Koronavirusla mübarizədə Azərbaycan xəstəxanalarında təkcə çarpayı çatışmazlığı deyil, eyni zamanda həkim çatışmazlığı var. Pandemiya Azərbaycanda aşkarlanandan bu günə qədər virusla mübarizə aparan həkimlərdən təxminən 30 nəfəri elə bu virusa yoluxaraq həyatlarını itiriblər. Buna görə Operativ Qərargah iyul ayında Azərbaycana Rusiya və Kubadan virusla mübarizə aparmaq üçün ixtsaslaşmış həkimlər gətirib. Ölkədə həm də qeyri-ixtsas həkimləri virusla mübarizəyə cəlb olunublar.
Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl Facebook səhifəsində koronavirusdan ölən həkimlərin adlarını açıqlayıb. Siyahıda 24 nəfərin adı var. Bu siyahı açıqlanandan sonra daha bir neçə həkimin koronavirusdan öldüyü barədə xəbərlər yayılıb.