O bildirib ki, Azərbaycanda çəkilən televiziya serialları maarifləndirici iş aparmalıdırlar. Amma Məhərrəmlinin sözlərinə görə, xarici seriallardan fərqli olaraq, bizdə çox vaxt qanunların və mənəvi-etik normaların pozulması təbliğ olunur.
“Xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyl edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”, – Məhərrəmli deyir.
Məhərrəmli əlavə edib ki, senzuranın tərəfdarı deyil: “Yaradıcılıq işlərinə də biz qarışa bilmirik. Lakin bu o demək deyil ki, bizim səlahiyyətimiz yoxdur. “Televiziya və Radio Yayımı haqqında” qanun var. Bu qanunun maddələri pozulanda təbii ki, biz işə qarışacağıq”.
Televiziya seriallarının istehsalı 2012-ci ildə əlavə güclü impuls alıb, bu vaxt MTRŞ Azərbaycan telekanallarında xarici serialların yayımlanmasına qadağa ilə bağlı qərar qəbul edib. O vaxt Məhərrəmli deyirdi: “Gənc nəslimiz xarici seriallarla tərbiyə olunmamalıdır”.
Sosial şəbəkə istifadəçiləri Məhərrəmlinin bəyanatına skeptik yanaşdılar.
“Maarifçilik funksiyası” ilə bağlı bu söhbətlər özəl kanallara aid edilməməlidir. Hər il büdcədən dövlət və ictimai kanallara milyonlarla manat ayrılır. Qoy onlar da maarifçiliklə məşğul olsunlar. Özəl kanallar isə öz məhsulu ilə qanun çərçivəsində pul qazanmalıdır”, – teleprodüser Murad Hüseynov deyib.
“Maraqlıdır, görəsən “Game of Thrones” və ya “Doctor House” kimi klassik serialların Məhərrəmli kimi senzoru olsaydı, onlar nə hala düşərdilər”, – deyə “Facebook” istifadəçisi sual edir.