Azərbaycan və Avropa İttifaqı: problem nədədir?
Avropa İttifaqı ilə əməkdaşlıq və ümumilikdə Avropaya inteqrasiya – müstəqil Azərbaycanın liderləri dövlətin bütün mövcudluğu boyunca məhz bu kursu tutduğunu bəyan edir.
Avropa İttifaqı ilə Azərbaycan 2009-cu ildən etibarən “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqramda Avropa İttifaqının altı qonşu ölkəsi birləşir: Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan. Bundan daha əvvəl, 1999-cu ildə isə Azərbaycan Avropa ttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqda saziş imzalayıb.
“Şərq tərəfdaşlığının” məqsədi iştirakçı ölkələrin Avropa iqtisadiyyatına daha intensiv inteqrasiyası və həyatlarının digər aspektlərinin Avropa yaşamına yaxınlaşdırılmasından ibarətdir. Bu ölkələrdən Gürüstan, Moldova və Ukrayna strukturla çərçivə sazişi bağlayıb və bu, onlara Avropa İttifaqı ölkələri ilə vizasız rejimin təmin edilməsinə imkan verib.
Azərbaycan da belə bir saziş bağlamağa hazırlaşırdı, 2016-cı il iyulun 6-da müvafiq sənədləri imzalayaraq bunu bəyan da etmişdi. Bu ilin fevralında ikitərəfli danışıqlar başlamışdı.
Sentyabrın 12-də prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankausun etmadnanəsini qəbul edərkən əməkdaşlığın intensivliyi haqda əminliklə danışırdı.
Amma sentyabrın 22-də xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirdi ki, bu il Avropa İttifaqı ilə saziş imzalanmayacaq.
Yenə də vizalar?
Az əvvəl qonşu Gürcüstanın paytaxtı Tbilisidə Şengen zonası ölkələri ilə vizasın rejimin qəbul olunması təntənə ilə qeyd olunurdu. Bakı sosial şəbəkələri isə qonşulara qarşı açıq qibtə dolu şərhlərlə aşıb-daşırdı; Qurban Səidin populyar romanına çəkilmiş eyni adlı “Əli və Nino” filminin qəhramanlarının da daxil olduğu lətifə Facebook-da dolaşırdı.
Əgər sadə vətəndaşlar üçün Aİ ilə saziş yeni kurort məkanlarına getmək imkanıdırsa, ümumilikdə dövlət üçün bu, həm Avropa ölkələri ilə (Azərbaycanın intensiv ticarət apardığı ölkələrlə) iqtisadi əlaqələrin, həm də siyasi mövqeyin möhkəmləndirilməsi deməkdir.
Avropa İttifaqı “daha əvvəlki deyil”
Bəs niyə sazişin bu il imzalanması mümkün deyil?
“Azərbaycan naminə” ictimai forumunun prezidenti, politoloq Eldar Namazov şərh edir:
“Avropa İttifaqı özü keçid mərhələsini yaşayır. Qurum “Brexit”dən sonra öz daxili problemlərini həll etməlidir. 15-20 il bundan əvvəlki Avropa İttifaqı ilə indiki arasında kifayət qədər böyük fərq var”.
Həqiqətən də Yunanıstan, Portuqaliya və İtaliya defolt həddinə çatandan sonra, Aİ-nin bank sistemi ilə problemlərini və hazırda Kataloniyada baş verənləri nəzərə alsaq, daha Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qırarını demirik, bu qurum artıq 20 il əvvəlki kimi stabillik qalası deyil.
Qarabağ münaqişəsi: nıə bizə, nə sizə
Eldar Namazovun söylədiyi kimi Aİ ilə sazişin imzalanması yolundakı əngəl həm də razılaşma şərtləri ilə Azərbaycanın Qarabağ münaqişəsindəki maraqları arasında yaranan ziddiyyətdir.
