Azərbaycan və Ermənistan XİN-lərinin “dialoqu”: tərəflərin son bəyanatları
Ermənistan XİN Ceyhun Bayramova cavab verib
Ermənistan XİN Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sərhədlərin demorkasiyasına dair Ermənistan tərəfinin təkliflərilə bağlı bəyanatına cavab verib. Azərbaycanlı nazir Ermənistan hakimiyyətini üçtərəfli işçi qrupun fəaliyyətini pozmaqda günahlandırıb. Onun sözlərinə görə, Ermənistan tərəfi delimitasiya və demarkasiya üzrə komissiyanın fəaliyyətə başlaması üçün ilkin şərtlər irəli sürüb.
Ermənistan XİN bildirib ki, Ermənistan tərəfinin təklifləri arasında heç bir ön şərt yoxdur.
Bayramovun bəyanatının təfərrüatları, Ermənistan XİN-in mətbuat katibinin cavabı, o cümlədən də Bakı və Yerevandan bu bəyanatlara dair şərhlər.
- Laçın dəhlizinə alternativ yolu kim çəkir? Bakıdan şərhlər
- Qarabağa iki saatlıq kim getmək istəyir, kim istəmir və niyə?
- Laçın dəhlizinə alternativ yolu kim çəkir? Bakıdan şərhlər
Bakıdan informasiya
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Ermənistandan gələn təkliflərə reaksiya verib.
“İki həftə əvvəl Ermənistan Rusiyanın vasitəçiliyi ilə delimitasiya prosesinin başlanması ilə bağlı Azərbaycana yeni təkliflər təqdim edib”, – Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı Peter Siyyarto ilə görüşün yekununa həsr olunmuş brifinqdə bildirib.
Amma Ceyhun Bayramov bu təkliflərin təfərrüatlarını açıqlamayıb.
“Bu, prosesin başlanması üçün ilkin şərtlərdir. Azərbaycan tərəfi bir daha öz mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Bizim təklifimiz ondan ibarətdir ki, heç bir ön şərt olmasın”, – o deyib.
Bakıdan şərh
JAMnews Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə danışıqlar ərəfəsində vəziyyəti şərh etməyi politoloq Ramiz Məmmədovdan xahiş edib.
“Əgər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasına dair təkliflər haqda danışsaq, burada bir neçə amili nəzərə almaq lazımdır. Onlar mövcuddur və hazırda onlardan heç yana qaçmaq mümkün deyil.
Birincisi, ölkələr arasında sərhəd sadəcə hər iki tərəfində iki qonşu dövlətin sərhədçilərinin dayandığı divar deyil. Bu, həm də sərhədçilər arasında neytral zolaqdır. Burada ön plana üzərindən sərhədin keçəcəyi yaşayış məntəqələri və təsərrüfatlar çıxır.
SSRİ zamanında bu xətt bir növ virtual idi və düz Azərbaycanla Ermənistan arasındakı sərhəddə evlər, kolxozlar, sovxozlar yerləşirdi. Heç kim düşünmürdü ki, o, məsələn, Azərbaycanda yaşayır, amma Ermənistan ərazisində işləyir. Amma indi başqa zamandır.
Bəli, azərbaycanın belə problemi yoxdur. Ancaq ona görə ki, 30 il müddətində azərbaycanlılar həmin rayonlarda olmayıb. Onlar həmin ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra qovulmuşdular. Ermənilər isə orada yaşayır və işləyirlər. Bilavasitə sərhəddə. Malların sərhədi keçdiyi haqda son xəbərlər və buna bənzər digər şeylər bunu bir daha təsdiqləyir.
Əgər demarkasiya olsa, Ermənistan tərəfi düz sərhədə və ya iki ölkə sərhədçiləri arasında olacaq neytral zonaya düşən bu yaşayış məntəqələri və təsərrüfatları ilə bağlı məsələni həll etməlidir.
Bəli, biz dəfələrlə Avropa İttifaqında iki ölkə arasında sərhədlərin hansısa bardan və ya piyada keçidindən keçdiyini görmüşük. Amma təəssüf ki, bizim reallığımız fərqlidir.
Eyni dərəcədə önəmli olan ikinci məsələ Laçın dəhlizi ilə bağlıdır.
