Azərbaycanda baş konsulluq Rusiyanın nəyinə lazımdır? Bakıdan şərh
Azərbaycanda Rusiya konsulluğu
Rusiya Azərbaycanda baş konsulluq açmaq niyyətindədir. Bu barədə Rusiya parlamenti rəhbərliyinin azərbaycanlı həmkarları ilə görüşündə bildirilib. Siyasi icmalçı Elxan Şahinoğlunun fikrincə, Bakı sərt şərt qoymalıdır – sülhməramlıların çıxarılması müqabilində baş konsulluq. Digər analitik isə əmindir ki, Rusiyanın Azərbaycanda baş konsulluğuna xüsusi ehtiyac yoxdur.
- ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
- Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
- Ruben Vardanyan Qarabağı tərk edib? Bakıdan şərh
RF Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Moskvada keçirilən görüşündə bildirib ki, Rusiyanın Azərbaycanda baş konsulluğunun açılması iki ölkə arasında müttəfiqliyin yaxşı nümunəsi olacaq.
Hazırda Bakıda Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi fəaliyyət göstərir. Ölkədə Rusiyanın başqa diplomatik nümayəndəlikləri yoxdur.
“Ancaq sülhməramlıların çıxarılması müqabilində”
Politoloq, “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Matviyenko sözdə əməkdaşlığı gücləndirmək üçün Azərbaycandan baş konsulluq açmaq üçün icazə istəyib:
“Sahibə Qafarova Valentina Matviyenkodan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. O da ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, Rusiyanı Qərblə əvəz etməyə çalışan Yerevanı bu sözlərlə xəbərdar edib: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir.
Kreml bu dəfə Vyaçeslav Volodinin vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərib. Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur”.
Politoloq qeyd edib ki, buna baxmayaraq, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi ciddi araşdırılmalıdır:
“Böyük ehtimalla Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir.
Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu bizə dərs olub. Ona görə tələsmək lazım deyil.
Kreml Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. Bu Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir.
Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılmasıyla bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsilə əlaqləndirmək lazımdır”.
“Baş konsulluğa ehtiyac yoxdur”
Siyasi icmalşı Hacı Namazovun fikrincə, Rusiyanın Azərbaycandakı Baş Konsulluğuna praktiki olaraq ehtiyac yoxdur:
“Azərbaycanla Rusiya arasında vizasız rejim var və belə görünür ki, onsuz da heç kim Rusiyanın Bakıdakı səfirliyinə viza üçün müraciət etmir.
Amma Azərbaycanda olan Rusiya Federasiyası vətəndaşlarının birdən-birə lazım ola biləcəyi digər sənədlər haqqında düşünsəniz, bizim ölkə o qədər də böyük deyil. Gəncədən 3-4 saata Bakıya gəlib bütün məsələləri eyni səfirlikdə həll edə bilərsiniz.
Bəli, Azərbaycanın Yekaterinburqda baş konsulluğu var. Çünki Sibirdə yüz minlərlə azərbaycanlı yaşayır və işləyir, konsulluq olmasa, elementar bürokratik problemləri həll etmək üçün Moskvaya uçmalı olacaqlar ki, Azərbaycana uçub problemlərini evdə həll etmək onlar üçün daha rahat olar. Mən nə demək istəyirəm? Rusiya ərazisinə görə nəhəng ölkədir və orada baş konsulluğun olması özünü doğruldur. Bəs Moskvanın Azərbaycanda baş konsulluğu nəyə lazımdır?
Diplomatik nümayəndəliklərdə çalışanların əksəriyyətinin təkcə diplomatik işlə məşğul olmadığı haqda düşünmək olar. Bu hamıya məlumdur. Amma Rusiya istəsə, bu cür mürəkkəb üsullar olmadan agent şəbəkəsini Azərbaycana gətirə bilər. Xoşbəxtlikdən, ölkəmizdə onlarla Rusiya təşkilatı və şirkəti çalışır. Yəni bu da bəhanə deyil.
Başqa nə qalır? Sadəcə imic və təmsilçilik məsələsidir. Məncə, bu, nə Moskva, nə də Bakı üçün birinci dərəcəli əhəmiyyət kəsb etmir”.