdırılıb:
“Nifrət nitqinə yol verən şəxslər inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə, yaxud 1 ayadək inzibati həbs tətbiq edilir”.
Hüquqşünasın sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunda internet informasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın siyahısı da müəyyən edilib. Zorakılığın təbliği də bu siyahıya daxildir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələrindən istifadə etməklə milli, dini, irqi və ya sosial nifrət və düşmənçiliyin qızışdırılmasına görə 8.000 manatdan 12.000 manatadək cərimə, 2 ilədək islah işləri və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulub.
“Bu əməllər zor tətbiq etməklə, yaxud zor tətbiq etmək hədəsi ilə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – hüquqşünas bildirib.
“Sevinc Hüseynova qanuni şəkildə cəzalandırılmalıdır”
LGBTQI+ fəalı Lili Nazarovun fikrincə, transgender qadınlar Azərbaycanda konservativ cəmiyyətin stereotiplərini qırırlar.
“Qadın olmaq Azərbaycanda aşağı mərtəbə kimi görülür. Azərbaycanda trans qadınlara heç bir yerdə iş verilmədiyi üçün onlar seksual xidmətlər göstərməyə məcbur olurlar. Buna görə də, təzyiqə məruz qalırlar.
Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətindən də transgenderlərə qarşı çoxlu təhdidlər var. Bizdə olan LGBTQI+ fəalları və təşkilatlarının fəaliyyəti də davamlı şəkildə qınağa məruz qalır. Bu mövzu kifayət qədər işıqlandırılmır. Buna görə də, transgenderlərin təhlükəsizliyi üçün hər hansı addım atılmır.
Dövlət də trans icmaya qarşı repressiyalar törədir. Onları fiziki və psixoloji zorakılıqla hədələyirlər”, – L.Nazarov JAMnews-a müsahibəsində bildirib.
Nazarov bildirir ki, Sevinc Hüseynovanın çıxışları tamamilə qanunsuzdur və nifrət cinayətlərinə birbaşa çağırışdır.
“Trans qadın Nurayın öldürülməsində birbaşa Sevinc Hüseynovanın günahkar olduğunu düşünürəm. Nurayın videosu ictimai şəkildə qınanılmışdı və yayılmışdı. Daha sonra Sevincin reaksiya videosu çəkməsi və canlı yayımda açıq çağırış etməsi amansızca qətlə yetirilməsinə səbəb olub. Təəssüf ki, dövlət orqanları bu barədə heç bir tədbir görmür. Buna görə də, daha viral olmağa doğru gedir. Düşünürəm ki, Sevinc qanuni şəkildə cəzalandırılmalıdır”, – deyə, L.Nazarov fikrini tamamlayıb.