“Avropa İttifaqı elə bil ki, Dağlıq Qarabağ məsələsində neytral mövqedən çıxış etmək istəyir. Bunu onunla əsaslandırır ki, Ermənistan da «Şərq Tərəfdaşlığı» Proqramının üzvüdür, onunla da müəyyən bir sənədlər imzalnmalıdır. Əslinə qalsa, belə bir yanaşma BMT-nin Təhülkəsizlik Şurasının qətnamələrinə ziddir. Eyni zamanda Avropa parlamentinin də bir neçə dəfə Dağlıq Qarabağ məsələsi ilə bağlı qətnamələri qəbul olunub. Orda da birbaşa torpaqların işğalı göstərilib. Ancaq nədənsə Avropa Parlamentinin qəbul etdiyi sənədlər Avropa Komissiyası tərəfindən nəzərə alınmır. Çox vaxt ehtiyatlı mövqe tutmağa başlayırlar. Nəticədə isə Rusiyanın təzyiqi altında Ermənistan da Avropa İttifaqı ilə Assosiasiya Sazişinə imza atmaqdan imtina elədi. Hər iki ölkə Assosiasiya Sazişinə qoşulmaqdan məhrum oldu”.
Əvvəlcə insan haqları, sonra vizasız rejim
Azərbaycanın hər hansı Avropa təşkilatına inteqrasiyasının başqa bir ağrılı tərəfi insan haqları ilə bağlı vəziyyətdir.
Azərbaycanda hazırda bu gün 160-dan çox siyasi məhbus var (yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə). Onlardan çoxu Amnesty International tərəfindən vicdan məhbusu olaraq tanınıb, Avropa Məhkəməsi isə onlardan bəzilərinin azad edilməsini dəfələrlə tələb edib, məsələn, İlqar Məmmədovun.
Bütün bunlarla yanaşı sentyabrın ortasında siyasi məhbus siyahısına daxil edilmiş bir neçə nəfərin azad edilməsini çoxları Azərbaycan hakimiyyətinin Brüssel sammiti öncəsi jesti kimi dəyərləndirib. Politoloq Eldar Namazov hesab edir ki, bu, böyük ehtimalla Brüsseldəki sammitlə deyil, həmin günlərdə ABŞ Senatında “Maqnitski aktının” Azərbaycana münasibətdə tətbiq olunması ilə bağlı degən müzakirələrlə bağlıdır:
“Çünki bu sənəd yarımkomitədən keçmişdi, iclasa çıxarılmalıydı. Həmin şəxslərin azad olunması da ABŞ-la münasibətləri normallaşdırmağa yönəlmişdi”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Azərbaycanda insan haqları, demokratikləşmə sahəsində köklü islahatlar həyata keçirilməlidir:
“Siyasi məhbus problemini birdəfəlik həll etmək lazımdır. Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Amerikadan, Avropadan dəstək gözləyiriksə, digər məsələrin həllini sürətləndirmək lazımdır. Çünki siyasi məhbus mövzusu istər-istəməz Dağlıq Qarabağ mövzusunu arxa plana atır”.
Vizasız rejimin tətbiq edilməsi ilə bağlı Tbilisi küçələrində bayram
İkili standartlar və incik məmurlar
Beynəlxalq təşkilatların söz azadlığı və insan haqlarına dair növbəti hesabatına cavab olaraq məmurlar həmişə olduğu kimi Azrbaycana qarşı tətbiq olunan ikili standartlarla bağlı fikirlər səsləndiriblər.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini, deputat Rövşən Rzayev:
“Çox təəssüflər olsun ki, Azərbaycana qarşı ikili standartlar həyata keçirilir. Avropa İttifaqı ilə Azərbaycan müəyyən müqavilə üzərində işləyirlər. Azərbaycan müstəqil dövlətdir. Həm Rusiya ilə strateji münasibətləri var, həm də Avropanın bir sıra dövlətləri ilə öz əlaqələrini quracaq”.
Keçmiş “böyük qardaş”
Azərbaycanın Avropa beynəlxalq təşkilatları ilə əlaqələrin genişlənməsində başqa bir mühüm məqam da var – ölkə regionda nüfuz dairəsi uğrunda mübarizə aparan Qərb və Rusiya arasında manevr etməli olur.
Rusiya yönlü “NovoeVremya” saytı Aİ ilə imzalanması gözlənilən saziş haqda bunları yazır:
“Həm Azərbaycanı, həmdə Ermənistanı “Avropa qonşuluğu” və “Şərq tərəfdaşlığı” proqramlarına cəlb etməklə Brüssel əvvəlcədən təcavüzkarla qurbanı arasında fərq qoymamaq taktikası ilə hərəkət edir. Hər şey də ona görədir ki, bütün bu proqramlar, sazişlər, enerji layihələri bir məqsədlə təşkil edilir: bizim regionda Moskvanın maraqlarına zidd olaraq Qərbin geo-siyasi təsirini artırmaq”.
