Operativ qərargahın verdiyi qərara görə, avqustun 5-dən etibarən insanlar çimərliyə gedə bilərlər, bunun üçün xüsusi cimerlik.az saytı istifadəyə verilib. Çimərliklər səhər saat 8-dən axşam saat 9-a qədər xidmət göstərəcək, sayta daxil olmaqla hansı çimərlikdə sıxlıq, yaxud boş yer olması barədə məlumat almaq mümkündür.
Çimərliyə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur. İnsanlar yalnız saytda qeyd olunan çimərliklərə gedə bilərlər, səbəb isə həmin çimərliklərdə xüsusi nəzarət və dezinfeksiya tədbirlərinin görülməsidir. Təyin olunmuş çimərliklərin giriş-çıxışında dezinfeksiya məhlulları quraşdırılıb, çimərliyə gələn hər bir şəxs girişdə və çıxışda bunlardan mütləq istifadə etməlidir.
Çimərliklərdə nəzarətçilər səsgücləndiricilər vasitəsilə sakinlərə tələblər barədə məlumat verəcəklər. Saytda yer almayan çimərliklərə gedənlər fərdi məsuliyyət daşıyacaq.
Qeyd edək ki, saytın fəaliyyəti yalnız Azərbaycan dilindədir.
Karantin rejiminin avqustun 31-nə qədər uzadılması, bir çox iş yerlərinin hələ də bağlı qalması, qadağalar arasında yalnız sms icazənin aradan qalxması və yalnız çimərliklərə getməyə icazənin verilməsi insanlar arasında narazılığa səbəb olub.
Həftə sonları ictimai nəqliyyatın işləməməsi, lakin çimərliklərin açıq olması da sosial şəbəkədə müzakirə edilib.
Bəzi şərhləri diqqətinizə çatdırırıq:
“Əsas məsələ dənizdir, iş yerləriniz açılmayıb, acsız? Həlli var, gedək dənizə, qum yeyib, dəniz suyu içək”.
“Həftəsonu avtobuslar işləmir, amma çimərliklər işləyir, bəs necə gedəcəyik, bilən var?”
“Yay bitdi, çimərliyi indi açırlar, iş yerlərini açsınlar, millət işləmək istəyir”.