13 illik fasilədən sonra Azərbaycanın Suriyadakı səfirliyi yenidən fəaliyyətə başlayıb
Azərbaycan-Suriya diplomatik əlaqələri
Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin fevralın 17-də yaydığı məlumata görə, səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
- Ruben Vardanyan məhkəmənin suallarına cavab verməkdən imtina edib
- Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər? Bakıdan baxış
- “Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü Cənubi Qafqazda xaos yaradır”. Bakıdan baxış
Rəsmi Bakı həmçinin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəklədiyini vurğulayıb.
“Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir”, – deyə nazirliyin məlumatında bildirilir.
Bundan əvvəl fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu göndərib.
“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk”, – deyə məktubda qeyd edilib.
Prezident İlham Əliyev Əhməd əş-Şaraanı Azərbaycana səfərə dəvət edib.
Dəməşqdə Azərbaycan səfirliyi 2012-ci ildə bağlanıb
Suriya ilə Azərbaycan arasında diplomatik münasibətlər ilk dəfə 33 il əvvəl – 1992-ci il martın 28-də qurulub. Bu əlaqələr qurulandan 20 il sonra kəsilib. Ölkənin səfiri və bütün səfirlik əməkdaşları 2012-ci ilin avqustunda Dəməşqi tərk edib.
Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, diplomatik missiyanın ölkəni qeyri-müəyyən müddətə tərk etməsi təhlükəsizlik və Suriyadakı mövcud durumla bağlıdır.
Eyni zamanda Suriyada fərdi şəkildə yaşayan və işləyən 50-dən çox Azərbaycan vətəndaşının da səfirliyin köməyilə bu ölkəni tərk etdiyi bildirilib.
Əlaqələrin bərpasına ötən ilin dekabrından başlanıb
Uzun fasilədən sonra Suriya ilə əlaqələrin bərpası prosesi ötən ilin sonlarından başlayıb. Suriyada Bəşar Əl-Əsəd rejiminin çökməsindən sonra Azərbaycan XİN 2024-cü il dekabrın 10-da bəyanat yayaraq, iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edib.
Həmin il dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə Azərbaycanın “bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu”nu bildirib.
Rəfiyev ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlamasının planlaşdırıldığını da vurğulayıb.
Nazir müavininin Dəməşqə səfərindən sonra dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərib.
“Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə”
Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bildirib.
“Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, – prezident Əliyev deyib.