Azərbaycan ərazisində Laçın dəhlizinin girişində kim dayanacaq? Əgər Azərbaycan sərhədçiləri dayanacaqsa, problem görmürəm, beynəlxalq hüquqa görə belə də olmalıdır.
Amma 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir. Bu halda necə olacaq? Axı ölkə öz sərhədlərini bütün perimetri boyunca qorumalıdır.
Belə bir variant ehtimal edək: kimsə Ermənistan tərəfdən Laçın dəhlizinə daxil olur, buradan isə RF sülhməramlılarının olmadığı Azərbaycan ərazisinə keçmək çox asandır.
Belə çıxır ki, Azərbaycam sərhədçiləri Laçın dəhlizinin bütün perimetrini və Qarabağın sülhməramlıların yerləşdiyi hissəsini qorumalıdır? Bu mümkün deyil, çünki Azərbaycan bütün Qarabağı öz ərazisi hesab edir və oradan sərhəd keçə bilməz. Müvafiq olaraq orada sərhədçilər də ola bilməz.
Bax bu məqamlar tərəflər arasında sərhədlərin demarkasiyası üzrə danışıqlar zamanı ən mübahisəli məsələ olacaq. Bu, mənim fikrimdir”, – politoloq qeyd edib.
Yerevandan informasiya
İki həftə əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Rusiya tərəfi vasitəsilə Azərbaycana Ermənistan-Azərbaycan sərhədində vəziyyətin de-eskalasiyası, təhlükəsizlik səviyyəsinin və stabilliyin yüksəldilməsi istiqamətində tədbirlər paketi təqdim olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təklifləri alandan sonra bildirib ki, “demarkasiyanın başlanması məsələsində Yerevanın ön şərtləri” Bakı üçün qəbuledilməzdir. Ermənistandan vurğulanıb ki, heç bir ön şərt yoxdur. Amma iki qurum arasında “dialoq” davam edib.
Azərbaycanın APA informasiya agentliyinə müsahibəsində Ceyhun Bayramov bildirib ki, Ermənistanın “sərhədlərin müəyyən edilməsi prosesi üçün hər hansı şərt irəli sürməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur”.
Ermənistan XİN Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyanatına yenidən cavab verib. Fevralın 4-də Ermənistan XİN mətbuat katibi Vahan Hunanyan “Armenpress” agentliyinin suallarına cavab verərkən bildirib ki, “Ermənistanın təkliflərini “şərt”, “ön şərt” adlandırıb, sonra da buna mənəvi, siyasi, hüquqi qiymət verməyin” Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçi görüşünün yekununa əsasən tərəflərin həyata keçirmək öhdəliyi götürdükləri proseslə heç bir əlaqəsi yoxdur.
Onun sözlərinə görə, 2021-ci il noyabrın 26-da üç ölkə liderinin imzaladığı bəyanatda Ermənistan-Azərbaycan sərhədində stabillik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üzrə addımların atılmasına, demarkasiya və delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması prosesinə başlanmasına dair razılaşma haqda dəqiq deyilib:
“Üç ölkə liderlərinin imzaladığı bəyanata görə, delimitasiya və demarkasiya üzrə komissiyanın fəaliyyətə başlamasından əvvəl Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dair addımlar və onların reallaşdırılması haqda razılaşma əldə edilməlidir. Bu, həm də ona görə məntiqlidir ki, hər gün atəşkəs rejiminin pozulduğu sərhəddə demarkasiya işlərini təsəvvür etmək çətindir. Ermənistan Respublikası razılaşmaların tam həyata keçirilməsində maraqlı olduğu üçün onların reallaşdırılmasına dair öz ideyalarını formalaşdırıb”.
Ermənistan XİN nümayəndəsinin fikrincə, Azərbaycan tərəfi heç bir məzmunlu cavab verməyib, amma təklifləri rədd edib, “əvəzində isə üç ölkə liderlərinin razılaşmalarının reallaşdırılması variantlarını təklif etməyib”.
Üstəlik Azərbaycan XİN rəhbəri Ermənistanı üçtərəfli işçi qrupun fəaliyyətini pozmaqda da günahlandırıb. Bununla əlaqədar olaraq Vahan Hunanyan deyib:
“Əgər regional kommmunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup nəzərdə tutulursa, kuryoz təsadüf nəticəsində elə həmin səhər [Bayramovun bəyanatı səsləndiyi zaman] baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmiryolunun bərpası üzrə praktiki addımlar prosesindədir və işçi qrupun ermənistanlı həmsədri, baş nazirin müavini Mğer Qriqoryan fevralın 2-də Yerevanda rusiyalı həmkarı, baş nazirin müavini Aleksey Overçuk və “Rusiya Dəmiryolları” ASC-nin baş direktoru Oleq Belozerovla bu mövzuda müzakirə aparıb.
