“Cənubi Qafqaz Trampın planlarına daxildirmi?” Bakıdan baxış
Azərbaycan və “Orta Dəhliz”layihəsi
ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Bakıya səfəri zamanı Cənubi Qafqaz ölkələri ərazisindən keçməklə Mərkəzi Asiyadan dünya bazarlarına malların çatdırılmasının təşkilinin mümkünlüyünü açıqlayıb. Başqa sözlə, “Orta Dəhliz” layihəsinin həyata keçirilməsi məsələsini qaldırıb.
Azərbaycanlı analitiklərin fikrincə, ABŞ-ın daxil olduğu və Rusiyanı ofsaydda qoyan geosiyasi “oyun” Rusiya ilə birbaşa sərhədi olmayan Ermənistan və Türkiyə üçün faydalı görünə bilər. Amma Azərbaycan birbaşa riskə getməli olacaq”.
“Son müzakirələr göstərdi ki, indi bütün hesablamalar Trampın prezidentliyinin mümkün ikinci dövrünü nəzərə almaqla aparılmalıdır. Təcrid olunmuş siyasətin və ABŞ-ın qlobal arenada lider rolundan çəkilməsinin tərəfdarı olan Trampın dövründə Vaşinqton “Orta Dəhliz” layihəsini hansı səviyyədə dəstəkləyəcək? Ümumiyyətlə, dəstəkləyəcəkmi?.. Cənubi Qafqaz Trampın planlarına daxildirmi?..”, – “Şərqə Baxış” qrupunun ekspertləri sual verir.
- Azərbaycan növbəti Avropa strukturu ilə əməkdaşlıqdan imtina edib
- Azərbaycanda parlament seçkiləri ərəfəsində yanacaq və nəqliyyat qiymətləri qalxıb
- Talassemiyalı uşaqların valideynləri niyə dələduzların qurbanına çevrilir?
“Azərbaycan regionda siyasətin dəyişdirilməsində mərkəzi rol oynayıb və bu da sülhün bərqərar olmasına səbəb olub”. Bu bəyanatla Bakıda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen çıxış edib.
O, əmin olduğunu bildirib ki, region ölkələri arasında əməkdaşlıq nəinki təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq, həm də Orta Asiyadan Azərbaycan vasitəsilə, daha sonra isə Gürcüstan və Ermənistan vasitəsilə dünya bazarlarına malların çatdırılmasına imkan verəcək.
Amma “Şərqə Baxış” qrupunun analitiklərinin fikrincə, Azərbaycanın coğrafi mövqeyini və ABŞ-da qarşıdan gələn prezident seçkilərini nəzərə alsaq, hər şey o qədər də hamar və şümal deyil.
“Azərbaycanın qapılarını döymək”
“Ötən həftə Cənubi Qafqazda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn son açıqlamasında deyib ki, Xəzər dənizindən yüklərin Gürcüstan ərazisi vasitəsilə qlobal bazarlara çıxarılması ilə bağlı Azərbaycanın böyük imkanları var.
Amma amerikanlar hesab edir ki, Türkiyəyə, Qara dənizə, Atlantik okeanına, əsasən də Aralıq dənizinə çıxmaq üçün Ermənistandan da keçən ciddi imkanlar mövcuddur. Vaşinqton inanır ki, bunu reallaşdırmaq Ermənistanla Azərbaycan arasında anlaşmadan başlayır.
Artıq amerikanlar Mərkəzi Asiyaya çıxış üçün Azərbaycana dəstək verilməsi və Zəngəzur yolunun reallaşmasından danışırlar. Prosesin bu mərhələyə gələcəyi məlum idi. Coğrafi şərtlər axır-əvvəl məsələ ilə bağlı Azərbaycanın qapısının da döyülməsini labüd edirdi.
Yəni, yeni dövrdə ABŞ-ın Cənubi Qafqaza marağı təkcə Ermənistana yerləşməklə məhdudlaşmır, ümumilikdə regional strategiyası var. Gürcüstanın Rusiyaya yaxınlaşması fonunda, ABŞ Ermənistanı oyuna daxil etməyə çalışır və Rusiyanı kənarda saxlayan Orta Dəhliz kimi tanınan Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bağlantısı Ermənistan üzərindən nəzərdən keçirilir.
NATO-nun ABŞ-da keçiriləcək növbəti sammitinə Ermənistan və Azərbaycanın dəvət edilməsi yeni dövrün ən ciddi siqnalıdır”.
Türkiyə üçün yeni təzyiq rıçaqı
“Amma yeni prosesin bir yanı Ermənistan-Azərbaycan sülh sazişidirsə, digər yanı Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır.
Bu prosesdə ABŞ-ın baxışları Türkiyə ilə üst-üstə düşür. Türklər hesab edir ki, özlərinə sərf edən marşrutla “Orta Dəhliz”i reallaşdırmaq üçün ABŞ-ın siyasi və maliyyə dəstəyinə ehtiyac var.
Eyni zamanda, Türkiyə NATO-nu Mərkəzi Asiyaya çıxarmaqla, Qərb üzərində yeni bir rıçaq yarada biləcəyini düşünür. Təsadüfi deyil ki, bu xüsusda Türkiyə tezliklə Ermənistanla sərhədləri açmaq istəyir”.
Şübhə doğuran məqamlar
Bura kimi hər şey yaxşı görünür. Lakin iki ciddi əmma var.
Birincisi, sözügedən xətt üzrə Rusiya ilə quru sərhədi olan yeganə ölkə Azərbaycandır. Rusiyanı ofsayda salacaq və ABŞ-ın daxil olduğu yeni geosiyasi oyun Türkiyə və Ermənistan kimi Rusiya ilə birbaşa sərhədi olmayan ölkələr üçün sərfəli görünə bilər, amma aşkar riskə getməli olan Azərbaycandır.
Nəzərə alsaq ki, Rusiya Ukrayna cəbhəsində büdrəsə də, hələ yıxılmayıb. Bir sözlə, “yaralı ayı” ilə açıq oyun oynamaq ürəkaçan sonluq vəd etmir.
İkincisi, son debat onu göstərdi ki, bundan sonra bütün hesablamalar ikinci Tramp dövrünə görə aparılmalıdır. Təcridçi siyasət tərəfdarı olan və ABŞ-ı qlobal arenadakı liderlik rolundan geri çəkmək düşüncəsində olan Trampın hakimiyyəti dövründə Vaşinqton Orta Dəhliz layihəsinə hansı səviyyədə dəstək verəcək? Və ya ümumiyyətlə verəcəkmi?… Cənubi Qafqaz Trampın planlarına daxildirmi?..
Aşkar risklərin və açıq sualların olduğu bir vəziyyətdə Azərbaycan atacağı addımları doğru seçməlidir. Ermənistanla sülh müqaviləsi onsuzda əvvəl-axır imzalanmalıdır, bu, qaçılmazdır. Ancaq belə bir sazişin böyük güclərin Cənubi Qafqazdakı toqquşmasının predmetinə çevrilməsi ciddi təhlükədir.
Məncə, ABŞ-dakı seçkilərə kimi gözləmə mövqeyində qalmaq hələ ki, ən optimal variant kimi görünür”.