Politoloq Eldar Namazov bildirir ki, Rusiya keçmiş SSRİ məkanına aid ölkələrin Avropaya inteqrasiyasına həddən artıq qısqanclıqla yanaşır:
“Həm də bunu açıq nümayiş etdirir. Rusiyadan da başqa, nəzərə almaq lazımdır ki, Azərbaycanın geopolitik əhatəsi çox mürəkkəbdir. Azərbaycanı əhatə edən ölkələrə baxanda görürük ki, bir tərəfdən Rusiyadır, bir tərəfdən İran, bir tərəfdən Rusiyanın tam nəzarətində olan Ermənistan. Bizim yalnız Gürcüstanla strateji müttəfiqliyimiz var. Ancaq qalan ölkələrlə kifayət qədər mürəkkıb münasibətlərimiz mövcuddur”.
Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın təsiri Avropa İttifaqı ilə münasibətlərə mane olmayacaq:
“Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Azərbaycan Ermənistan da deyil ki, Rusiyanın təzyiqi altında Avropa İttifaqı ilə əməkdaşlıqdan üz döndərsin. Biz sərbəst şəkildə Avropa İttifaqı ilə əməkdaşlığı intensivləşdirə bilərik. Əgər Azərbaycan NATO ilə əlaqələri intensivləşdirsəydi, Gürcüstan və Ukrayna kimi qarşısına NATO-ya üzvlük hədəfini qoysaydi, bəli, Rusiya tərfdən güclü təzyiqlə üz-üzə qalardı. Amma Avropa İttifaqı iqtisadi bir təşkilatdır, Azərbaycan da iqtisadiyyatını genişləndirmək istəyir. Bu mənada Rusiyadan böyük təzyiq olacağını düşünmürəm”.
Saziş imzalanacaq, ya yox?
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mırhələdə olduğunu deməyə çətinlik çəkdi:
“Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, sərhədlərin toxunulmazlığı öz əksini tapıb.
Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu, yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniildis RİA Novosti agentliyinə bildirib ki, Brüssel Azərbaycanla tərəfdaşlıq haqda sazişin bu il imzalanacağına ümid edir:
“Hələ ümidlər var, lakin biz hələ işləməliyik. Bizim buradakı kimi Brüsseldə də çox zəngin qrafikimiz var”.
Denis Daniildis onu da bildirib ki, Azərbaycan XİN-in mövqeyi Avropa İttifaqının mövqeyinə zidd deyil:
“Bizim üçün də keyfiyyət daha önəmlidir, nəinki sürət”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda “Avropa şəhərciyi” adı altında bir neçə “tanışlıq” aksiyası təşkil edib. Belə aksiyalardan biri sentyabrın 23-də Şəkidə keçirilib. Üstəlik yerli şivə ilə deyilən şüar altında: “Avropa habırda, ağzoozun içindədi”- Avropa şirniyyatlarının yanında boy göstərən Şəki paxlavasının üzərində elə beləcə də yazılıb.
Azərbaycan Avropanın nəyinə lazımdır?
Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan Avropa üçün mühüm xammal mənbəyidir:
“Çünki Azərbaycanın xaricə satdığı əsas mal neft və qazdır. Avropa da nefti də, qazı da alır. Avropa Azərbaycandan, Türkmənistandan, gələcəkdə İrandan da qaz almaqda maraqlıdır. Ona görə də xammal mənbəyi kimi Azərbaycan Avropa üçün müəyyən əhəmiyyət kəsb edir.
Avropaya gəldikdə, ən müasir avtomobillər, elektronika, cihzlar, dəzgahlar, istehsal avadanlığı, istehlak, ərzaq malları, soyuducudan, telefondan tutmuş hər şeyi Avropadan alırıq. Ona görə də hər iki tərəf qarşılıqlı ticarət mübadiləsində maraqlıdırlar. Bir tərəfdən Azərbaycan varlıları gedib Avropada pullarını saxıayırlar, Avropada xərcləyirlər, qəsrlər alırlar, gedib orda istirahət edirlər, müalicə olunurlar.
Bəli, qarşılıqlı ehtiyac var. Ona görə münasibətlər normaldır, inkişaf da gedir, müqaviləni də bağlayacaqlar”.