Azərbaycanda banklara olan borcları kim tələb edir və onlar qanunları necə pozur?
Problemli borclarını geri qaytarmaq üçün Azərbaycan bankları hələ də kollektor şirkətləri ilə müqavilələr imzalayır. Halbuki bu fəaliyyət qanun pozuntusudur. Vəkilin fikrincə, bununla maliyyə-kredit təşkilatları bank sirrini pozurlar. Bəs banklar bu vəziyyətdən necə çıxır və əhali kollektorlardan özünü necə qorumalıdır?
- Belarus hakimiyyəti beynəlxalq reysi Minskdə endirərək müxalifətçini həbs edib
- “Normal həyat” əvvəlki kimi olmayacaq – Azərbaycanda karantin qaydaları yumşalacaq
- Ermənistan yeni gizli sənəd imzalamağa hazırlaşır: bu haqda nə məlumdur?
1 milyard manata yaxın problemli borc
2021-ci ilin 1 aprel tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 918,2 milyon manat [540,1 milyon dollar] təşkil edib.
Azərbaycan Mərkəzi Bankınının məlumatına görə, bir ay ərzində problemli kreditlərin həcmi 0,1% artıb.
Problemli kreditlər 2021-ci ilin əvvəlinə nisbətən 2,8% artıb, lakin son bir ildə 32,9% azalıb.
“Dövlət problemli kreditlər məsələsini həll edib”
İqtisadçı ekspert Əli Əhmədovun JAMnews-a verdiyi açıqlamaya görə, 2019-cu ildə ölkə prezidentinin imzaladığı fərmanla, əslində, problemli kreditlərlə bağlı əksər məsələlər həllini tapıb.
“Həmin fərmanla 2015-ci ilin devalvasiyasına qədər olan borcların əksər hissəsi silinib, digər hissəsi isə restrukturizasiya edilib. Bununla da, banklara borcu olan əhalinin böyük hissəsinin problemləri çözülüb”, – ekspert deyib.
Onun sözlərinə görə, hazırda problemli kreditlərin əsas həcmi biznes kreditlərinə aiddir və bunun yığılmasında həqiqətən ciddi problemlər var.
Bank kollektor axtarır?
Bu günlərdə mətbuatda kredit təşkilatlarından birinin iş elanı diqqəti cəlb edib. Həmin qurum Azərbaycanın regionlarında borcların toplanması üzrə əməkdaş axtardığını elan edib.
Maraqlıdır ki, əməkhaqqı qismində potensial işçiyə topladığı pulun müəyyən faizinin veriləcəyi bildirilir.
“Xidmət haqqına ilk üç ay yığımın 5%-i, üç aydan sonra 20%-i daxildir”, – elanda deyilir.
Vəkil Əkrəm Həsənovun fikrincə, sözün əsl mənasında bank özünə kollektor fəaliyyəti ilə məşğul olacaq adam axtarır.
Hansı qanun pozulur?
“Bu elana baxsaq, gələcək əməkdaş maaş əvəzinə topladığı pulun bir hissəsini alacaq. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır. Əmək müqaviləsi bağlanmadan hər hansı fiziki şəxsi işə götürməklə kredit təşkilatı qanunu pozur”, – deyə, vəkil JAMnews-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu yolla banklar və digər kredit təşkilatları bir növ qanundan yan keçməyə çalışırlar:
“Banklar haqqında” qanunun tələblərinə görə, bank sirrinin üçüncü şəxsə ötürülməsi qadağandır. Yəni banklar kollektor şirkətləri ilə müqavilə bağlayaraq, borclular haqqında məlumatları onlara ötürə bilməzlər. Bu səbəbdən, banklar öz əməkdaşlarının vasitəsilə həmin problemi həll etməyə can atırlar”.
Kollektorların fəaliyyəti qadağan olunsa da…
Azərbaycanda problemli kreditlər məsələsinin həlli ilə bağlı prezident fərmanından və “Banklar haqqında” qanuna edilən dəyişikliklərdən sonra bir sıra kollektor şirkətləri fəaliyyətini dayandırıb. Lakin ölkənin ən böyük kollektor agentliyi sayılan BOA hələ də işləyir.
JAMnews-un əməkdaşının zənginə cavab verən agentlik əməkdaşı bildirib ki, onlar fəaliyyət göstərirlər və müqavilə bağladıqları istənilən bank və kredit təşkilatının müştərilərindən borcların tələb olunması ilə məşğuldurlar.
Jurnalistin “Sizin bu fəaliyyətiniz bank sirrinin pozulması deyilmi?” sualından sonra agentliyin əməkdaşı bir müddətdən sonra cavabı dəqiqləşdirib zəng edəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.
“Özlərini dövlət idarəsinin işçisi kimi təqdim edirlər”
Vəkil Əkrəm Həsənov deyir ki, kollektorların fəaliyyəti bilavasitə qanunun pozulması ilə bağlı olduğundan, onların işində müxtəlif dələduzluq elementlərinə də rast gəlinir:
“Məsələn, zəng edərək, özlərini uydurma dövlət idarəsinin işçisi kimi təqdim edirlər, bununla da müştəri ilə söhbətdə daha etibarlı görünməyə çalışırlar. Əslində isə, istənilən müştəri məhkəməyə müraciət edərək, bankı bank sirrinin pozulmasında ittiham edə bilər”.
Ə.Həsənovun fikrincə, kollektorların fəaliyyəti tamamilə qanunsuzdur, çünki başqa heç bir yolla onlar legitimlik qazana bilmirlər:
“Əvvəllər kollektorlar guya məhkəmədə bankları təmsil edən şəxs kimi müqavilə imzalayıb, borcları tələb edirdilər. Lakin vəkillərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra bu da mümkün olmadı. Hər hansı bankı və ya başqa bir qurumu məhkəmədə yalnız vəkillər təmsil edə bilər”.
Vətəndaşlar nə etməlidir?
“Bank tərəfindən yox, istənilən digər şəxs və ya şirkət tərəfindən vətəndaşdan banka olan borcu tələb edilirsə, o, tərəddüd etmədən məhkəməyə müraciət etməlidir. Çünki burada bütün qanunlar vətəndaşın tərəfindədir”, – deyə, Əkrəm Həsənov bildirib.
“Bəs niyə hüquq-mühafizə orqanları kollektorlarla bağlı vaxtında tədbir görmür?” sualımızı isə vəkil belə cavablandırıb: “Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki kollektorlar əksəriyyət etibarilə keçmiş hüquq-mühafizə sistemi işçiləridir və onların fəaliyyətinə bir növ göz yumulur, lakin məhkəmədə bu mümkün olmur”.