Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü tanıyırlar – Vladimir Zelenski Bakıda deyib
Bakıya səfəri zamanı Vladimir Zelenski Azərbaycana “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi üçün” minnətdarlığını bildirib, İlham Əliyev isə bu mövzu ilə bağlı danışmayıb. Ukrayna və Azərbaycan prezidentlərinin görüşü dekabrın 7-də Bakıda baş tutub. Bu, Vladimir Zelenskinin prezident seçildikdən sonra Bakıya ilk rəsmi səfəridir.
• Azərbaycan-Rusiya münasibətlərində bal ayı
• Ukrayna təmiz səhifədən başlayır?
Görüşün yekunları: sağ olun və əməkdaşlıq edəcəyik
«Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi üçün Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik. Xahiş edirəm, biləsiniz ki, biz də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik», – President.az saytı Zelenskinin Əliyevlə təkbətək görüşündə dediyi sözləri sitat gətirir.
Bununla belə, Əliyev Ukraynanın ərazi bütövlüyü məsələsi ilə bağlı (başqa sözlə, Krım və Donbas üzrə) bu görüşdə heç nə deməyib. Ən azı, açıq mənbələrdə onun bu fikirləri verilməyib.
Tərəflər razılaşıblar ki, Kiyev Azərbaycan Dövlət Neft Şirkətinə – SOCARa onun Ukrayna neft bazarındakı işində dəstək verəcək və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsini dəstəkləyəcək.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, Ukrayna və Azərbaycan qarşılıqlı aviasiya, avtomobil və dəmiryolu daşınmalarını fəallaşdırmaq niyyətindədirlər və kosmik sahədə, aviasiyada layihələrin gerçəkləşdirilməsində maraqlıdırlar.
«Ümumi bəla», yaxud «Düz elədi ki, susdu»
Zelenski Azərbaycana İlham Əliyevin dəvəti ilə gəlib. Lakin bu görüş ərəfəsində “Atlas” tədqiqat mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ictimaiyyətin diqqətini buna yönəltməyə çalışdı ki, Azərbaycan Ukrayna prezidentinin səfər etdiyi ilk Cənubi Qafqaz ölkəsidir. Şahinoğlunun fikrincə, bu, təsadüf deyil:
«Bunun bir neçə səbəbi var. Birincisi, Ukrayna ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr Gürcüstan və Ermənistanla olduğundan daha fəaldır. Azərbaycanla Ukraynanı həmçinin eyni bəla birləşdirir. Dağlıq Qarabağ və Donbas problemləri arasında əhəmiyyətli fərq yoxdur».
Prezidentlərin görüşündən sonra bir çox sosial şəbəkə istifadəçiləri diqqət yetiriblər ki, İlham Əliyev Krım və Donbasın Rusiya tərəfindən işğalı barədə açıq bəyanat verməyib. Digərləri hesab edirlər ki, o, bunu etməyə borclu da deyildi, çünki Azərbaycan Ukraynanın ərazi bütövlüyünün tanınması üzrə BMT Baş Assambleyasının qətnaməsini imzalayıb. Bu isə kifayət edir, səs-küylü bəyanatlar yalnız Azərbaycanla Rusiyanın münasibətlərini korlaya bilərlər.
Bəzi şərhlər:
«Azərbaycan Krım və Donbasla bağlı susursa, başqa ölkələr Qarabağla əlaqədar susanda inciməsin»;
«Rəsmi Bakı bütün sənədlərdə Krımı Ukrayna ərazisi kimi tanıyır. Başqa nə iradlar ola bilər ki?»;
«Rusiyanın Krımı və Donbası işğal etməsini bəyan etmək qarnının altında yaşadığımız canlı və o qədər də adekvat olmayan əjdahanın quyruğunu tapdalamaq deməkdir».