Baş nazir Paşinyan vəziyyəti dəyərləndirərək bildirib ki, üçtərəfli işçi qrupun işinin ilk nəticələrinin qeyd olunmasının yaxında olduğu görünür. Bu kontekstdə Azərbaycan XİN rəhbərinin bəyanları ən azı qəribədir və biz ümid edirik ki, bu, Azərbaycanın dəmiryolunun fəaliyyətinin bərpası haqda Brüsseldə əldə edilmiş razılaşmadan imtinası demək deyil”.
XİN mətbuat katibinin sözlərinə görə, Ermənistan əldə edilmiş razılaşmalara sadiqliyini qoruyur. Vahan Hunanyan həmçinin vurğulayıb ki, Ermənistan Azərbaycan tərəfinə avtomobil yollarının açılması ilə bağlı da təkliflər irəli sürüb:
“Hazırda Azərbaycan tərəfindən bu təkliflərə cavab gəlməyib. Ermənistan bu təkliflərin mümkün qədər tez həyata keçirilməsinə hazırdır”.
Yerevandan şərh
Siyasi icmalçı Hakop Badalyan JAMnews-a müsahibəsində vəziyyəti belə şərh edib:
“Bu bəyanatlar son dövrdə müşahidə etdiklərimizi açıq şəkildə təsdiqləyir. Bu, siyasi proseslər səviyyəsində kifayət qədər sərt mövqe mübarizəsidir. Həm Ermənistan, həm Azərbaycan nə şərtlərdə, nə ön şərtlərdə, nə də bir-birinin siyasi yanaşmalarında güzəştlərə getmək istəmirlər. Bu da həmin kontekstdə növbəti təzahürdür.
Əgər konkret demarkasiya prosesinə münasibət haqda danışsaq, burada da Bakının bu prosesi uzatmaqda maraqlı olması görünür.
2020-ci il müharibəsində qalib gəlmiş tərəf olaraq, Azərbaycan qeyri-müəyyən və ya həll edilməmiş siyasi mexanizmlərlə bu müharibədən sonrakı dövrü mümkün qədər uzatmağa çalışır ki, öz statusundan mümkün qədər çox divident qazansın. Bununla yanaşı Azərbaycanın əlindəki erməni hərbi əsirlərin timsalında kozır kartı da oynanılır.
Bununla əlaqədar olaraq Bakı bu siyasi mexanizmlərin çərçivəsinə girməkdə maraqlı deyil və maksimum çalışır ki, demarkasiya və delimitasiya prosesini uzatsın. Aydındır ki, Bakı nəqliyyatın açılması gündəmini də uzatmağa çalışır.
Azərbaycan belə siyasi şərtlər diktə etmək istəyir ki, proses onun üstünlük mövqeyi ilə başlasın, bu siyasi mexanizmlərin hazırlanmasının qiymətini qaldırmağa, müharibədə qalib tərəf olması vəziyyətindən, o cümlədən də hərbi əsirlər amilindən istifadə etməyə çalışır, hələlik güzəştlərə getməyə və onları qaytarmaya bilmir.
Ola bilər ki, Azərbaycan Ukrayna ətrafında baş verənlər sayəsində indi bu imkanı əldə edib. Bütün əsas oyunçular və “iştirakçılar” öz diqqətini bu istiqamətdə cəmləyib. Bakı faktiki olaraq prosesləri uzatmaq üçün müəyyən boşluq əldə edib.
Ötən il noyabr-dekabrda intensiv görüşlər [iki ölkə liderlərinin görüşləri nəzərdə tutulur] oldu, amma bundan sonra, görünür ki, kifayət qədər intensiv fazaya daxil olan proses əhəmiyyətli dərəcədə yavaşlayıb. Düşünürəm ki, bu, o cümlədən də vasitəçilərin diqqətinin Ukrayna istiqamətində cəmlənməsi ilə əlaqədardır. Azərbaycan bu vəziyyətdən prosesi ləngitmək üçün istifadə etməyə çalışır”.